Böyük Qayıdışın ideoloji anlamı
Digər xəbərlər

Böyük Qayıdışın ideoloji anlamı

Xalqımız öz torpağına sahib çıxmağa, onu qorumağa və qurub-yaratmağa qadirdir

"Bu gün isə artıq dirçələn Laçın, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə hər zaman nail oluruq...". "Laçın Şəhəri Günü" münasibətilə Həkəri çayının sahilində təşkil olunmuş şənliklərdə iştirak edən dövlət başçısının bu sözləri yenə də bir mesaj idi. Bu günə çatmaq üçün isə xalqımız uzun-uzadı yol gəlmişdi...

 2020-ci il noyabrın 10-da Vətən müharibəsinin bitməsini rəsmi şəkildə ifadə edən üçtərəfli Bəyanat gecəyarısı imzalandı. Elə gecə ikən dövlət başçısı xalqına çoxdan gözlədiyimiz müjdəni verdi: Müharibə qələbəmizlə bitdi, torpaqlarımız işğaldan azad edildi. Bu xəbəri eşidər-eşitməz hamı küçələrə axışdı, çal-çağır başladı. O gecə hər kəs sözlə ifadə edilməsi çətin olan bir hiss yaşayırdı. Kimisi sevincindən ağlayır, kimisi qol-qanad açıb oynayır, kimisi də 30 illik torpaq həsrətinin yaddaşında buraxdığı acı xatirələrin işığında olanların xəyal, ya gerçək olduğunu dərk etməyə çalışırdı. Hamı sevinirdi. Mən əminəm ki, o gecənin bitməsini səbirsizliklə ən çox gözləyən dövlət başçısı, Ali Baş Komandan idi. Tələsirdi. Üzü o yerlərə sarı gedib 30 il qəlbi qan ağlayan torpağın göz yaşını silməyə, ona gözaydınlığı verməyə: "Biz gəlmişik!" - deməyə tələsirdi...

Noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimində iştirak etdilər.

Sevincli idilər, çünki işğaldan azad edilmiş ərazilərdə icra ediləcək ilk layihənin xeyir-duası verilirdi. Sonra Füzuli şəhərinə yollandılar. Ali Baş Komandan Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Şəhərin mənzərəzi isə dəhşətli idi: "Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur... Sanki bu torpaqlardan vəhşi bir qəbilə keçib...", - deyirdi dövlət başçısı. Gördüyü mənzərədən sarsılsa da, içində bir rahatlıq vardı. Xalqının dəstəyilə bu cəhənnəmi cənnətə çevirəcəyinə inanırdı, çünki bir lider, rəhbər kimi gücünə arxayın idi, xalqına arxalanırdı. Qarşıda isə onları Azərbaycanın orta əsr memarlığının ən unikal əsərlərindən biri olan Xudafərin körpüsü gözləyirdi. İndi hər dəfə o kadrları xatırlayanda qürur hissi keçirirəm. Dövlət başçısının avtomobili özü idarə etməsi, yol boyu rastlaşdıqları mənzərə barədə informasiya verməsi, şərh etməsi onu adama daha da doğmalaşdırırdı. Hələ mən Mehriban xanımın Prezidentin təbirincə desək "operatorluq" etməsini, olanları telefonun yaddaşına köçürməsini demirəm. O, başqa bir aləm idi: "Çək, çək bax indi biz Xudafərin körpüsünə yaxınlaşırıq, bir qədər aralıda cənub qonşumuz İranla sərhədlər başlayır. Xudafərin körpüsü, dostluq körpüsüdür...", - deyirdi. Az qala xarabalığa çevrilmiş körpünün önündə çəkdirdikləri xatirə şəkli də tarixi bir anı əbədiləşdirdi. Ali Baş Komandan çox məğrur, qürurlu görünürdü.

Noyabrın 20-də isə dövlət başçısı xanımı ilə Ağdamda oldu. Üçrəngli bayrağımızı qaldırdıqdan sonra ilk olaraq Ağdam məscidini ziyarət etdilər. Məscidin binası da vəhşicəsinə dağıdılmışdı. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışladı. Erməni işğalçılarının vətən torpaqlarındakı əməllərinə tək bir ad vermək olardı - vəhşilik. Bu arada statistik rəqəmlərə nəzər yetirək: 900 yaşayış məntəqəsi tam, yaxud qismən dağıdılmış, 6 minə yaxın sənaye və kənd təsərrüfatı obyekti, ümumi sahəsi 9,1 milyon kvadratmetr olan 150 min yaşayış binası və mənzil, sosial-mədəni təyinatlı 4366 obyekt, 7 min ictimai bina, 693 məktəb, 855 məktəbəqədər müəssisə, 4 sanatoriya-müalicə kompleksi, 695 tibb müəssisəsi məhv edilmişdi. 160 körpü partladılmış, dəmiryolu xətləri və 800 kilometr uzunluğunda avtomobil yolları, 15 min kilometr uzunluğunda elektrik və qaz xətləri sıradan çıxarılmışdı. İrriqasiya infrastrukturu (1203 kilometr) və 5 su anbarı, 7236 hidrotexniki qurğu, 36 nasos stansiyası və 26 suvarma sistemini əhatə edən su kommunikasiyaları sistemi dağıdılmış, 120 700 hektar suvarılan torpaq və 34 600 hektar üzüm və meyvə bağları yararsız hala salınmışdı...

Ağdam məscidinin önünə toplaşanların qarşısında çıxış edən Prezident dedi: "Bu gün tarixi bir gündür. Biz şanlı qələbəmizi qeyd edirik. Dağıdılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın... Biz şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır... Əlbəttə ki, böyük zəhmət tələb edəcək...".

Noyabrın 25-də Kəlbəcərə gələn dövlət başçısı yenə də eyni mənzərə ilə rastlaşdı, dağıdılmış, boş səhra... Ermənilər dağıtmaqla kifayətlənməmişdilər, işğal etdikləri diyarı talamaqla yanaşı, ölümsaçan səhranı, otlaq və tarlaları isə mina sahələrinə çevirmişdilər. Məğlub vəziyyətdə geri çəkildikcə yaşayış evlərində partlayıcı qurğular yerləşdirmiş, salamat qalmış xəstəxanaları, uşaq meydançalarını, bağ və əkin yerlərini də minalamışdılar... Bəli, həqiqətən görüləcək iş çox idi və bütün bunları yoluna qoymaq üçün zəhmət tələb olunurdu. Həm də vaxt və vəsait...

Növbə Laçının idi... Dekabrın 1-də Azərbaycan Ordusu Laçına daxil olmuşdu. Bu münasibətlə laçınlıları təbrik edən dövlət başçısı: "...biz Laçını laçınlılara qaytaracağıq" deyib vəd də vermişdi...

Liderimizin heç bir vədi isə yerinə yetirilməmiş qalmır. Bir dönün işğaldan azad olunmuş ərazilərə baxın! Ağalıya, Talışa, Şuşaya, Füzuliyə... nəzər yetirin! Nə görəcəksiniz? Cənnət... Bütün bunlar dövlət başçısının rəhbərliyi ilə reallaşan Böyük Qayıdışın görüntüləridir. Biz sübut etdik ki, torpaqlarımıza sahib çıxmağa da, onu qorumağa da, cəhənnəmi cənnət etməyə də qadirik!..

Zümrüd QURBANQIZI,

"Respublika".