Dostunu göstər, deyim sən kimsən...
Siyasət

Dostunu göstər, deyim sən kimsən...

"Avropa Parlamenti Ermənistanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinə dair qətnamə qəbul edib. Bu, ona görədir ki, Ermənistan Aİ-yə üzv olmağa namizəd olarsa, Avropa Parlamenti bu prosesi asanlaşdırmalıdır". Bu sözləri Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Ərköyün uşaq kimi tələb etməkdən çəkinməyən hayların rəsmisi indi də Avropa Parlamentinin onlar üçün yaratdığı bu fürsətlə kifayətlənmir və daha çoxunu istəyir. Maraqlıdır, Nikol çəkinmədən səsləndirdiyi: "Avropa Parlamenti bu prosesi asanlaşdırmalıdır", - deyəndə heç düşünmədi ki, nəyə əsasən qurum bunu etməlidir? Parlamentin Ermənistana borcumu var? Hər hansı qurum onlar üçün qeyd-şərtsiz yardım göstərməlidir?

Əslində Qərbin bu kimi addımları əbəs yerə atdığını düşünmək sadəlövhlük olardı. Məlum məsələdir ki, avropalılar heç bir qazancları olmayan yarışa pul qoymurlar. Elə cavab da bu detalın altında gizlənib.  Balaca şəkər parçasına aldanan haylar  vədlərə şirnikləşib uçuruma doğru irəliləyir. Hər iki tərəfin riyakar və öz mənafeyi uğrunda hər şeyi, hər kəsi qurban verəcək dərəcədə gözlərinin kor olması isə əslində baş verənlərə görə heç də təəccüb yaratmır.

Ermənistanın baş naziri hökumət iclasında onu da qeyd edib ki, Avropa İttifaqı ilə ölkəsinin yaxınlaşmasında erməni xalqının fikrini nəzərə almaq lazımdır. Gülməlidir, çünki heç bir qərarında vətəndaşları düşünməyən Nikol indi mühüm məsələdə həmyerlilərindən məsləhət almaq istəyir. Bunu isə o, heç də əbəs yerə etməyib. Çünki son dönəmlər xalqın davamlı olaraq baş nazirin istefasını tələb etməsi və etiraz aksiyaları keçirməsi qarşısında Paşinyan öz düşüncəsilə guya həmvətənlilərinə "jest" edir.

Bundan başqa, Nikol açıqlayıb ki, Aİ-nin Ermənistandakı missiyasının mandatı daha iki il uzadıla bilər. Görünür, baş nazir sülh məsələsini də 2 il uzatmaq istəyir. Əks təqdirdə, sərhədə silah yığmaqdan başqa heç bir fəaliyyəti olmayan "xoşməramlı"ların bölgədə yerləşməsinin məntiqi əsası yoxdur. Bütün bu açıqlamalar, həmçinin Avropa Parlamentinin qəbul etdiyi qətnamə bir sıra ermənipərəst qüvvələr tərəfindən alqışlanıb. Onlardan biri də məhz Fransa parlamentinin üzvü, Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Ann Lourens Peteldir. O, öz şəxsi sosial media hesabında yazıb ki, Avropa Parlamentinin Ermənistanın Aİ-yə mümkün namizədliyinə yol açan qətnaməni qəbul etməsi erməni demokratiyasını və ermənilərin öz taleyini Avropa ilə birləşdirmək istəyini dəstəkləmək üçün mühüm addım olub. Qeyd edək ki, Petelin açıqlamasından az sonra beynəlxalq KİV-də onun başçılıq etdiyi nümayəndə heyətinin martın 24-dən 27-dək Ermənistanda səfərdə olacağı xəbəri yayılıb.

Petel Parlamentdə İqtisadi Məsələlər Komitəsində xidmət göstərir. Bəlli məsələdir ki, Fransada bir çox qurumların, həmçinin deputatların maliyyə dəstəyi məhz erməni lobbiləri tərəfindən qarşılanır. İqtisadiyyatdan yaxşı başı çıxan fransalı xanım da öz dəstəkçilərinin etibarını doğrultmaq üçün Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi fəaliyyət göstərərək onların arzularını dünyaya çatdırır. Odur ki, sosial şəbəkələrdə aktiv şəkildə paylaşım edən Petel davamlı olaraq Aİ-nin əsas strukturlarının rəhbərlərini Qarabağda baş verənlərə "biganə" yanaşdıqlarına görə tənqid edir. Sərt sözlərdən istifadə edən deputat həmin rəsmiləri "ədalətli olmağa" çağırıb. Əsl haqq-hüquqdan bixəbər olan Petel utanmazcasına hələ ölkəmizi də ittiham edir və bizə cinayət törətdiyimiz haqqında böhtan atır. Bundan başqa, o, balaca azərbaycanlı uşaqların videosunu üzüaçıq şəkildə paylaşaraq təhqiramiz sözlər yazıb. Fransalı deputat pula şirnikləşən yaramaz şəxsiyyəti ilə yanaşı, görünür etik dəyərlərdən də məhrumdur. Məsum körpələrin üzlərini göstərərək paylaşım etmək və onları qınaq obyektinə çevirmək heç bir əxlaqa sığmır, onun siyasətlə əlaqəsi yoxdur. Videoda isə azərbaycanlı uşaqlar "Soyumuz Türkdür, yolumuz Turandır" deyir. Burada Fransa üçün hər hansı bir təhdid də yoxdur. Nəyə əsasən belə bir paylaşım edilməsi isə onun çirkin niyyətindən xəbər verir. O, videonun üzərinə: "Hər yerdə insanlar normal uşaq yetişdirir, dinc yaşamaq üçün şərait yaradır, amma Azərbaycanda uşaqlar terror rejimi və erməni nifrəti altında böyüyür", - deyə yazıb. Belə çirkin niyyətli insanların təxribatlarına Azərbaycan lazımi cavabı verir və həqiqətləri bir-bir sübut edir. Azərbaycanın heç bir vətəndaşına fransalı deputatın söz demək haqqı yoxdur.

Töhfə SƏMƏDOVA,

"Respublika".