Daimi diqqət və qayğı borcumuzdur
Sosial həyat

Daimi diqqət və qayğı borcumuzdur

Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun valideynlərini ziyarət etmək üçün igidimizin doğulub boya-başa çatdığı evlərinə getdim. Bizi qəhrəmanımızın Zaqatala rayonunun Əli Bayramlı kəndindəki yurdunda qarşılayan atası Əşrəf kişi məğrur qaməti, şux duruşu, sadəliyi və alicənablığı ilə diqqətimizi ilk andaca cəlb etdi. Bu səbəbdən də çay süfrəsi arxasında davam edən söhbətimiz sona qədər səmimi oldu. Natiqin qəhrəmanlığını vətənə və xalqa yüksək bağlılıq nümunəsi kimi dəyərləndirən həmsöhbətim bunu dövlət siyasətinə uyğun olaraq ailə tərbiyəsinin məntiqi nəticəsi hesab etdiyini bildirdi.

Qeyd etdi ki, həyat yoldaşım Səfiyyə xanımla uşaqlarımızı vətənə və torpağa bağlı insan kimi böyütməyi qərara almışdıq. Belə də oldu, Natiq də arzularımızı çin etdi. Hələ kiçik yaşlarından qəhrəmanlıq göstərməyə çalışırdı. Valideyn olaraq bizim üçün qürurlu haldır ki, oğlumuz vətən uğrunda qəhrəmanlıq göstərib. Belə ki, Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza hücumunun qarşısının alınmasında igidliklə vuruşan Natiq bir əsgər olaraq dövlət çevrilişi törətməyə cəhd edən qiyamçı dəstənin zərərsizləşdirilməsi əməliyyatında qəhrəmancasına şəhid olub. 1994-cü ilin oktyabrın 5-də isə Bakıda Azadlıq meydanında Ulu Öndər Heydər Əliyevin çağırışı ilə keçirilən mitinqi çoxları kimi, mən də televizordan canlı izləyirdim. Ümummilli Liderimiz xalqa müraciət xarakterli çıxışında dövlət çevrilişi törədən qüvvələrin zərərsizləşdirilməsi zamanı xüsusi xidmət göstərən əsgərlər haqqında danışdıqdan sonra onların rəşadətinin yüksək qiymətləndirildiyini və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü dedi.

Ulu Öndər Heydər Əliyevlə ilk görüşünün Prezident sarayında 1996-cı ildə olduğunu xatırladan Əşrəf kişi bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün qorunması, dövlət çevrilişlərinin qarşısının alınması və qiyamçı dəstələrin zərərsizləşdirilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhid Milli qəhrəmanların valideynləri ilə həmin vaxt Prezident Heydər Əliyevlə keçirilən görüşdə mən də iştirak edirdim. O günləri indiki kimi daim xoş və əbədi xatirə kimi daim xatırlayıram. Dövlət başçısı görüşdən əvvəl bütün şəhid valideynləri ilə görüşmək üçün otağa daxil oldu. Növbə mənə çatanda mən də qürur hissilə Ümummili Liderimizin əlini bərk sıxanda üzünü mənə çevirib gülümsəyərək dedi ki, dağ adamına oxşayırsan. Onun bizimlə görüşü və qəhrəman övladlarımız haqqında dediyi xoş sözlər hər birimizin qəlbində əbədi olaraq qalır. Vətən üçün qeyrətli və igid oğullar böyütdüyümüzə görə hər birimizə təşəkkürünü bildirdi.

Şəhid ailələrinin böyük dayağı olan Ulu Öndərlə bu təkbətək görüşdən sonra 4 dəfə də geniş tərkibdə görüşmüşəm və onun son dərəcə səmimi, qayğıkeş və təvazökar lider və rəhbər olduğunun canlı şahidi olmuşam. Dünyada bu qədər proseslər baş verir, lakin bizdəki qədər şəhid ailələrinə, qazilərə və veteranlara heç bir ölkədə belə yüksək səviyyədə qayğı göstərilmir. Evlər verilir, bütün sosial problemlər həll edilir, şəhidlərin adları əbədiləşdirilir. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti müsbət bəhrəsini verir və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi sayəsində uğurla davam etdirilir. Bu gün Ulu Öndərin bütün ideyaları ilə yanaşı, şəhid ailələrinə xüsusi diqqətin də yüksək səviyyədə həyata keçirildiyini deyən Milli Qəhrəman atası söhbət əsnasında bu istiqamətdə Heydər Əliyev Fondunun gördüyü işlərə də toxundu. Mehriban xanım Əliyevanın rəhbərliyi sayəsində fond tərəfindən şəhid ailələrinə böyük qayğı və köməklik göstərilir.

Hər bir valideynin ən böyük arzusu övladını vətənpərvər və igid böyütməkdir. Mən də həyat yoldaşım Səfiyyə Məmmədova ilə birlikdə dövlətə layiq oğul böyütdük. Oğlumuz Natiq Məmmədov 1990-cı ildə kənd orta məktəbinin rus dili bölməsinin səkkizinci sinfini bitirdikdən sonra təhsilini Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində davam etdirmiş, mexanizator ixtisasına yiyələnmişdir. Bir müddət "Dağıstan" kolxozunda çalışmışdır.

O, 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, bir müddət təlim keçdikdən sonra Füzuli, Ağdam, Tərtər istiqamətlərində ağır döyüşlərdə iştirak etmişdir. 1994-cü il 4 oktyabr hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsi zamanı böyük şücaət göstərərək şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 oktyabr 1994-cü il tarixli fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Zaqatala rayonunda yerləşən uşaq bağçası Natiq Məmmədovun adını daşıyır.

 

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".