İndiki Ermənistan ərazisindən zorla qovulmuş və hazırda dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların iştirakı ilə mayın 7-də Almaniyanın paytaxtı Berlin şəhərində qayıdış hüququ mövzusunda konfrans keçirilib.
Almaniya Azərbaycanlıları Alyansı və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan 100-ə yaxın Qərbi azərbaycanlı iştirak edib.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə İcmanın İdarə Heyətinin sədr müavini Ramil Həsən və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar çıxış edərək Qərbi azərbaycanlıların 35 ildir ki, öz ata-baba yurdlarından didərgin düşdüklərini qeyd ediblər.
24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlılarla görüşü olmuşdur. Tədbirdə əminliklə bildirilmişdir ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra əsas hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Bu məqsədlə Qayıdış Konsepsiyası hazırlanmışdır.
Konfrans iştirakçıları vurğulayıblar ki, Qərbi azərbaycanlılar tezliklə ata-baba yurdlarına dönəcək, onların itirilmiş hüquqları bərpa olunacaq, dünya ictimaiyyəti bu haqq işimizə dəstək verəcək, Qayıdış Konsepsiyasının reallaşmasında Berlin Konfransı müstəsna rol oynayacaq.
Qədir ASLAN,
"Respublika".