Onun parlaq xatirəsi unudulmur
Tarixi şəxsiyyətlər

Onun parlaq xatirəsi unudulmur

Yaşasaydı 112 yaşı tamam olacaqdı. Tale ona 87 illik ömür payı ayırdı. Həyatının 70 ilini ölkəmizdə kütləvi informasiya vasitələrinin quruculuğuna və inkişafına həsr etdi. Mətbuatda hamıya örnək, nümunə olan məktəb yaratdı: Nəsir İmanquliyev məktəbi. Həyatda olmasa da yeri daim görünür. Əziz və parlaq xatirəsi heç vaxt unudulmur, milli mətbuatımızın ağsaqqalı, müdrik, xeyirxah insan kimi ürəklərdə yaşayır.

Sevinir, qürur duyuram ki, Nəsir müəllim kimi böyük ustadın "Bakı" və "Baku" qəzetlərinin nəzdində yaratdığı mətbuat universitetinin məzunuyam. Bakı Dövlət Universitetində təhsil alarkən universitetin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" (indiki "Bakı Universiteti") qəzetində ədəbi işçi işləyirdim. O illərdə respublikamızın aparıcı qəzet və jurnallarında müntəzəm çıxış edirdim. "Bakı" qəzetində də yazılarım dərc olunurdu. 1977-ci ildə Nəsir müəllimin təşəbbüsü və rəhbərliyi ilə "Bakı" və "Baku" qəzetlərinin nəzdində ikiillik mətbuat universiteti fəaliyyətə başladı. İşlədiyim qəzetin redaktorunun göndərişi ilə həmin universitetə qəbul olundum.

İlk dərs günü Nəsir müəllim iş otağında müdavimlərlə görüşüb, yaxından tanış oldu. Jurnalist sənətinin çətinliyindən, müqəddəsliyindən söhbət açdı. Dərslərdə iştirak edib nəzəri biliklərə yiyələnməyin vacibliyini müdavimlərin nəzərinə çatdırdı. Dəyərli tövsiyə və məsləhətlərini verdi.

Nəsir müəllimin rəhbərliyi ilə dərslər həftədə üç dəfə iş vaxtı qurtarandan sonra başlayır, nizam-intizama ciddi riayət olunurdu. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tanınmış simaları: Şirməmməd Hüseynov, Famil Mehdi, Nurəddin Babayev, Əliş Nəbili, Azərbaycan mətbuatının salnaməsinin yaradıcısı Qulam Məmmədli və başqaları bizə dərs keçir, jurnalistikanın nəzəri əsaslarını öyrədirdilər.

Nəsir müəllim kollektivə həmişə tövsiyə edərdi: "Operativliyi artırmaq lazımdır. Axı, indi çox şeyi sürət həll edir". Ustad redaktor informasiya janrını yüksək dəyərləndirir, maraqlı, rəngarəng xəbərlərin, reportajların, məqalələrin operativ şəkildə oxuculara çatdırılmasına üstünlük verirdi.

"Bakı" və "Baku" qəzetləri Nəsir müəllimin yaratdığı yeni tipli, yeni ruhlu  qəzetlər idi. İki dildə çıxan bu qəzetlərin gündəlik tirajı 80-100 min nüsxəyə çatırdı. Hər gün  axşam saatlarında "Bakı" və "Baku" qəzetlərini almaq üçün köşklərin qarşısında növbələr olurdu. Qəzet əldən-ələ gəzirdi. Yeganə qəzetlər idi ki, paytaxtda baş verən hadisələri, yenilikləri elə həmin gün öz oxucularına çatdırırdı. Bu qəzetlərin təkcə paytaxtda deyil, respublikamızın ən ucqar rayonlarında da oxucuları, abunəçiləri vardı.

Nəsir müəllimin nəvəsi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, akademik Nərgiz Paşayeva bu barədə yazır: "Mənim yadımdadır, o hər gün işdən evə qayıtdıqdan sonra , gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetdə əksini tapmasın. Bu gün internet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi. O vaxt "Bakı" və "Baku" axşam qəzetləri mübaliğəsiz demək olar ki, bu günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı".

Nəsir müəllim 30 il fasiləsiz əsasını qoyduğu, yaratdığı "Bakı" və "Baku" qəzetlərinə rəhbərlik edib. Bu illərdə sağlam, peşəkar kollektiv formalaşdırıb. Zahirən sərt olsa da kollektivə, xüsusən gənc kadrlara qarşı çox mülayim, qayğıkeş və xeyirxah idi. Ustad redaktor qəzeti və kollektivi doğma övladı qədər sevirdi. "Mənim iki evim, iki ailəm vardır. Biri yaşadığım ev, biri də çalışdığım redaksiyadır. Hər ikisi mənə doğma və əzizdir", - deyirdi.

Gərgin iş rejimində çalışmasına baxmayaraq BDU-nun jurnalistika fakültəsində "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" kafedrasının professoru kimi səmərəli pedaqoji fəaliyyət göstərir,  dövrün tələblərinə layiq jurnalist kadrlarının hazırlanmasına dəyərli töhfələr verirdi. Neçə-neçə jurnalist nəslinin yetişdirilməsində Nəsir müəllimin böyük əməyi, misilsiz xidmətləri vardır.

Nəsir müəllim ölkəmizin mətbuat tarixində yeganə şəxsiyyət idi ki, eyni vaxtda iki müxtəlif dildə çıxan iki gündəlik qəzetə rəhbərlik edirdi. Bu, analoqu olmayan cəfakeşlik, əzmkarlıq, işgüzarlıq, böyük hünər nümunəsi idi. Nəsir müəllim mətbuat sahəsində uzun illər və səmərəli fəaliyyətinə görə həm "Əməkdar mədəniyyət işçisi", həm də "Əməkdar jurnalist" adlarına layiq görülmüşdür. Əlbəttə, bu da hər bir qələm sahibinə qismət olmur.

Nəsir müəllim nurlu, müdrik, uzaqgörən, dahi şəxsiyyət idi. Alicənablıq və xeyirxahlıq, yüksək daxili mədəniyyət və nəciblik, böyüklük və ağsaqqallıq üzvi şəkildə onun xarakterində birləşmişdi. Dostluqda sadiq və sədaqətli idi. Onu dağlar diyarı Lerikə respublikamızda kənd təsərrüfatı sahəsində tanınmış mütəxəssis, kənd təsərrüfatı elmləri doktoru Əyyub İsgəndərovla möhkəm dostluq, qardaşlıq əlaqələri bağlayırdı. Hər il yay aylarında Lənkərana dostu Əyyubgilə gəlir,  birlikdə oradan Lerikə gəlir, uca zirvələrdən Savalana, ikiyə bölünmüş Vətən torpaqlarına həsrətlə boylanırdılar.

Əyyub müəllimin vaxtsız vəfatından sonra da dostluq əlaqələri qırılmadı.  Nəsir müəllim dostunun oğlu Elşadla və yaxın qohumları ilə tez-tez əlaqə saxlayır, qayğısını əsirgəmirdi.

Bəli, bu dünyada hər şey, eləcə də insan ömrü müvəqqətidir. Sağlığında mətbuat tariximizdə şərəfli, möhtəşəm məktəb yaradan görkəmli ictimai-siyasi xadim, tanınmış jurnalist, peşəkar redaktor, səmimi və qayğıkeş insan Nəsir İmanquliyevin nəcib, onun xeyirxah əməlləri heç zaman unudulmur. O, həmişə xalqımız tərəfindən ehtiramla xatırlanacaq, anılacaq və böyük məhəbbətlə yad ediləcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".