Azərbaycan ilahi ədaləti bərpa edib - Ekspert
Siyasət

Azərbaycan ilahi ədaləti bərpa edib - Ekspert

Beynəlxalq zəmində hayların qurduğu şou proqram artıq başa çatmaqdadır. Azərbaycanın qətiyyətli duruşu Ermənistanın TIR şousunu da zərərləşdirə bildi. Artıq beynəlxalq media nümayəndələri və attaşelər bölgəyə gələrək saxta blokada iddialarının əsassız olduğunu müşahidə edirlər. Digər tərəfdən, sentyabrın 1-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı vurğulayıb ki, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəkləməkdə davam etdiyi qondarma separatist rejim Ağdam-Xankəndi yolunun açılmasına qərəzli şəkildə imkan vermir və bu yoldan istifadənin qarşısının alınması üçün süni maneə və əngəllər yaradır, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə bu yol ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib.

Qeyd edək ki, avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. 

Məsələ ilə bağlı “Respublika” ya açıqlama verən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirovun sözlərinə görə,  proseslərə nəzər yetirsək, görərik ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində addımlar atır: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinə zərrə qədər olsun, xələl gətirmir. Azərbaycan sadəcə Ermənistanın təxribatçı addımlarına cavablar verir, hiyləgər və məkrli planlarını pozmağa çalışır və eyni zamanda ölkəmiz həm də bu günə qədər bu müddət ərzində Ermənistanla İkinci Qarabağ müharibəsindən sonra imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanat da daxil olmaqla növbəti bəyanatların və digər əldə edilmiş razılaşmaların tələblərindən kənara çıxmır".

Ekspert təəssüf hissi ilə bildirib ki, təbii ki, bəzi dövlətlər Ermənistana bu məsələdə dəstək nümayiş etdirirlər: "Azərbaycana qarşı əli olmayan təxribatlara görə əsassız ittihamlar səsləndirilir. Laçın yolunun blokadada saxlanılması, Xankəndidə saxta “humanitar böhranın” yaradılması məhz bu qəbildəndir. Xankəndidə heç bir humanitar böhrandan söhbət getmir. Laçın yolunda ajiotajın yaradılması, ümumiyyətlə, beynəlxalq ictimaiyyətin diqqətinin Cənubi Qafqaza və Qarabağ regionuna yönləndirilməsi sülhün və təhlükəsizliyin əldə edilməsi üçün atılan praqmatik addımlara kölgə salmağa xidmət edir. Bunlar və zamanında Azərbaycanın ərazilərinin işğal altında saxlanıldığı, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin olduğu dönəmdə, Ermənistana dəstək nümayiş etdirən bəzi dövlətlər və təşkilatlar tərəfindən bütün terror növlərinin törədildiyi bir zamanda biz beynəlxalq ictimaiyyətin bu addımlarının, təşəbbüslərinin şahidi deyildik. Amma hazırkı məqamda Azərbaycan öz tarixi ərazilərini qaytardıqdan, Cənubi Qafqazda siyasi, tarixi və ilahi ədaləti bərpa etdikdən sonra bu istiqamətdə səfərbərliklərin şahidiyik. Təbii ki, bu da ermənipərəst qüvvələrin narahatlığından irəli gəlir”.

Musa BAĞIRLI

“Respublika”.