Dost sevinir, düşmən xar olur
Siyasət

Dost sevinir, düşmən xar olur

İkinci Qarabağ müharibəsində tarixinin ən parlaq qələbəsinə imza atan Azərbaycan 30 il düşmən əsarətində qalmış əzəli torpaqlarının bərpasına, yenidən qurulmasına başlayıb.

44 günlük Vətən müharibəsində azad edilən Qarabağ torpaqları indi böyük tikinti meydanına çevrilib. Bölgədə əhalinin dayanıqlı məskunlaşması və davamlı iqtisadi aktivliyin təmin olunması məqsədilə həyata keçirilən quruculuq işləri geniş vüsət alıb. Bu yerləri abadlaşdırmaq, sülh, əmin-amanlıq məkanına çevirmək, toy-büsatlı günlərinə yenidən qovuşdurmaq üçün dövlətimiz bütün gücünü səfərbər edib. Nəhəng tunellərin çəkildiyi, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi Qarabağ və Şərqi Zəngəzur qısa müddət ərzində möhtəşəmliyi, müasirliyi ilə dünyanı heyran qoyacaq.

Düşmənin yerlə-yeksan etdiyi Zəngilan, Cəbrayıl, Qubadlı, Ağdam, Şuşa, ümumiyyətlə, erməni vandallığına məruz qalmış bütün ərazilərdə mühüm layihələr həyata keçirilir, yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlər, obyektlər tikilir, yollar çəkilir, yeni infrastruktur yaradılır. Erməni vəhşiliyinin qurbanı olan, 3 il öncə bir həyat nişanəsi belə tapmaq mümkün olmayan şəhər, kənd və qəsəbələrimiz gündən-günə dirçəlir. Şəhərlərin baş planları, kəndlərin inkişaf konsepsiyası hazırlanır və təhlükəsiz yaşayışın təmini, strateji əhəmiyyətli infrastrukturun qurulması, ətraf mühitin bərpası istiqamətində mühüm əhəmiyyətli layihələr icra olunur: "Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik", - deyən ölkə başçısı İlham Əliyevin xüsusi nəzarəti ilə keçmiş məcburi köçkünlər Böyük Qayıdış proqramı çərçivəsində mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdırlar. Genişmiqyaslı işlərin nəticəsində ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Dövlət başçısı 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma evlərinə qayıdacağını bildirib.

Böyük Qayıdışla bağlı hədəflər uğurla reallaşdırılır, işğaldan azad edilmiş rayonlarda müasir ticarət və logistika mərkəzləri, iqtisadi zonalar yaradılır. Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı elektrik təchizatını təmin etmək, işğaldan azad edilən ərazilərdə "Azərenerji" tərəfindən tikilən onlarla su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün "Cəbrayıl" enerji qovşağının istismara verilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, 330/110 kV-luq "Cəbrayıl" qovşaq yarımstansiyası Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə Avropa enerji bazarlarına əlavə çıxış əldə edir və ixracı artırmaq imkanına malikdir. "Cəbrayıl" qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə tikilən 330 kV-luq "Ağcabədi" yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin, "Holcim Azərbaycan" ASC, "Az-Tex-Import" MMC, "Improtex Qarabağ Sənaye Kompleksi" MMC-nin müəssisələrinin tikintisi işğaldan azad olunmuş ərazilərin Azərbaycan iqtisadiyyatına inteqrasiyası istiqamətində atılan əhəmiyyətli addımlardır.

Təməli qoyulan sosial-infrastruktur obyektləri, inzibati binalar, xəstəxanalar, təhsil müəssisələri, peşə məktəbləri, parklar, məscidlər otuz il doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin rahat həyat şəraitinin təmin olunmasına xidmət edir. Ağalı, Talış kəndlərində yaşayışın bərpa edilməsi, Laçın şəhərinin mərkəzində quruculuq işlərinin demək olar ki, yekunlaşması, Zabux və Sus kəndlərində tikintinin intensiv şəkildə davam etdirilməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlətin həyata keçirdiyi siyasətdə ən prioritet məsələ olduğunu təsdiq edir.

Ötən il sentyabrın 29-da "Şəhərsalma Həftəsi 2023" tədbirləri çərçivəsində Zəngilanda "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində Prezident İlham Əliyev demişdir: "İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırdığımız minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Bu, təbii ki, parlamentdə yenidən müzakirə ediləcək və dediyim kimi, Azərbaycan bunu öz şəxsi dövlət vəsaiti hesabına həyata keçirir. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq. Burada istisna iki qardaş ölkədir - Özbəkistan və Qazaxıstan prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. Özbəkistan Füzulidə məktəb tikdi, digəri isə yekunlaşmaq üzrədir".

Dünən Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin şəxsi qərarı ilə tikilən yaradıcılıq mərkəzinin keçmiş məcburi köçkün uşaqlarının təhsil ocağı olmaqla, həm də iki ölkənin qardaşlığının, dostluğunun mərkəzi adlandıran dövlət başçımız bunu Qazaxıstanın Azərbaycana qardaş köməyi kimi dəyərləndirib. Bəli, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini təmin etməsi dost, qardaş ölkələri elə Azərbaycanın özü qədər sevindirir. Türkiyə, Pakistan, İsrail, Macarıstan, İtaliya və s. dost ölkələrin şirkətləri ilə kontraktların bağlanması, iş adamlarının işğaldan azad olunmuş ərazilərə sərmayə yatırması, yeni müəssisələrin qurulması bunun əyani sübutudur.

Bəli, Azərbaycan işğaldan azad etdiyi ərazilərini yenidən qurur. Düşmənə, onun havadarlarına gözdağı olan Qarabağ və Şərqi Zəngəzur tezliklə çiçəklənən diyara, xarici turistlərin üz tutacaqları gəzməli, görməli məkana çevriləcək və böyük sevinclə, qürurla, geniş ürəklə öz qapılarını dostların üzünə açacaq...

Mehparə ƏLİYEVA,

"Respublika".