Qadın platformasının yaradılması təşəbbüsü təqdirəlayiq haldır
Siyasət

Qadın platformasının yaradılması təşəbbüsü təqdirəlayiq haldır

Ümumiyyətlə, Azərbaycanın bir çox sahə üzrə irəli sürdüyü təşəbbüslər BMT tərəfindən dəstəklənib və yüksək qiymətləndirilib. Məsələn, gender bərabərliyi, qadın hüquqlarının qorunması Azərbaycanda xüsusilə diqqət yetirilən məsələlərdəndir. Statistik məlumatlar onu göstərir ki, həqiqətən də qadın hüquqlarının qorunması sahəsində Azərbaycanda ciddi işlər görülməkdədir.

Təbii ki, bəzi neqativ hallar yaşana bilər. Bunların da aradan qaldırılması üçün mühüm addımlar atılır, müəyyən tədbirlər görülür. Amma prinsip etibarilə gender bərabərliyi məsələsi ölkəmizdə xüsusi önəm daşıyır. İstər özəl, istər dövlət sektorunda fəaliyyət göstərən insanlar arasında, vətəndaş cəmiyyətində, dövlətin idarə olunmasında, müxtəlif strukturlarda kişilərlə bərabər artıq qadınlarımız da fəallıq göstərirlər. Eyni zamanda qadınlarımızı aktiv siyasətdə də görə bilərik. Yəni elm, mədəniyyət və digər bu kimi sahələrdə, hətta ordu sıralarında belə qadınların xidmət etməsinə rast gəlirik. Bütün bunlar onu göstərir ki,  artıq cəmiyyətimizdə gender bərabərliyi məsələsi həll olunur və qadınların hüquqları qorunur. Ailə, məişət, münaqişə zəminində baş verən halların da aradan qaldırılması böyük ölçüdə təmin olunur. Yəni ailələrdə qadın haqlarının, hüquqlarının qorunması ilə bağlı ciddi işlər görülür. Hesab edirəm ki, dünyanın iki yüzə yaxın dövləti içərisində Azərbaycan bu məsələdə xüsusi həssaslıq göstərir.

Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində çox aktiv şəkildə fəaliyyət göstərir. Ölkəmizin buradakı sədrliyi dövründə həm Parlament, həm də Gənclər Şəbəkəsi yaradılıb. İndi Azərbaycanın əsas təşəbbüsü, irəli sürdüyü məsələlərdən biri də ondan ibarətdir ki, Qoşulmama Hərəkatı çərçivəsində həm də qadın platformasının yaradılması həyata keçirilsin. Bu, xüsusi əhəmiyyət daşıyır. Çünki bu platformada artıq 130 dövlət təmsil olunur. Baxmayaraq ki, 1960-cı illərdən bu günə qədər davam edən bir platformadır, son dövrlər Azərbaycanın rəhbərliyi çərçivəsində daha səmərəli fəaliyyət göstərir. Əgər Azərbaycan bu təklifi irəli sürürsə, bu o deməkdir ki, ölkəmiz gender bərabərliyinin təmin edilməsi məsələsinə, təkcə sərhədlərimiz daxilində deyil, həm də dünyanın müxtəlif ölkələrində önəm verir. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatında üzv dövlətlərin içində demək olar ki, dünyanın müxtəlif qitələrindən olan təmsilçilər var. Bu baxımdan Azərbaycanın təklif etdiyi qadın platformasının yaradılması təşəbbüsü, sözün həqiqi mənasında, təqdirəlayiq haldır və yaxın zamanlarda Qoşulmama Hərəkatı bunu da reallaşdıracaq.

Samir Hümbətov,

politoloq.