Bəzi fəaliyyətsiz qurumlar tarixin arxivinə atılır
Siyasət

Bəzi fəaliyyətsiz qurumlar tarixin arxivinə atılır

"Bizim mövqeyimiz həmişə birmənalı olub. Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz qabağındadır, nəticə sıfır". Prezident İlham Əliyev ötən ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə belə deyib.

Dövlət başçısı çıxışında ölkəmizin bütün sahələr üzrə inkişafından söz açıb, xarici siyasətdə də qazanılan uğurlardan danışıb. Qeyd edib ki, artıq Azərbaycan dünyada sayılıb-seçilən dövlətlərdən biridir və qarşılaşdığı problemlərin həllində beynəlxalq təşkilatların vasitəçilik missiyasına ehtiyacı yoxdur. Ölkəmizin Ermənistan üzərindəki tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış reallığın nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməsi də bundan xəbər verir. Prezident İlham Əliyev nitqində daha bir məqamı da diqqətə çatdırıb. Bir neçə gün əvvəl ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşünü xatırladaraq deyib ki, bu görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in keçmiş Minsk qrupunun yeni reallıqları qəbul etməsi və bununla da "vasitəçilik missiyası"nın başa çatması təbii haldır. Çünki Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni heç bir ölkənin və beynəlxalq təşkilatın köməyi olmadan öz gücü ilə, hərbi-siyasi yolla həll edib. Bununla da qrupun vasitəçilik missiyasına son qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il sentyabrın 27-də Türkiyənin Anadolu agentliyinə müsahibəsində "ATƏT-in Minsk qrupu öz potensialından niyə istifadə etmədi?" sualına cavab verərkən demişdir: "... Əslində, 28 il ərzində heç bir fəaliyyəti hiss olunmayan qurum üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyini səmimi etiraf edib geri çəkilməli idi. Ancaq Minsk qrupu bu etirafı etməyə özündə cəsarət tapa bilmədi. Bu illər ərzində təşkilatın fəaliyyətini göz önünə gətirdikdə adama elə gəlir ki, sanki bu qurumun vəzifəsi münaqişənin nizamlanması yox, danışıqlar prosesini uzatmaq imiş. İşğalçı ölkənin "hegemonluğuna" göz yumub işğala məruz qalan ölkənin "gözündə tük axtaran" Minsk qrupunun ədalətsizliyi haqlı olaraq, getdikcə ciddi narazılıqlar yaradırdı".

Dövlət başçısının da qeyd etdiyi kimi, keçmiş Minsk qrupunun həmsədrləri İkinci Qarabağ müharibəsinə qədər bəlkə də bölgəyə yüzlərlə səfər ediblər, lakin heç bir nəticə alınmayıb. Təbii ki, bunun da səbəbləri var. İndi reallıq onu göstərir ki, Azərbaycan bu münaqişəni özü həll etdiyi üçün keçmiş Minsk qrupuna verilmiş mandat faktiki olaraq, de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Artıq beynəlxalq aləm də, o cümlədən ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətlərinin ekspertləri, nüfuzlu nəşrlər də bu qurumun öz əhəmiyyətini itirdiyini, indiki reallıqda heç bir işə yaramadığını da açıq şəkildə etiraf edirlər. Məsələn, ABŞ-ın "Foreign Policy" jurnalında dərc olunan və "üçlüyün" Qarabağ münaqişəsinin həlli çərçivəsindəki fəaliyyətinə həsr olunan məqalədə qeyd edilir ki, 30 il ərzində qrup bir nəticəyə nail ola bilməyib. Azərbaycanın qələbəsi onun gələcək fəaliyyəti üçün heç bir məna qoymur. İndi o, ölü bir strukturdur. Məqalədə deyilir ki, qrup fiaskoya uğrayıb, həmçinin Fransanın və onun bu təşkilatın həmsədri kimi fəaliyyəti də tənqid olunur. Qeyd edilir ki, Prezident Emmanuel Makron Fransanı Minsk qrupunun həmsədri kimi geri qayıdışı olmadan diskreditasiya etdi, nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu. Makron, hətta "Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq" deməkdən də çəkinmədi.

Məqalədə ABŞ səfiri Riçard E.Hoqlanddan da sitat gətirilir. Səfir qeyd edir ki, onlar beşulduzlu otellərdə qalıblar, onlara nümayəndəlik mərtəbələrində nömrələr verilib, bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara, tam təmin olunmuş barlara da çıxış əldə ediblər. Ən yaxşı restoranlarda olublar. Onun: "ATƏT bayrağını göstərdiyimiz və Bakı ilə İrəvana Minsk qrupunun varlığını xatırlatdığımız müddətdə yaxşı yaşayırdıq. Ancaq düzü, çox az şey əldə edilib", - sözləri də deyilənləri təsdiq edir. Yəni qrupun üzvləri bölgəyə iş görmək üçün deyil, yaxşı yeyib-içmək üçün gəliblər...

Ötən ilin aprelində Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışlarının birində Minsk qrupunun dağıldığını təsdiqləyib. O bildirib ki, ABŞ və Fransa Qarabağla bağlı ATƏT çərçivəsində Rusiya ilə əməkdaşlığa son qoyublar. Əslində, Kreml özü də qrupun formatından uzaqlaşmağa maraqlıdır. Lakin bu, heç də o anlama gəlməməlidir ki, "üçlük" digər həmsədr ABŞ və Fransanın üçüncü bir ölkə ilə əməkdaşlıqdan imtina etdiyinə görə lüzumsuz bir quruma çevrilib. Əsas səbəb o olub ki, Azərbaycan münaqişəni özü həll edib və bununla da qrup qeyri-funksional hal alıb.

Aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdən sonra verdiyi rəsmi bəyanatda da ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlik institutuna istinad yoxdur. Azərbaycan da belə bir qurumun fəaliyyətinə ehtiyac duymur, çünki öz problemlərini həll etməyə qadirdir. Bu gün suverenliyimizin tam şəkildə bərpası, 30 il həsrətində olduğumuz torpaqlarda üçrəngli bayrağımızın dalğalanması da bunu sübut edir. Beləliklə, artıq tarixin arxivinə atılmış keçmiş Minsk qrupu həmsədrlərinin taleyi Azərbaycan üçün heç də maraqlı deyil. Bizi düşündürən bir məsələ var: "Böyük Qayıdış" planını tez bir zamanda əngəlsiz, maneəsiz həyata keçirmək. Artıq bu yoldayıq...

Zümrüd QURBANQIZI,

"Respublika".