Bakı-Tbilisi-Qars dəmir yolu: dostluğun və qardaşlığın polad magistralı
İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu: dostluğun və qardaşlığın polad magistralı

Azərbaycanla Türkiyə regional əməkdaşlıq prosesinin fəal iştirakçılarıdır

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı və müttəfiqi olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki qardaş ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır. Uğurlu inkişaf ölkələrimiz arasında bütün sahələrdə strateji münasibətlərin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Azərbaycanla Türkiyə regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli istifadə edir. Həm də bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayır. İki dövlətin birgə həyata keçirdiyi fəaliyyəti nəticəsində beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr ərsəyə gəlmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Trans-Anadolu təbii qaz, həm də TANAP, Trans-Adriatik boru xətti (TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ) layihələri bu baxımdan ən yaxşı nümunələrdir. Nəqliyyat sektoruna mühüm əhəmiyyət verən Azərbaycan bu sahəyə çox böyük sərmayə qoyur. Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır.

"Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir və nəhayət, bu gün biz Azərbaycanda, burada, Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edirlər, bir-birini dəstəkləyirlər, ölkələrimiz, xalqlarımız üçün önəmli olan, dünya üçün önəmli olan layihələri icra edirlər. Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə bildirib. Qeyd edib ki, Bakı-Tbilisi-Qars tarixi və qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək, bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. İqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı beynəlxalq müqavilə imzalanıb, layihənin icrasına 2008-ci ildə başlanılıb və 2017-ci il oktyabrın 30-da Bakıda dəmir yolunun açılış mərasimi keçirilib.

XXI əsrin əsas layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər. Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti iki qitə arasında ən qısa yol hesab edilir. Bu yol Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın, həmçinin Çinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. İqtisadçıların qənaətinə görə, bu cür layihələr ilk növbədə, resursların və hazır məhsulların tədarükünü asanlaşdıracaq ki, bu da iqtisadi əməkdaşlığı daha da dərinləşdirəcək. Bakı-Tbilisi-Qars kimi beynəlxalq layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir və regionda sabitliyə mühüm töhfə verir.

Hazırda Ukrayna ətrafında vəziyyət və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda alternativ nəqliyyat marşrutlarından istifadə ilə bağlı müzakirələr aktivləşib. Bu məsələ həm Mərkəzi Asiya ölkələrinin, həm də Çinin maraq dairəsindədir. Ona görə də Bakı-Tbilisi-Qars dəmir yolundan daha intensiv istifadə gündəmə gəlir. Avropa və Asiya qitələrində yükdaşımalar üçün mövcud olan ənənəvi zəncir pozulduğundan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə tələbat çoxalıb. Bu dəhlizdən keçən həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcmi artıb. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır. Artmaqda olan yük tələbatını qarşılamaq üçün 2023-cü ildən başlayaraq layihə çərçivəsində kompleks təmir-genişləndirmə işlərinə başlanılıb və hazırda son tamamlanma işləri görülür. Polad magistralın Gürcüstandan keçən, uzunluğu 183 kilometr olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinin 95 faizi uğurla yekunlaşıb. Gürcüstan ərazisində BTQ-nin genişləndirilməsi, yolun müasirləşdirilməsi üzrə işlər 2024-cü ildə başa çatdırılacaq. Bununla yol ilə daşınan yüklərin həcminin 5 milyon tona qədər artırılmasına imkan yaranacaq. Azərbaycan BTQ-nin Gürcüstan hissəsinin genişləndirilməsi layihəsinə ümumilikdə 100 milyon dollardan çox sərmayə yatıracaq. Qeyd edək ki, Orta Dəhlizin ən vacib seqmentlərindən biri olan BTQ dəmir yolunun modernləşdirilməsi birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində tikilmiş BTQ dəmir yolu xətti qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırıb.

Prezident İlham Əliyev ötən il iyulun 21-də "Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair" Sazişi təsdiqləyib. Bu, beynəlxalq yüklərin Qafqaz regionuna rahat çatdırılmasına və artan yük axınının birgə idarə olunmasına töhfə verəcək. Bu baxımdan, BTQ dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin ora cəlb edilməsidir. Layihə üzrə işlər tam başa çatdırıldıqdan sonra Azərbaycan və Gürcüstan arasında birgə müəssisə yaradılacaq, bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən bəhs edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, dəmir yolu sayəsində Qərbi Avropadan Uzaq Asiyanın ən ucqar nöqtəsinə qədər birbaşa qatar səfərini mümkün vəziyyətə gətirdik. Mərmərənin də inteqrasiya etdiyi bu xətt beynəlxalq ticarət sahəsində yeni və önəmli bir alternativ olaraq, zaman keçdikcə daha da önə çıxmaqdadır. Dəmir yolu xəttinin təmir işlərindən sonra ən qısa zamanda tamamilə işlək vəziyyətə gətirilməsinə ümid etdiyini də bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib. 2022-ci il avqustun 18-də Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclasında imzalanan Sazişin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir. Yeni sazişin icrası nəticəsində yükdaşımaların həcmində daha çox artım gözlənilir.

Ölkələrimiz arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, həmçinin ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazamızı daha da möhkəmləndirib. İki ölkə arasında yüzlərlə tədbir, biznes forumlar, işgüzar görüşlər və sərgilər keçirilib ki, bu da biznes dialoqunun genişlənməsində birgə layihələrin icrasını stimullaşdırıb. Uzaq Şərqdən Avropaya qədər uzanan, əsrlər boyu ticarət karvanlarının əsas yolu olan Orta Dəhlizin - tarixi İpək Yolunun inkişafı üçün həm Anadoluda, həm də Qafqaz və Orta Asiyada dəmir yolu şəbəkələrinin təşkili və magistral yolların inteqrasiyası sahəsində uzunmüddətli fəaliyyət davam etdirilir. Türkiyə və Azərbaycan iqtisadi əlaqələri daxilində nəqliyyat sektorunda həyata keçirilən layihələrin rolu daha qlobal önəm kəsb edir. Ölkələrmizin regional-iqtisadi əməkdaşlığa verdiyi töhfə geniş coğrafiyanı əhatə edir.

Mustafa KAMAL,

"Respublika".