Biz, İrəvan xanının torpaqlarına qayıdacağıq!
Digər xəbərlər

Biz, İrəvan xanının torpaqlarına qayıdacağıq!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabırın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilmişdir. İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə,  Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.

Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 250 mindən çox azərbaycanlının, 50 mindən çox ailəsinin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Bəs bu insanlara dəymiş mənəvi ziyan,  psixoloji sarsıntı, torpaq, yurd, el-oba itkisi nə ilə ödəniləcək? Yaxud da siyahıda olan 130 kəndin insanları,  infrastruktur, iaşə obyektləri ilə yanaşı,  mədəni irsimizi özündə yaşadan tarixi abidələrimizin dağıdılıb, qəsdən uçurdulub yerlə-yeksan edilməsinin cavabını Ermənistan necə verəcək? Azərbaycan türklərinin tarixini özündə yaşadan milli-mədəni abidələrimiz elə bu ərazilərin, Qərbi Azərbaycanın ruhunu, mənliyini və mənsub olduqları torpaqlarda kimliklərini təsdiq edir. Əlbəttə ki,  Ermənistan, ilk növbədə, bu abidələrin məhvinə, xəritədən silinməsinə çalışacaq ki, saxta ambisiyalarını yeridə bilsinlər.

Şükürlər olsun ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi azərbaycanlılarla bu növbəti  görüşü, Qərbi Azərbaycan ictimaiyyətində, ziyalılarında, sadə insanlarda ruh yüksəkliyinə səbəb olub. Bu insanlar hərəsi ayrı-ayrılıqda bir mahalın,  elin övladı və ümumilikdə, bütöv Azərbaycanın ayrılmaz,  müqəddəs məkanlarından olan Qərbi Azərbaycanın vətəndaşlarıdırlar. Əgər illərlə bu müqəddəs mahallarımız üzü bizə sarı nigaran baxışlarla yolumuzu gözləyirdisə, bu gün bu taydan  o taya işıqlı, inamlı bir baxışla baxırıq. Əgər bir zamanlar:

 Vedinin yanı dağlar,

 Ürəyi, canı dağlar.

 Burda bir el var idi,

 Siz deyin, hanı dağlar? - deyirdiksə, bu gün isə, “nə gözəldir bu yerlərin lalası, ölüb elə bu yerlərdə qalası” deyərək, Göyçəyə, Zəngəzura,  Ağbabaya,  Dərələyəzə, İrəvana və Vedibasar mahalına böyük inamla boylanırıq.

Hələ illər əvvəl ulu öndər Heydər Əliyev deyirdi ki: “Hədəfimiz tarixi torpaqlara qayıtmaqdır. İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı - bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar,  indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir”. Bəli, ulu öndər Heydər Əliyevin də dediyi kimi, bu gün hədəfimiz dəqiqdir. Biz o tarixi torpaqlarımıza qayıdacağıq. İctimaiyyət arasında böyük ruh yüksəkliyinə səbəb olan Prezidentin Qərbi azərbaycanlılarla bağlı çıxışının izi ilə üz tutduq Vedibasar mahalından olan ziyalılara.  “Vedibasar" qəzetinin Baş redaktoru Sərtib İslamoğlu öz fikir və düşüncələrini böyük fəxarət hissi ilə belə ifadə etdi: “Ələbəttə ki, Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla son görüşü hamımızın sevincinə səbəb olub. Doğulduğum torpağa min bir tellərlə bağlı olan, ömrünün böyük bir hissəsini kəndimizdə-Vedibasar mahalının Xalisa kəndində yaşamış,  bu gün isə Vətən həsrətindən zamanın arzuolunmaz sığalı çəkilən ixtiyar qocalarımız da, hər bayram axşamı gözü yolda qalan məzarlarını yad edə bilməyən, göz yaşlarını hərdən heç kim görməsin deyə için-için ürəyinə axıdan nənələrimiz də, bu gün toylarımızda, düyünlərimizdə qisasa çağıran mahnıları ifa edən, yaranma tarixləri min illərlə ölçülən qədim yallılarımızı birgə rəqs edən ərənlərimiz də, ürkək baxışlı qızlarımız da, xalisalı olub Xalisanı görə bilməyən, lakin xalisalı kimi böyüməli olan dünənki uşaq, yeniyetmə, artıq bugünkü gənc, sabah isə Azərbaycanımızın müdafiəçiləri olacaq şahin timsallı, düşmən toxmağı olan övladlarımız da, lap elə yeddibiyana yadlar da bu gün böyük sevinc və fərəh hissi yaşayır.  Bəli, gün gələcək,  biz öz ata-baba torpaqlarımıza dönəcəyik. Öz mahalımızda, doğma Xalisa kəndimizdə yaşayacağıq”.

Digər xalisalı ağsaqqal, Xalisa kəndinin ilk və yeganə ibtidai hərbi-hazırlıq müəllimi-Xəlilov Tofiq İsmayıl oğlu da bu görüşdən böyük ümid və inam hissi ilə danışdı: “ Mən 80 yaşı keçən bir el ağsaqqalı kimi, Prezident İlham Əliyevin çıxışını xəstə yatağımdan seyr elədim. Prezidentin Qərbi Azərbaycan icması ilə görüşü və səsləndirdiyi fikirlər məni çox ruhlandırdı.  Bütün ağrılarımı unutdum. İnamım,  ümid hissim daha da yüksəldi. Ömrümə, ömür calamış oldu. Gün gələcək, kəndimizə, yurd yerlərimizə qayıdıb, ocaqlarımızı yandırıb, bayram tonqallarımızı çatacağıq. Biz, bütün Qərbi Azərbaycanlılar öz Prezidentimizə inanır və onun dediyi kimi, bir gün o torpaqlara qayıdacağımız günü səbirsizliklə gözləyirik".

Elə Prezident İlham Əliyevin də çıxışında bu məsələ nikbin notlarla qeyd olunur: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

                                        Ramidə YAQUBQIZI,

                                               “Respublika”.