Ermənistanın silahlandırılması Azərbaycana xəyanətdir
Digər xəbərlər

Ermənistanın silahlandırılması Azərbaycana xəyanətdir

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatmaqla yanaşı, regionun hazırkı mənzərəsini dəyişdi. İndi Cənubi Qafqazda güc mərkəzi, söz sahibi Azərbaycandır. Bu isə bir sıra dövlətlərin qısqanclığına səbəb olub. Müharibə bitdikdən sonra Azərbaycan Ermənistan tərəfinə sülh təklif edib mehriban qonşuluq şəraitində yaşamaq istəyini nümayiş etdirsə də, Fransa, İran və Hindistan kimi dövlətlərin ölkəmizə qarşı açıq düşmənçilik siyasəti aparması Azərbaycanın gücünü həzm edə bilməmələrindən irəli gəlir.

Bütün dünya dövlətlərinə məlumdur ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilən torpaqlarını 30 il sonra öz gücü hesabına azad etdi. Ölkəmiz Ermənistanla sülh sazişi ilə bağlı danışıqlar aparmağa çalışdığı bir zamanda Hindistan və İran kimi dövlətlər vəziyyəti daha da gərginləşdirməyə, yeni müharibə ocağı alovlandırmağa çalışırlar. Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozurlar. Artıq dünya ölkələri çox gözəl bilir ki, Ermənistan təcavüzkar ölkədir. Amma buna baxmayaraq, Hindistan, İran və s. bu ölkəni silahlandırmağa çalışırlar. Məlumdur ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan Ermənistanla münasibətlərini daha da sıxlaşdırdı. Hər iki ölkə arasında hərbi müqavilələr imzalandı. Hələ 2020-ci il Vətən müharibəsi zamanı erməni mediası yazırdı ki, Hindistan Ermənistana ümumi qiyməti 40 milyon dollar olan 4 ədəd "Swathi" radarı tədarük edib. Qonşu Ermənistana "Pinaka" zenit-raket sistemi və uzaqmənzilli silahlar satan Hindistanın bu addımı özünün də üzv olduğu Qoşulmama Hərəkatının prinsiplərinə ziddir.

Hindistan vaxtı keçmiş, yararsız silahlarını satmağa, İran isə bu silah və hərbi texnikaların Ermənistana daşınmasına şərait yaradır. Bu isə adıçəkilən dövlətlərin Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək cəhdləridir. Verilən məlumatlara görə, keçən il Hindistan Ermənistana 270 milyon dollar həcmində silah və hərbi texnika satıb. Bu il isə 400 milyon dollar həcmində silah satılması nəzərdə tutulur. Azərbaycan tərəfi dəfələrlə Hindistana məsələ ilə bağlı öz iradını bildirib. May ayının 19-da ölkə başçısı İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini bildirməklə yanaşı, Ermənistanda revanşist qüvvələrin baş qaldırdığını, təcavüzkar ölkənin yüz milyonlarla dollar dəyərində silah almasını da səfirin diqqətinə çatdırmışdır. Ölkə başçısı demişdir: "Əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır".

Maraqlı məqamlardan biri də odur ki, Qoşulmama Hərəkatının üzvü olan Hindistan bir zamanlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş, bizə dost, qardaş münasibəti göstərmişdi. Necə oldu ki, birdən-birə fikrini və mövqeyini dəyişdi? Nəzərə alsaq ki, Ermənistanı əvvəllər silahla təmin edən Rusiya idi. Bu gün Rusiya-Ukrayna müharibəsi səbəbindən bu, mümkün deyil. Hindistanın İrəvanı silahla təmin etməsinin isə bir neçə səbəbləri var. Əvvəla, hazırda Hindistanın Pakistan və Çinlə münasibətləri çox gərgindir. Ona görə də, İranla əlaqələr quraraq dənizə çıxışını əldə etmək, bu yolla iqtisadi əlaqələrini daha da genişləndirmək istəyir. Həmçinin Hindistan Azərbaycanın Pakistanla dost münasibətini həzm edə bilmir. Digər tərəfdən, Ermənistan ixrac etdiyi əlvan metalın əsas hissəsini işğal dövründə Azərbaycanın Kəlbəcər rayonundakı Zod yatağından talan edib. 1995-ci ildən sonra isə qızıl və digər qiymətli metalların ixracı hesabına Ermənistan-Hindistan ticarət dövriyyəsinin hər il artdığı müşahidə olunub.

Ermənistana dəstək verən, silahlanmasına yardımçı olan dövlətlərdən biri də qonşu İrandır. Belə ki, Ermənistana gələn silah və hərbi sursatlar İran vasitəsilə İrəvana çatdırılır. Yaxın günlərdə İranın Nünduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yüklərin olduğu avtomobillərin hərəkəti qeydə alınmışdır. Həmin yüklər İranın Bəndər Abbas limanına çatdırılıb.

İran açıq şəkildə Ermənistana öz siyasi və hərbi dəstəyini nümayiş etdirir. Hələ Birinci Qarabağ müharibəsi zamanı və 30 illik işğal dövründə də İran müsəlman qardaşı olan Azərbaycana deyil, Ermənistana dəstək vermişdir. Bu gün Hindistanın Ermənistanla ümumi maraqları varsa, İran bu maraqları idarə edən mərkəz rolundadır. Hazırkı məqamda bu üçlüyün belə demək mümkünsə, əməkdaşlığı Qarabağda əldə olunacaq sülhə kölgə salan ən başlıca səbəblərdəndir. Ölkəmizə qarşı işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın silahlanmasına yardımçı olan Hindistan və bu prosesin baş tutması üçün tranzit rolunu oynayan İran birbaşa Cənubi Qafqazda, əsasən də Qarabağda yarana biləcək yeni münaqişə və gərginliyə rəvac verir.

Ramidə YAQUBQIZI,

"Respublika".