ƏBƏDİ MÜSTƏQİLLİK TARİXİ YAZAN ULU ÖNDƏR
Digər xəbərlər

ƏBƏDİ MÜSTƏQİLLİK TARİXİ YAZAN ULU ÖNDƏR

"Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir".

Heydər ƏLİYEV,

Ümummilli Lider.

Xalqımız üçün Ümummilli Lider Heydər Əliyev yeni Azərbaycanın böyük yaradıcısı və qurucusu, əsl mənada xilaskar və müdrik rəhbər olub. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə azərbaycançılığın banisi və dövlətçiliyin yaradıcısı kimi qızıl hərflərlə yazılıb. Bu illər ərzində 1969-cu il iyulun 14-dən rəhbərlik etməyə başladığı Azərbaycanın əldə etdiyi bütün ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır. Bu məsələyə daha geniş kontekstdən yanaşsaq, əmin olarıq ki, Heydər Əliyev Azərbaycan xalqının 40 ilə yaxın dövrü əhatə edən tarixinin simvoludur.

Müstəqil Azərbaycan Heydər Əliyevin möhtəşəm əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Heydər Əliyevin çətin, keşməkeşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır.

Ulu öndər özünün siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində, zəngin və mənalı həyatı yolunda hər an xalqı ilə olmuş, onu düşünmüş, Azərbaycanın ən çətin məqamlarında ölkəni üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir. Vətənini və millətini ürəkdən sevən, bütün ömrünü onun tərəqqisinə həsr edən Heydər Əliyevin həyat fəlsəfəsi onun bu sözlərində çox gözəl ifadə edilmişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə vermiş və bütün uğurlarımı təmin etmişdir".

Xalqımızın Ümummilli Liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır.

Böyük siyasət və dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli Liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur.

Milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olunmasını bir daha dünyaya sübut etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğuna, insanların azad və sərbəst yaşamalarına, insan haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı. Deməliyik ki, müstəqil dövlətimizin Konstitusiyası Heydər Əliyevin şah əsəridir. Ona görə ki, Milli Konstitusiyanın hazırlanması və qəbul edilməsinin müəllifi məhz Heydər Əliyevdir.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmışdır. 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir.

Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması və habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir. Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə müəyyən tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında Ümummilli Lider Heydər Əliyev demişdir: "Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir". Heydər Əliyevin Hüquq İslahatları Komissiyasındakı bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir. Hüquqi islahatların davamı olaraq ölkəmizdə digər çoxsaylı müvafiq qanunların, habelə yeni münasibətlərə uyğun Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, Əmək, İnzibati Xətalar, Cəzaların İcrası və digər məcəllələrin qəbulu respublikamızda bu sahədə atılan addımların qətiyyətini daha da artırdı.

Ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, dövlətimizə və xalqımıza şərəflə xidmət edən, hüquq-mühafizə orqanı statusu olan Ədliyyə Nazirliyinin formalaşdırılması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə, gərgin iş və prinsipial siyasi iradə nümayiş etdirilməsi hesabına reallaşıb. Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib, nazirliyin səlahiyyətləri genişlənib, cəmiyyətdə nüfuzu artıb. Ulu Öndərin ədliyyə sahəsində apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamla Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilib. Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə Ulu Öndər Heydər Əliyev Azərbaycanın ədliyyə tarixinə özünün daha bir şərəfli imzasını atmışdır. Qürur hissi ilə qeyd etmək istərdim ki, Ulu Öndərin bu yüksək diqqəti ədliyyə işçiləri tərəfindən dərin iftixar və minnətdarlıqla qarşılanır.

Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi.

Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və titanik inkişaf dövrünü yaşayır. Çünki Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

Ötən dövr ərzində Azərbaycan Respublikasının qət etdiyi uğurlu yol Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. Ulu Öndərin xatirəsi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin ehtiramla yad edilir. O, hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır! Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Dünyanın harasında olursa-olsun, Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Ulu Öndərin "Nə qədər ki, Azərbaycan var, müstəqil Azərbaycan dövləti var, mən də varam, mən Azərbaycanda əbədi olacağam" sözləri tarixin yaddaşına əbədi həkk olunmuşdur. Onun həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir! Mirası isə bugünkü müstəqil Azərbaycandır!

Bəli, bir həqiqət danılmazdır - biz Qarabağ zəfərinə vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanılmış və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin gərgin əməyi və siyasi mübarizəsi nəticəsində nail olmuşuq. Heydər Əliyev Qarabağ problemini nəinki beynəlxalq tədbirlərdə, nüfuzlu təşkilatların tribunalarında qabartmış, səfər etdiyi ayrı-ayrı ölkələrdə görüşlərdə əcnəbi jurnalistlərin suallarını cavablandırarkən də münaqişənin həlli istiqamətində qətiyyətli mövqeyini ortaya qoyub. Biz azərbaycanlılar xoşbəxt millətik, çünki uca Tanrı Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etmişdir. Heydər Əliyevin öz xalqına qoyub getdiyi zəngin və tükənməz irsindən hələ neçə-neçə yeni nəsillər bəhrələnəcək, yaşayıb-yaradacaq. Heydər Əliyevin irsi - həm Qarabağ zəfərinin bünövrəsi, həm də gələcək nəsillərin xoşbəxt və firavan həyatının zəminidir. Bu gün Ümummilli Liderimizin arzuladığı bir Azərbaycan var. Ulu Öndərin bu gün ruhu şaddır ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, şanlı bayrağımız Qarabağ torpağında dalğalanır.

Ümummilli Lider Heydər Əliyevin zəkası, ideyaları daim Azərbaycanın üzərində Günəş kimi parlayacaq, yolumuzu nura qərq edəcək!

Ülviyyə MEHDİYEVA,

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı.