Dünyanı heyrətə salan oldunuz
Region

Dünyanı heyrətə salan oldunuz

Vətən müharibəsinin şəhidi  Amal Seyfəddin oğlu Alışanlının anım günü ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları Şirvan şəhər Şəhidlər Xiyabanında şəhidin abidəsini ziyarət etdilər. Şəhər icra hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhid  Amal Alışanlının abidəsi önündə çıxış edərək ailəsinə başsağlığı verdi, Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə valideynlərinə təşəkkür etdi.

Mərasimdə Aynur Fərzəliyeva Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Qüdrətli ordumuz, qəhrəman oğullarımız sayəsində üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmasından hər bir azərbaycanlının qürur duyduğunu vurğuladı. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı. Şanlı Zəfəri tariximizə yazan, xalqımıza qalibiyyət sevincini yaşadan bütün əsgər və zabitlərimiz kimi Amalın da ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırdı.

YAP  Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, din xadimi Hacı Vasif şəhidin abidəsi önündə çıxış edərək torpaqlarımızın azadlığı, ərazi bötüvlüyümüz uğrunda canından keçən şəhidlərimizin heç vaxt unudulmayacaqlarını, xatirələrinin hər zaman uca tutulacağını qeyd etdilər. Şəhidin atası Seyfəddin Alışanov və anası Reyhanə xanım övladları ilə qürur duyduqlarını bildirdilər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tədbir iştirakçıları şəhid məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir dilədilər. Anım tədbirindən sonra şəhid Amal Alışanlının  xatirəsinə ehsan süfrəsi təşkil edildi. Qeyd edək ki, şəhid Amal Alışanlı “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Öz müqəddəs amalı uğrunda şəhid olan Amal kimi oğulların şücaətinə gözəl misralar həsr olunub:

                             Dünyanı heyrətə salan oldunuz,

                             Azadlıq odunda yanan oldunuz.

                                       Tofiq HÜSEYN,

                                      “Respublika”.