Dəmir yolu infrastrukturunun mühafizəsi hərəkətin təhlükəsizliyinə xidmət edir
Digər xəbərlər

Dəmir yolu infrastrukturunun mühafizəsi hərəkətin təhlükəsizliyinə xidmət edir

ADY-dan verilən məlumatda bildiririk ki, mayın 31-i saat 00:30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmiryol keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilmiş, daha sonra isə növbətçi otağına ziyan vurulmuşdur. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Hüseynov Allahverdi Etibar oğlu saxlanılmışdır. Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmamışdır. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilmişdir.

Maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə quraşdırılmış Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektirik naqilləri sıradan çıxıb. Dəmir yolu infrastrukturuna ziyan vurulması, qatarlara daş atılması, dəmir yolu relslərinin üzərinə kənar əşyaların qoyulması, eləcə də dəmir yolunun üst quruluş elementlərinin oğurlanması və digər neqativ hallar qatarların qrafik üzrə təhlükəsiz hərəkətinə, sərnişinlərin və piyadaların həyatına, o cümlədən dəmir yolları ilə daşınan yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə təhlükə yaradır.

Vətəndaşlara tövsiyə edirik ki, dəmir yollarının xüsusi əhəmiyyətli obyekt olmasını nəzərə alaraq əmlaka zərər vurulması  və oğruluq halları ilə rastlaşdıqda ADY-nin “1822” qaynar xəttini və DİN-in “102”  xidməti-zəng mərkəzini dərhal məlumatlandırsınlar.

Əli SADIQOV,

“Respublika”.