Azərbaycan Pediatrlar Assosiasiyası dəyirmi masa keçirilib
Səhiyyə

Azərbaycan Pediatrlar Assosiasiyası dəyirmi masa keçirilib

Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayı çərçivəsində dəyirmi masa təşkil olunub. Tədbirdə Səhiyyə Nazirliyi, UNİCEF, TƏBİB, Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutu, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun nümayəndələri iştirak ediblər.

25 iyun Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, giriş sözü ilə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri Təranə Tağı-zadə vurğulayıb ki, ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətin daim diqqət mərkəzindədir: “Ötən müddət ərzində ölkəmizdə bu sahədə bir çox nailiyyətlər əldə edilib. Yaradılan perinatal mərkəzlərin müasir avadanlıqlarla təchizatı yenilənir. Tibb müəssisələrində perinatal xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə həkim-mütəxəssislər təcrübə proqramlarına cəlb edilir”.

Pediatrlar Assosiasiyasının sədri həmçinin ana və uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, eləcə də qurultayın panel iclaslarında dinləniləcək məruzələrin əhəmiyyətindən danışıb.

Digər çıxışçılar regionlarda ana və uşaq sağlamlığının mühafizəsində Ailə sağlamlıq mərkəzlərin (ASM) və perinatal mərkəzlərin əhəmiyyəti, uşaqlara göstərilən tibbi yardımın keyfiyyətində standart və klinik protokolların rolu, nadir xəstəliklər, neonatal skrininq proqramları və beynəlxalq təcrübə kimi məsələlərlə bağlı təqdimatlar ediblər.

“Respublika”.