Cənubi Çin dənizində gərginlik davam edir
Siyasət

Cənubi Çin dənizində gərginlik davam edir

Cənubi Çin dənizi – Sakit okeanda Şərqi Asiya, Hind-Çin yarımadası ilə Polavan, Luson, Kalimantan və Tayvan adaları arasında yerləşir. Həmin dənizdən Çin, Rusiya və Yaponiya gəmiləri istifadə edir. Dənizdən keçən yol qısalığı və təhlükəsizliyi ilə fərqlənir. Sinqapur boğazı ilə hərəkət edən və Şərqi Asiya istiqamətinə yönələn gəmilərin əksəriyyəti məhz bu dənizin ərazisindən keçir. Əsas limanları Xayfon, Xoşimin (Vyetnam), Syuqan, Quancjou (Çin), Maniladır (Filippin).

Cənubi Çin dənizi dünya xəritəsində ən mübahisəli nöqtələrdən biridir. Burada bir neçə ölkənin, ilk növbədə, Çin və ABŞ-ın maraqları toqquşur. Cənubi Çin dənizindəki ərazi mübahisəsi müharibə təhlükəsi yaradır.

ABŞ-ın vitse-prezidenti Kamala Harris Cənub-Şərqi Asiyaya ilk səfəri zamanı Sinqapurda keçirdiyi mətbuat konfransında ölkənin Cənubi Çin dənizində "aqressiv davranış"larına görə Çini günahlandırmışdı. Vitse-prezidentin çıxışı ərazidə gərginliyin artması və ABŞ-Çin münasibətlərinin pisləşməsi ilə nəticələnmişdi.

Amerika rəsmisi çıxışı zamanı deyib: "Pekin Cənubi Çin dənizinin əksər hissəsinə təzyiq etməyə, qorxutmağa və iddia etməyə davam edib". Onun sözlərinə görə, bu region Birləşmiş Ştatların təhlükəsizliyi və tərəqqisi baxımından Vaşinqtonun xarici siyasəti üçün prioritetdir. Yekun çıxışı zamanı vitse-prezident ABŞ-ın təhlükə qarşısında müttəfiqlərini tək qoymayacağını vəd edib.

Lakin Cənubi Çin dənizində artıq on illərdir davam edən mübahisə Çin, Bruney, Vyetnam, Tayvan (tanınmamış dövlət), Malayziya və Filippinlə bağlıdır. Onların hər biri buradakı adalar qrupuna iddia irəli sürür. Parasel adaları Çin, Vyetnam və Tayvan və Spratli arxipelaqı Çin, Bruney, Vyetnam, Malayziya, Tayvan və Filippin tərəfindən iddia olunur. Cənubi Çin dənizinə nəzarət, ilk növbədə, logistika yolları və təbii resurslara görə vacibdir. Bütün dünya ticarətinin təxminən 40 faizi yerli dəniz yollarından, eləcə də Malakka boğazından keçir. Çin neft və qaz idxalının 80 faizə qədəri bu dəniz vasitəsilə daşınır.

Bundan əlavə, 1970-ci illərin əvvəllərində burada əhəmiyyətli hidrokarbon ehtiyatları tapılıb. ABŞ-ın geoloji araşdırmalar üzrə mütəxəssislərinin məlumatına görə, onların həcmi 11 milyard barel neft və 5,9 trilyon kubmetr qaz təşkil edir. Çin alimlərinin məlumatına görə, Cənubi Çin dənizinin dərinliklərində 230 milyard barel neft və 16 trilyon kubmetr qaz yatır.

Coğrafi uzaqlıqlarına baxmayaraq, ABŞ bu sular uğrunda mübahisəni davam etdirir. 2016-cı ildə ABŞ Çinlə bağlı siyasətini sərtləşdirdi və Haaqa Tribunalının qərarını təsdiqləyərək Çinin dəniz iddialarını "tamamilə qanunsuz" adlandırdı.

"Naviqasiya azadlığı"nı təmin etmək üçün Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri əraziyə müntəzəm olaraq döyüş gəmiləri göndərirlər ki, bu da rəsmi Pekində etirazlara səbəb olur. Getdikcə artan toqquşma riski, xüsusilə də ölkələrin bir-birinin maraqlarını nəzərə almaması üçün ciddi şərait yaradır. Hərbi münaqişələrdən yayınmaq üçün Cənub-Şərqi Asiya Millətlər Birliyinin Çinlə mübahisəli sularda rəsmi davranış qaydaları üzərində müzakirələri davam edir. 2018-ci ilin noyabrında Çin bu sənədlə bağlı məsləhətləşmələri növbəti üç ildə (2019-cu ildən başlayaraq) başa çatdıracağına ümid etdiyini bildirib.

Bəs niyə Cənubi Çin dənizi ABŞ-Çin münasibətlərində bu qədər mübahisəli məsələyə çevrilib? Birincisi, Çinin dəniz maraqları, rəsmi Pekinin iqtisadi nüfuzu və hərbi gücü getdikcə artır. Bu böyük resurslar Çinə daha böyük güc verərək ABŞ və digər dövlətlərin regiona iddialar irəli sürməsinə imkan vermir. Çin uzun müddətdir ki, Cənubi Çin dənizinə iddiasına bəraət verir və bununla yanaşı, digər dövlətlərin balıqçı və dəniz hüquq-mühafizə gəmilərinə qarşı mübarizəni də gücləndirib. Lakin ən azı 2013-cü ildən Çin Cənubi Çin dənizinə daha çox vaxt, enerji və resurslar sərf edir.

Rəsmi Vaşinqton Cənubi Çin dənizini Asiya-Sakit okean regionunda dəniz maraqları üçün yüksək prioritetli su resursu, eləcə də ABŞ-ın beynəlxalq hüququn daha geniş prinsiplərinə sadiqliyinin mühüm simvolu hesab edir. Çıxış yolu kimi Birləşmiş Ştatlar Çinin bir tərəfdən adaları işğal etməsinə, süni adalar tikməsinə və dominantlığını iddia etməsinə mane olmağa çalışır.

Bu dəniz ərazilərinin əhəmiyyəti vurğulanır: dünya ticarətinin 90 faizi gəmilərlə daşınır və təxminən yarısı Cənubi Çin dənizi yaxınlığından keçir.

2018-ci ildən 2023-cü ilə qədər ABŞ-Çin münasibətləri istənilən səviyyədə olmayıb. Ticarət müharibəsi, pandemiya, texnologiyada rəqabət, Cənubi Çin dənizi və Tayvan boğazında artan gərginlik və Rusiya-Ukrayna münaqişəsinə qarşı yanaşmalar ölkələrin birbaşa iqtisadi uçuruma və fəlakətli hərbi qarşıdurmaya doğru irəliləməsinə dair fatalizm hissi yaratdı.

Noyabr ayında San-Fransisko yaxınlığında, OPEC-in iqtisadi liderlər həftəsi ərəfəsində prezidentlər Co Bayden ilə Si Cinpinin keçirdiyi görüş vəziyyəti sakitləşdirən prosesin kulminasiya nöqtəsi oldu. Hər iki tərəf iqtisadi və təhlükəsizlik məsələlərində bir sıra nəticələr elan etdilər və fikir ayrılıqlarını effektiv şəkildə həll edə biləcəkləri təəssüratını yaratmağa çalışdılar. Lakin ABŞ və Çin hələ də hərtərəfli güc mübarizəsində və qlobal oyunların qurulmasında iştirak etsələr də, maneələr davam etməkdədir.

Qalib ZEYNALOV,

Azərbaycan Universitetinin

IV kurs tələbəsi.