Düşmən ölkə nə edəcəyini bilmir
Digər xəbərlər

Düşmən ölkə nə edəcəyini bilmir

“Dövlət naziri” vəzifəsindən azad olunan Ruben Vardanyanın Qarabağdan qovulmasından sonra buradakı erməni icmasının kimin vasitəsilə ölkəmizlə danışıqlar aparacağı sual doğurur. Xatırladaq ki, Vardanyanın Xankəndidəki qanunsuz fəaliyyəti iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirmişdir. Çünki onun məqsədi Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasının qarşısını almaq idi. Ortalıqda gəzməkdən başqa heç bir işə yaramayan Ruben buradakı ermənilər tərəfindən də böyük narazılıqla qarşılanmışdır. Azərbaycanın müvafiq dairələri ilə danışıqlar Qarabağ erməniləri üçün vacib məsələlərdən biri hesab olunur. Bu baxımdan hər hansı bir siyasi fiqurun ortaya çıxması onların gələcəyini sual altında qoymuşdur. Qarabağdakı qanunsuz hərbi birləşmənin keçmiş komandiri Samvel Babayan bu məsələdə öz fikrini bildirərək  Azərbaycanla danışıqların qarşılıqlı etimadla baş tutmasının mühümlüyünü qeyd etmişdir: “Əgər barışmaq lazım olduğunu düşünsələr, o zaman biz qarşılıqlı etimad mühiti yaratmalıyıq”. Əslində, Babayanın bu sözlərinə də inanmaq olmur. Ermənilərdən etimad gözləmək qeyri-mümkündür. Erməni deputat, general Qaqik Melkonyan isə Vardanyanın işlərə əngəl yaratdığını, onun aradan götürülməsinin mütləq olduğunu demişdir. Bundan başqa o, Babayanın Qarabağa vəzifə üçün göndərilmədiyini bildirmişdir: “Babayan dedi ki, məni Qarabağa ikinci şəxs təyin edin. Mənə 100 gün vaxt verin, Qarabağdakı insanların həyatında və danışıqlara münasibətdə dəyişiklik edəcəm”. Vəziyyətə nəzər saldıqda Ermənistanın necə gülünc hala düşdüyünün bir daha şahidi oluruq. Özbaşınalıqmı deyək, cahillikmi deyək, istəyən vəzifəyə gəlir, istəyən vəzifədən gedir. Hələ kimlərinsə Qarabağa “öz təklifi” ilə getməsi ölkənin siyasi cəhətdən zəifliyini təsdiqləyir. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Ağvan Vardanyan isə Babayanın Qarabağda nə işlə məşğul olduğunun bilinmədiyini deyib. Şübhəsiz, hər ağızdan bir avaz gəldikdə, dövlət də nə edəcəyini bilmədikdə vəziyyət belə gərgin olmalı idi.

Qeyd edək ki, Vardanyanın Qarabağdakı qanunsuz fəaliyyəti Azərbaycanın kəskin tənqidinə məruz qalmışdır.  Prezident İlham Əliyev 2022-ci il noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər də bunu ehtiva edir:  “Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın bir gündəliklə göndərilib”.

Azərbaycanın əbədi ərazisi olan Qarabağdakı ermənilərin hüquqları məsələsinə gəldikdə isə ölkə başçımız öz mövqeyini açıq şəkildə bəyan etmişdir. Buradakı ermənilər düzgün addım atmalı və anlamalıdırlar ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Dövlətimizin Konstitusiyasına əsasən, ölkə ərazisində yaşayan bütün vətəndaşlar milli, dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquq və azadlığa malikdirlər. Ölkəmiz daim  bütün vətəndaşlarının hüquqlarını qoruyur. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etdikləri təqdirdə eyni hüquqa malik olacaqlar.

Nəzrin ELDARQIZI,

“Respublika”.