Berlin səfəri beynəlxalq nüfuzumuzun göstəricisidir
Siyasət

Berlin səfəri beynəlxalq nüfuzumuzun göstəricisidir

Ölkə Prezidentinin Almaniya səfəri və “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı onu göstərdi ki, Azərbaycan yalnız diplomatik deyil, həm də digər sahələrdə müzakirələrin mərkəzində yer alan ölkədir. Prezident İlham Əliyevin bütün açıqlamaları da əslində buna yönəlmişdi. Sözügedən müzakirələr zamanı dünya ictimaiyyəti Azərbaycanın modern bir dövlət üçün lazım olan bütün atributlara sahib olduğunu gördü.

Dövlətimiz COP29-un ev sahibi kimi öz təşəbbüsləri ilə seçilir. Əvvəllər bu sahədə hansısa bir ölkə belə fəal diplomatik fəaliyyət həyata keçirmirdi. Əldə olunan bütün uğurlar onu göstərir ki, bu gün dünya dövlətimizin məqsədyönlü siyasətini qəbul edir. Hazırda Avropanın ən güclü, böyük iqtisadiyyata malik olan Almaniya kimi bir dövlətlə müəyyən qarşılıqlı əməkdaşlıq istiqamətində addımların atılması sevindirici haldır. Çünki bütün hallarda Almaniya Avropada Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış edən dövlətlərdən fərqli olaraq daha praqmatik yanaşma sərgiləyir. Dövlətimizin başçısı İlham Əliyevin istər Almaniya prezidenti, istərsə də kansleri ilə baş tutan görüşlərində Azərbaycanın həm bölgədəki rolu, həm də sözügedən dövlətlərin iqtisadi maraqları kontekstində xeyli müsbət məqamlara toxunuldu.

Şübhəsiz, bütün bunlar müəyyən dərəcədə proseslərin gələcəkdə müsbət istiqamətdə inkişafına kömək göstərəcək. Çünki Avropa İttifaqında son vaxtlar xeyli məntiqsiz qərarlar qəbul olunur və AŞPA bu prosesdə daha fəal iştirak edir. Bu gün onlar dövlətimizin əleyhinə ermənipərəst mövqe gerçəkləşdirirlər. Azərbaycan öz maraqlarını təmin etməyi bacardığına görə Avropa məkanında hörmət qoyulan ölkədir. Burada təkcə enerji sektorundan söhbət getmir. Azərbaycan “yaşıl enerji” ixracı ilə bağlı xeyli maraqlı təşəbbüs və təkliflərlə çıxış edir və bu da Avropa məkanı üçün olduqca vacib, gözlənilən addımlardır. Ölkəmizin bu təşəbbüsləri aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsində reallaşır. Çünki hər bir çağırışın, təşəbbüsün arxasında real iş durmalıdır. Azərbaycanda da bu baxımdan belə bir problem yaşanmadığını görürük. Hazırda ölkəmizdə bütün sahələrdə daha ciddi idarəetmə qabiliyyəti özünü göstərir. 

Fazil MUSTAFA,

Milli Məclisin deputatı.