Dünyanın ümidinə çevrilən Türk əsri
Siyasət

Dünyanın ümidinə çevrilən Türk əsri

Prezident İlham Əliyevin noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında 10-cu yubiley Zirvə görüşündə iştirakı, toplantıda səsləndirilən fikirlər və keçirilən ikitərəfli görüşlər tarixi hadisəyə çevrilməklə dünyanın diqqət mərkəzində olub. Azərbaycanın böyük Türk dünyasının bir hissəsi olduğunu vurğulayan Prezident İlham Əliyevin dostluğumuzun, qardaşlığımızın əbədi olacağına və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artacağına, Türk dövlətləri arasında reallaşdırılan layihələrin, Xəzərdən keçən Şərq-Qərb layihəsinin - Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərin davam edəcəyinə əminliyini ifadə edən fikirləri beyin mərkəzləri tərəfindən təqdir edilib.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd olmaqla doqquz zirvə görüşü keçirilib. Azərbaycan Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təsisat çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə mühüm təşəbbüslərlə çıxış edib.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər ümumən Türk dünyasının nüfuzunu artırıb. Bu, bütün Türk dünyasının zəfəridir. Vətən müharibəsi zamanı Türk dövlətlərində sadə insanlar belə sosial şəbəkələr vasitəsilə Azərbaycana dəstəklərini ifadə edirdilər. 2021-ci ildə İstanbul Zirvə görüşündə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək Türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə Prezident İlham Əliyev "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilib. Türk Dövlətləri Təşkilatı Azərbaycanın keçmiş münaqişə ilə bağlı haqlı mövqeyini hər zaman dəstəkləyib. Azərbaycanın təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir. Sərhədlərimizə yaxın zonada gərgin vəziyyət müşahidə olunur. Prezident bununla bağlı deyib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlandırılır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artırılmalıdır.

"Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir". Bu fikri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında deyib. Etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin xalqlarımız arasında münasibətlərin təməlini təşkil etdiyini vurğulayan dövlət başçısı bildirib ki, 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib.

Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir. Son iki il ərzində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər həyata keçirdiyini deyən dövlət başçısı qardaş dövlətlərin rəhbərlərinin də həmin dövrdə Azərbaycana çoxsaylı səfərlər etdiklərini vurğulayıb. Prezident Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinə verilən dəstəyə görə də minnətdarlığını bildirib.

Zirvə görüşündə çıxışında ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başladığını vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb.

Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

"Dünya ümidini türk əsrinə bağlayıb". Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının "Türk əsri" çağırışı altında Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündən qayıdarkən jurnalistlərə müsahibəsində bu fikri bildirib. Türk Dövlətləri Təşkilatı beynəlxalq sistemdə təsirli və davamlı həll yolları tapmaq üçün dünyanın yüksələn gücünə çevrilib. Uzun illərdir, dünyada sistem böhranı var: "Bu sistem böhranı qarşısında biz türk dövlətləri olaraq, elə bir addım atmalıyıq ki, türk dövlətləri arasında güc birliyi olsun. Bu qüvvələrin birliyinə siyasi, hərbi, iqtisadi və kommersiya ölçüləri də daxil olmalıdır".

Prezident İlham Əliyev də təşkilatın gələcəyinə böyük inamını ifadə etmişdir. Tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz bu birliyi diktə edir. Türk dünyasını böyük bir ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bir-birimizin milli maraqlarını nəzərə almağa, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməyə çağırış edib. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Mustafa KAMAL,

"Respublika".