Bənövşə ömürlü şair
Mədəniyyət

Bənövşə ömürlü şair

O ilk növbədə Azərbaycan anasının, xanımının simasıdır. Məğrur, zəhmətkeş, sədaqət, etibar timsalı və bir az da kövrək xanım. Ağsaçlı, mülayim sifətli, Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da qədim yaşayış məskənlərimizdən olan Qazax mahalının Musaköy kəndində dünyaya gəlib. Bəyzadə nəslindən olan Mirvarid xanımın atası Paşa bəy, anası Cəvahir xanımdır. Atasını erkən itirən Mirvarid xanımın yeniyetməlik çağları babası Mustafa ağanın Dilican yaylaqlarında olan mülkündə keçib. Belə gözəl, əsrarəngiz təbiət qoynunda böyüməsi onun həyat və yaradıcılığına da böyük təsir göstərib. Gənc qızın böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun bir şəxsiyyət kimi formalaşmasına yardımçı olmuşdur. Özünün də yazdığı kimi, od üstündə doğulmuşdu. Həyatı, gəncliyi qovğalarda, çətinliklərdə keçmişdi. Eyni zamanda mənsub olduğu nəsil də  ölümlər, sürgünlər, qadağalar, repressiyalar, milli qırğınlar görmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı da onların taleyindən yan keçməmişdir. Əlbəttə ki, bütün bunlar Mirvarid xanımın yaddaşında dərin izlər buraxmaqla yanaşı, həm də yaradıcılığında öz əksini tapmışdır. O üzdən də yazırdı: "Mən ölümlər və sürgünlər, qadağalar, milli qırğınlar və soyğunlar, milli təhqirlər, milli əsarət görmüş nəslin nümayəndəsiyəm. Mənim gəncliyim, ahıllığım, qocalığım keşməkeşli illərdən keçib. Atamın şəhid olmasıyla doğma kəndimizdən, buz bulaqlı meşələrimizdən ayrılıb, anamızın göz yaşlarını qəlbimizə axıda-axıda bacımla mənim Daş Salahlı və şəhər həyatımız başlayıb". Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında qeyd edirdi  ki, "XVII, XVIII və XIX yüzilliklərin axırına qədər nəslimiz ziyalı mülkədar nəsli təmsil etmişdir...".

Bədii yaradıcılığa təhsil illərində başlayan şairənin əsas şeir mövzularından biri də  qadın azadlığı olmuşdur. Onun qadın azadlığı mövzusunda yazdığı "Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı jurnalda dərc edilib. Bu jurnalda şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılan, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri də dərc olunub. Gözəl təbiət qoynunda böyüyən şairənin şeirlərinin sujet xətti əsasən Azərbaycanın gözəllikləri olmuşdur. O təbiətə vurğun, bağlı bir insan olub. Vətənin hər bucağını qarış-qarış gəzən şairə onun hər guşəsinin gözəlliyini dərindən duya-duya mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Xarakterinə xas doğma duyğularla kəndə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla  qələmə alıb. Onun yaradıcılığında Böyük Vətən müharibəsi mövzusu da əsas yerlərdən birini  tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı nəşr olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. Həmin kitablarda onun qəhrəmanları həm də mərd Azərbaycan qadını idi. Kimi sevgilisinin yolunu intizarla gözləyir, kimi körpə balasının taleyi üçün narahat, kimi də  arxa cəbhədə çətinliyə qatlaşan mərd, zəhmətkeş qadın.

Mirvarid Dilbazi Azərbaycan ədəbi aləmində daha çox lirik şairə kimi tanınıb və sevilib. O, öz şeirlərində səadətini saf, təmiz məhəbbətdə axtaran, qürurlu, dəyişməz Azərbaycan qadınının, anasının obrazını yaratmışdır. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının ucalığı, müqəddəsliyi dərin hisslərlə, bədii boyalarla verilmişdir. Ananın nə qədər uca bir məqamda dayandığını, bədii təsvirlərin dili ilə belə izah etmişdir: "Kişi anası ol ana olanda". Mirvarid Dilbazi bu fikirləri ilə gələcək nəsillərin Vətənə, xalqa yararlı vətəndaş kimi formalaşmasının necə vacib şərt olduğunu vurğulayır. Əlbəttə ki, bu işdə də ən mühüm məqamlardan və vasitələrdən birini də şərəfli analıq missiyasında görürdü.

Şairənin yaradıcılığı kimi fəaliyyəti də zəngin olub. Ötən əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayıb, yaradıcılığında lirik lövhələr fonunda canlandıraraq  şeirə çevirib. Həmin dövrdə doğma el-obalarından didərgin düşmüş qaçqın və köçkünlərimizə həsr etdiyi "Ağla, kamanım, ağla", "Qoymayın ağlayım məni", 20 Yanvar faciəsi ilə bağlı yazdığı "Öpün bu qanlı torpağı", "Şəhidlər qəbiristanında" və başqa neçə-neçə şeirləri onun bir ana kimi qəlb ağrısını,  narahatlığını ifadə edirdi. Çəkdiyi nisgilin bir gün sevincini yaşayacağı ümidi ilə yeni-yeni şeirlər yazırdı. Onun lirik şeirləri hər bir oxucunun ürəyinə həzin musiqi kimi axıb, dolur. Şeirlərindəki axıcılıq, diləyatımlılıq insanı yormur, bezdirmir. Ona görə də Mirvarid Dilbazi şeirləri yaddaşlara şirin ana laylası kimi əbədi həkk olunur:

Bənövşə dəstə-dəstə

Qızılgül yarpaq üstə,

Sular axır ahəstə,

Anam yadıma düşdü...

Mirvarid Dilbazi son nəfəsinə kimi yazdı, yaratdı. Həmişə də Vətəni, onun gözəlliklərini və bütövlüyünü təmsil etdi. O, torpaqlarımızın işğal edilməsi ilə bağlı daxilən nisgil, əzab keçirsə də öz nikbinliyini, ümidini də itirmir,  yaradıcılığında, şeirlərində sanki  məhz həmin ümid işığının arxası ilə gedirdi:

Şeirim qəlbinizə yol tapa bilsə,

Heç vaxt əyə bilməz bir kədər məni.

Mirvarid Dilbazi düz 89 il yaşayıb yaratdı. Ancaq nə ümid işığını itirdi, nə də mövqeyini dəyişdi. Məğrur Azərbaycan anası, qadını kimi dərdlərini ürəyinə həbs edib, bənövşə ömrü yaşadı. Xalq şairi Mirvarid Dilbazi 2001-ci il iyul ayının 12-də dünyasını dəyişib. Dövlət tərəfindən yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət işçisi, 1979-cu ildə Xalq şairi fəxri adına layiq görülüb, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", "İstiqlal" ordenləri və medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

Ramidə YAQUBQIZI,

"Respublika".