Əsgəran qalası yaxınlığında aşkar edilən məzarlıqdakı insan qalıqlarının Xocalı sakinlərinə aid olması ehtimal edilir
Digər xəbərlər

Əsgəran qalası yaxınlığında aşkar edilən məzarlıqdakı insan qalıqlarının Xocalı sakinlərinə aid olması ehtimal edilir

1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Rəşid Deqlaryan istintaq hərəkətləri zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq qətlə yetirilməsi və meyitlərinin həmin ərazidə qalanın yaxınlığında basdırılması barədə məlumat verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov jurnalistlərə müsahibəsində deyib.

Bildirib ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən ilin oktyabr-noyabr aylarında axtarış-qazıntı işlərinə start verilib, lakin əlverişsiz hava şəraiti səbəbindən işlər başa çatdırılmayıb. Cari ilin fevral ayından başlayaraq qazıntı işləri davam etdirilib və nəticədə Xocalı sakinlərinə aid olması ehtimal edilən kütləvi məzarlıq aşkar edilib. Mütəxəssislərin ehtimalına görə, burada azı 8 şəxsə aid insan qalıqları var. Bundan sonra burada davam etdiriləcək axtarış işləri nəticəsində bu rəqəmin artacağı istisna olunmur.

Növbəti mərhələdə insan qalıqları eyniləşdirilməsi məqsədilə aidiyyəti laboratoriyalara təhvil veriləcək və kimliyi müəyyən olunduqdan sonra nəticəsi barədə ictimaiyyət məlumatlandırılacaq.

Qeyd edək ki, yerli və xarici media nümayəndələri Əsgəran qalası yaxınlığında aşkar edilən kütləvi məzarlıq olan ərazidə olublar. İstintaq hərəkətləri zamanı çəkilən videoçarxa baxış keçirilib.