Bakı Təşəbbüs Qrupu beynəlxalq səviyyədə neokolonializmə qarşı mübarizəni dəstəkləməkdə davam edir
Siyasət

Bakı Təşəbbüs Qrupu beynəlxalq səviyyədə neokolonializmə qarşı mübarizəni dəstəkləməkdə davam edir

Bakı Təşəbbüs Qrupu (BTQ) Beynəlxalq Ədalət Məhkəməsində Kanaki - Yeni Kaledoniyaya dəstək verəcək. Bu barədə təşkilatın təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən "Dekolonizasiya: İntibahın oyanışı" adlı beynəlxalq konfransın yekunlarına dair yayılan kommunikedə bildirilib.

Verilən xəbərə görə, tədbir çərçivəsində Kanaki - Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və millətçilərdən ibarət nümayəndə heyəti fevralın 24-də Türkiyənin İstanbul şəhərində toplaşıblar. Əsas məqsədi kolonializm və neokolonializmə qarşı mübarizəni dəstəkləmək olan BTQ-nin kommunikesində bildirilib ki, İstanbul konfransı bir tərəfdən kolonializmdən əziyyət çəkən xalqlarla həmrəyliyin nümayiş etdirilməsinə töhfə verdi, digər tərəfdən isə Fransanın kolonial gücünə qarşı mübarizə aparmaq məqsədi daşıyan siyasi fəaliyyət çərçivəsinin təsis edilməsinə imkan yaratdı.

Həmçinin vurğulanıb ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin nümayəndələrinin, eləcə də BMT-nin ixtisaslaşmış institutlarının iştirak etdiyi konfransda Kanaki - Yeni Kaledoniyadan olan nümayəndə heyəti Fransa hökumətinin təşkil etdiyi kütləvi miqrasiyanı öz daxili qanunlarına uyğun olaraq qanuniləşdirmək üçün Emmanuel Makron hökumətinin atdığı addımları qınadığını bəyan edib.

Bakı Təşəbbüs Qrupu Kanaki - Yeni Kaledoniyanın siyasi tarixinin böhran yaşanan bir dövründə ona dəstək verdiyini təkrar nümayiş etdirib, regional və beynəlxalq təşkilatlarda, xüsusilə də Beynəlxalq Ədalət Məhkəməsi səviyyəsində fəaliyyətini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, dünən Yeni Kaledoniyanın paytaxtı Numeada məhkəmə qarşısında Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib. Etirazçılar Fransa hakimiyyəti tərəfindən saxlanılmış fəalların azadlığa buraxılmasını tələb ediblər.

Xatırladaq ki, 21 fevral tarixində Fransanın daxili işlər və dənizaşırı naziri Gerald Darmaninin Yeni Kaledoniyaya səfəri zamanı keçirilən etiraz aksiyasında müstəqillik uğrunda mübarizə aparan bir neçə fəal Fransa polisi tərəfindən həbs edilib.

Fevralın 27-də keçirilən aksiyada isə "Siyasi məhbuslara azadlıq" başlıqlı bəyanat yayılıb. Bəyanatda Fransanın beynəlxalq hüquqa hörmət etmədiyi, insan hüquqları ölkəsi olmadığı qeyd edilib və həbs edilmiş bütün siyasi məhbusların azadlığa buraxılması tələb olunub.

Bu aksiyada da həmişə olduğu kimi, ölkəmizə hörmət əlaməti olaraq, Azərbaycan bayrağı dalğalandırılıb.

Bundan əlavə, Bakı Təşəbbüs Qrupu İstanbulda keçirdiyi konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb. Petisiyada Fransa prezidenti Emmanuel Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəniyyət əsərlərinin mənşə ölkələrinə qaytarılması tələb olunur. Həmin mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. Sahara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.

Fransa prezidenti Emmanuel Makron 2017-ci ildə afrikalı gənclərlə görüş zamanı 5 il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz versə də, həmin vaxtdan 7 il keçməsinə baxmayaraq, vədinə əməl etməyib.

Parisin Quai Branly Muzeyində sərgilənən 70 min artefaktın üçdə ikisinin 1885-1960-cı illərdə Afrikadan oğurlanmış mədəni mülkiyyət nümunələri olması barədə araşdırmalar mövcuddur.

Fransa keçmiş müstəmləkələrindən oğurladığı sərvətləri geri qaytarmamaq üçün qanunvericiliyini sərtləşdirib. Bu səbəbdən restitusiyanın həyata keçirilməsinin qarşısı süni şəkildə, bürokratik yollarla alınır.

İlkin olaraq, hətta Avropanın digər keçmiş müstəmləkə ölkələrində də tətbiq edilən kredit sistemi ilə müqavilə əsasında mədəni sərvətlər müvəqqəti olaraq bir neçə illik mənbə ölkələrində yerləşən muzeylərdə sərgilənə bilər.

Bakı Təşəbbüs Qrupu tələb edib ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir.

“Respublika”.