Brüssel görüşü
Siyasət

Brüssel görüşü

Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir

İlk olaraq Rusiyanın vasitəçiliyi ilə başlanan sülh danışıqları daha sonra Avropanın məsələyə münasibətilə yeni səviyyəyə qədəm qoydu. Lakin əminliklə deyə bilərik ki, bu günə qədər nə Rusiyanın, nə də Qərb dairələrinin proseslərə münasibəti sülh müqaviləsinin imzalanmasını reallaşdırmayıb. Buna baxmayaraq, danışıqların intensivləşməsi bir sıra məsələlərə aydınlıq gətirir ki, bu da sülh prosesində önəmli rol oynayır. Xüsusilə danışıqlar çərçivəsində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktı mühüm addım hesab edilir.

27-29 iyun tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparılmışdır. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər və onların heyətləri Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda irəliləyişə nail olublar. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib. "Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla sülh danışıqları apardıq. Biz uzunmüddətli razılaşmanın əldə olunması üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik. Dialoq davamlı sülhün açarıdır", - deyə ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi.

Lakin əfsuslar olsun ki, Vaşinqtonda keçirilən görüşün ardından növbəti dəfə törədilən erməni təxribatları Brüssel görüşü zamanı sülhə olan ümidləri azaldır. Sülh müqaviləsinin imzalanması real görünsə də, Nikol Paşinyan hər dəfə ümid verən açıqlamalarla çıxış etsə də, müqavilə hələ də imzalanmayıb. Sülh prosesinin təməlləri qoyulandan bəri Azərbaycan tərəfi öz haqlı mövqeyini bildirmiş, bu çərçivədə iki dövlət arasındakı sülhün bərqərar olması üçün konstruktiv addımlar atmışdır və proses sülh müqaviləsi imzalanana qədər davam edəcək. Sadalanan müddəalara baxsaq, görərik ki, danışıqlar prosesində səsləndirilən fikirlərin hər biri Azərbaycanın maraqlarına uyğundur.

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi Kişineu görüşü isə keçirilən digər danışıqlar çərçivəsində reallaşdı. Qeyd edilməli məqam ondan ibarətdir ki, bu dəfə Ermənistanın "bacısı" da danışıqlara qoşulmuşdu. Üstəlik, Ermənistanın istəyi əsasında. Əsas müzakirələr Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılsa da, Ermənistan növbəti "sülh" mesajını verərək sıradakı təxribatların planını qurdu. Azərbaycan isə Brüssel Sülh Gündəliyinə sadiq qaldığını hər fürsətdə göstərir. Lakin danışıqları dalana sürükləməyə çalışan Ermənistan hələ ki, qeyri-konstruktiv addımlar atmaqdan imtina etmək niyyətində deyil.

Brüssel formatında keçirilən görüşlərdən kənar olaraq mayın 25-də baş tutan Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan bir araya gəlmişdi. Lakin bu səfər Paşinyan sülh çağırışlarından kənar olaraq revanşist hisslərini masaya qoydu və bu, Ermənistan diplomatiyasının növbəti fiaskosu demək idi. İclasın sonunda Ermənistanın baş naziri Nikol Paşinyanın söz istəyərək İlham Əliyevin çıxışına münasibət bildirməsi hayların köhnə xislətindən xilas ola bilmədiyini əyani olaraq sübut edirdi. O, ölkə başçımızın Zəngəzur dəhlizi barədə sözlərini "ərazi iddiaları" adlandıraraq növbəti böhtan kampaniyasını başlatmağa cəhd etdi. Həmçinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı pozmaqda günahlandırdı. Prezident İlham Əliyev isə Zəngəzur dəhlizinin ərazi iddiası olmadığını və nəqliyyat kommunikasiyası mənasını daşıdığını naşı olan Nikola başa salmağa çalışdı. Bununla yanaşı, Laçın dəhlizinin qanunsuz bağlanması barədə Paşinyanın sözlərinə cavab olaraq İlham Əliyev bildirib ki, bu yolda nəzarət məntəqəsi dövlət sərhədində quraşdırılıb və erməni millətinə mənsub ölkənin istənilən vətəndaşı oradan rahatlıqla keçə bilər.

Danılmaz faktdır ki, Brüssel sülh gündəliyi Azərbaycan və Ermənistan arasındakı sülhü mümkün edə biləcək ən konstruktiv vasitədir. Belə ki, 14 may tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. Görüş bu formatda təşkil olunmuş əvvəlki görüşlər (14 dekabr 2021-ci il, 6 aprel 2022-ci il, 22 may 2022-ci il, 31 avqust 2022-ci il) kimi, Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan oldu. Xüsusi vurğulanmalıdır ki, 14 may görüşündə Brüssel formatı yenidən bərpa olunmuşdu. 2022-ci ilin avqustunda Brüsseldə keçirilmiş sonuncu üçtərəfli görüşdən sonra bu formatda danışıqlar aparılmamışdı. Belə ki, ötən ilin oktyabrında Praqada keçirilən görüşdən sonra bəzi problemlər meydana çıxmış, bu problemlərin yaranmasında əsas rolu isə Fransa oynamışdı. Praqada keçirilən görüşdən sonra Fransa Ermənistanın da istəyi ilə özünü danışıqlar prosesinə qoşmağa cəhd göstərmiş, hətta bunu İrəvanın dili ilə əsas şərt kimi irəli sürmüşdü.

Dünən isə sülh danışıqlarının növbəti raundu yenidən Brüsseldə baş tutdu. Üçtərəfli görüşdən əvvəl qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəldi. Avropa İttifaqı Şurasının mənzil-qərargahında birbaşa Şarl Mişel özü dövlətimizin başçısını qarşıladı. Ardınca isə Prezident İlham Əliyevin Şarl Mişellə görüşü baş tutdu. Görüş çərçivəsində Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirdi. Bununla yanaşı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlətimizin başçısı Brüssel formatının səmərəli olduğunu vurğuladı. Söhbət zamanı üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparıldı.

Üçtərəfli danışıqlar zamanı isə tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini növbəti dəfə müzakirə ediblər. Görüş zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Danışıqlarda Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsi də gündəmə gətirilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra mətbuata verdiyi açıqlamada bildirib ki: "Bugünkü görüşümüz məhsuldar oldu. Bu görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksəksəviyyəli görüşlər silsiləsinin davamıdır." Bununla yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, hər iki lider sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi"nə birmənalı bağlılıqlarını bir daha təsdiqlədi.

Brüssel sülh gündəliyinin nəticələrindən asılı olmayaraq qeyd etmək lazımdır ki, Avropa artıq Ermənistana qarşı əsaslı addımlar atmalı, təxribatların önünə keçməlidir. Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarımız tərəfindən dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdır. Humanitar missiya icraçısı hesab edilən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə qaçaqmalçılıq hallarına rast gəlinməsi beynəlxalq səviyyəli təşkilatın fəaliyyət prinsiplərini sorğulamağa vadar edir. Məhz bu xüsusda Avropa konstruktiv mövqe sərgiləməli, stabillik üçün çalışmalıdır.

Dövlət başçısının vurğuladığı kimi, bu gün Azərbaycan Cənubi Qafqazda barışa, sabit, dayanıqlı inkişafa üstünlük verir və bu məqsəd uğrunda əzmlə mübarizə aparır. Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatın müddəalarını, o cümlədən sülh prosesi çərçivəsində üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirməlidir.

Nurlan ABDALOV,

"Respublika".