Etik imperativlərdən uzaq Hayastan
Siyasət

Etik imperativlərdən uzaq Hayastan

Ermənistan Birinci Qarabağ müharibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) rəsmi qeydiyyatında olan və əsirlikdə öldüyü bildirilən 33 nəfərin nəşini Azərbaycana qaytarmayıb.

Buna baxmayaraq, Azərbaycan öz növbəsində keçən il 19-20 sentyabrda həyata keçirdiyi antiterror tədbirindən sonra 173 erməninin cəsədini taparaq Ermənistana təhvil verib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 54 azərbaycanlının taleyi Azərbaycan cəmiyyətini ötən müddət ərzində daha ciddi narahat edib. 1998-2001-ci illərdə daxil olmuş məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş həmin 54 Azərbaycan vətəndaşına Ermənistandakı və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərindəki saxlanma yerlərində BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatında olublar: "Lakin sonradan onlardan 17 nəfərin meyiti Azərbaycana təhvil verilib, 4 nəfərin sonrakı taleyinə aydınlıq gətirmək mümkün olmayıb. 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb", - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin bildirilib: "Eyni zamanda Dövlət Komissiyası itkin düşmüş soydaşlarımızın dəfn yerlərinin axtarışı prosesinə kütləvi məzarlıqların yerləri barədə kifayət qədər məlumatlara malik və 1994-cü ilədək Ermənistan tərəfindən döyüş əməliyyatlarına rəhbərlik etmiş səhra komandirlərinin və digər səlahiyyətli şəxslərin cəlb edilməsini zəruri hesab edir. Dövlət Komissiyası olaraq, hər iki tərəfə aid itkin düşmüş şəxslərin axtarışlarının təmin edilməsi sahəsində Ermənistan Respublikasının müvafiq strukturları ilə dəqiqlik, şəffaflıq prinsiplərinə riayət edilməklə və qarşılıqlı etimad mühitində əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edirik".

Münaqişə zamanı ölən şəxslərin cəsədlərinin qaytarılmaması etik narahatlıq doğurur, Məsələnin mərkəzində mərhumun ölüm şəraitindən və münaqişədə iştirak edən tərəflərin kimliyindən asılı olmayaraq ona hörmət və mərhəmətlə yanaşmaq etik imperativi dayanır. Bildiyimiz kimi, Cenevrə Konvensiyaları və digər beynəlxalq humanitar hüquq sənədləri meyitlərin ailələrinə qaytarılmasının həmçinin mədəni və dini adət-ənənələrə uyğun olaraq dəfn edilməsinin vacibliyini qəbul edir. Hayastan isə görünür bu etik imperativlərdən xəbərsizdir. Bu, bizim üçün artıq təəccüblü deyil. Çünki Ermənistan yararsız mina xəritələri təqdim edib, mülki insanların ölümünə səbəb olmaqla onsuz da etik imperativlərdən uzaq olduğunu göstərir.

Müharibə zamanı cəsədlərin təhvil verilməsi təkcə etik məsuliyyət məsələsi deyil, həm də kədərli ailələrin yaralarının sarılması üçün əhəmiyyət kəsb edən humanitar öhdəlikdir. Ölən şəxslərin cəsədlərinin qaytarılmasından imtina onların yaxınlarının iztirablarını uzadır, əqidə və adət-ənənələrinə uyğun olaraq yas tutmaq, ölən şəxsin xatirəsini ehtiramla yad etmək hüququndan məhrum edir.

Silahlı münaqişələrin tərəfləri üçün ölülərlə rəftarı tənzimləyən beynəlxalq norma və standartlara riayət etmələri, o cümlədən insan qalıqlarının lazımi şəkildə repatriasiyasını təmin etmək üçün BQXK kimi humanitar təşkilatların işini asanlaşdırmaq vacibdir. Ölən şəxslərin cəsədlərinin qaytarılması həm də müharibə yaralarının sağaldılması və münaqişə tərəfləri arasında barışın, sülhün gücləndirilməsi istiqamətində mühüm addımdır. Münaqişə tərəfləri həyatını itirənlərin şəxsiyyətini müəyyən etməklə və onların ləyaqətinə hörmət nümayiş etdirməklə dialoqa, anlaşmaya və nəticədə sülhyaratma səylərinə yol aça bilər. Lakin Ermənistan həm sərhəddə təxribat törətmək, həm də bu kimi addımlar atmaqla sülhdən uzaq olduğunu nümayiş etdirir.

Müharibədə həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmaması humanitar prinsiplərin kobud şəkildə pozulmasıdır. Beynəlxalq ictimaiyyət silahlı münaqişənin mürəkkəbliyi ilə mübarizə apararkən, ölənlərə humanist rəftarın prioritetləşdirilməsi vacibdir. Müharibə zamanı təcrübələrdə etik standartların qorunması təkcə mənəvi imperativ deyil, həm də etimadın qurulması, barışın təşviqi və münaqişədən təsirlənmiş bölgələrdə sülhün əldə edilməsi istiqamətində əsas addımdır. Ermənistan ən qısa müddətdə bu addımı atmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".