Tarix yaradan şəxsiyyət
Tarixi şəxsiyyətlər

Tarix yaradan şəxsiyyət

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir.

Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu, yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Ümummilli Lideri dünyanın bir çox görkəmli ictimai-siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbiidir. Çünki insanlar bu dövrlər barədə daha çox məlumata malikdirlər. Ancaq Ulu Öndərin həyatının qəhrəmanlıq anlarını, zamanı qabaqlamaq, tarix yaratmaq bacarığını yalnız onun rəhbər vəzifələrdə çalışdığı illərlə ölçmək olmaz. Heydər Əliyevin mənalı həyatının hər günü, hər anı unudulmaz tarixdir, zaman-zaman xatırlanacaq tarixi hadisələrlə zəngindir.

Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dünyanın nüfuzlu siyasətçiləri, görkəmli ictimai-siyasi xadimləri Ulu Öndərimiz Heydər Əliyevi yalnız Azərbaycanın deyil, bəşəri miqyaslı lider, hələ sağlığında ikən zəmanəmizin canlı əfsanəsi adlandırmışlar. Ümummilli Lider Heydər Əliyev zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o, yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Dünyada cərəyan edən proseslərə təsiri baxımından daim seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən bu dahi şəxsiyyət nəinki zəmanəmizin, eləcə də bəşəriyyət tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında şərəfli yer tutub.

Azərbaycanı bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biri, xalqımızı isə nadir bir irsin varisi adlandıran Ulu Öndərimiz Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin, həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". Ümummilli Liderimiz bu şərəfli missiyanı uğurla yerinə yetirərək Azərbaycanın tarixi keçmişini bərpa etdi, milli-mənəvi irsini, dəyərlərini özünə qaytardı, milli adət-ənənələrini yaşatdı, ölkəmizi bütün dünyaya tanıtdı.

Azərbaycan tarixinin önəmli və əbədi xatırlanacaq, Vətənin və xalqın taleyi baxımından çox mühüm bir mərhələsi, ötən əsrin 60-cı illərinin sonlarından başlanan və XXI əsrə adlayan bütöv bir qərinəsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatının bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun səhifələrini təşkil edir. Azərbaycanın müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli məhz Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi və irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda da özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir. Həmin dövrdə Heydər Əliyev fenomeni Ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev qısa müddət Bakıda qaldıqdan sonra həmin ildə də Naxçıvandan Azərbaycan Ali Sovetinə deputat seçildi. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Soveti sədrinin müavini kimi böyük siyasi həyata yenidən başladı. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilən Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi.

Harada, hansı vəzifədə və hansı şəraitdə işləməsindən asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə idi. Onun qayğısı ilə yaşayırdı. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Ulu Öndərimiz Azərbaycanı tarixin ən çətin sınaqlarından məharətlə çıxararaq müstəqil dövlətçiliyimizi qurdu, onu beynəlxalq aləmdə tanıtdı. 1993-cü ilin ortalarında dərin böhran içərisində çabalayan ölkəni intensiv inkişaf yoluna çıxardı. 1993-cü ilin iyununda müstəqilliyini yenidən itirmək təhlükəsi, vətəndaş müharibəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın təkidi və xahişi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Vətənini və xalqını başının üstünü almış bütün bəlalardan hifz edib qorudu, qanunçuluğu bərpa etdi və cəmiyyəti vahid məfkurə ətrafında birləşdirdi. Təsadüfi deyil ki, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalqımız özünün əsl xilaskarının şərəfinə Azərbaycanın müasir tarixinə Milli Qurtuluş Günü kimi yazmışdır.

1994-cü ildə Heydər Əliyevin milli neft strategiyasının reallaşmasını təmin edən "Əsrin müqaviləsi"nin imzalanması xalqımızın öz maddi sərvətlərinin, xüsusən də neftin həqiqi sahibinə çevrilməsinin təntənəsi sayıla bilər. Bu müqavilə çərçivəsində həyata keçirilən genişmiqyaslı layihələr, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşması, Azərbaycanın neft və qazının dünya bazarlarına çıxarılması, nəhəng karbohidrogen yataqlarının kəşfi və istismarı ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanlarını daha firavan görmək istəyirdi. Ümummilli Lider dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Biz çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".

Bu sözlər Azərbaycanın dövlətçilik tarixində yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də, tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.

Səlimə YUSİBOVA,

Tərtər Rayon Heydər Əliyev Mərkəzinin direktoru.