Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir
Digər xəbərlər

Fransa Cənubi Qafqazda möhkəmlənmək istəyir

Fransa hökumətinin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə vasitəçilik etməsi mümkün deyil. Öz nüfuzunu itirmiş Fransa münaqişələrin həllində ermənipərəst mövqeyini açıq şəkildə göstərir və regiona daxil olmaq, beynəlxalq arenada itən nüfuzunu bərpa etmək üçün Ermənistandan alət kimi istifadə edir. Rəsmi Paris Rusiya ilə Ukrayna müharibəsində də Avropa İttifaqı ilə müttəfiq kimi birmənalı mövqe tutmaqda çətinlik çəkir. Belə ki, Fransa bir yandan siyasi və beynəlxalq aləmdə nüfuzunu qorumaq üçün özünü Ukraynanın müdafiəçisi kimi göstərməyə çalışır. Digər tərəfdən isə Rusiyanın sərvətlərindən əl çəkə bilməyən Emmanuel Makronun Vladimir Putinlə telefon danışıqlarının ardı-arası kəsilmir. Bu qarışıq vəziyyət Fransanı daha gülünc vəziyyətə qoyur.

Fransanın qanlı müstəmləkə siyasəti Şimali Afrika üzərində bu gün də davam edir. İmperialist maraqlarını XVII əsrdən həyata keçirməyə başlayan Fransanın özünü humanizmin qoruyucusu kimi göstərməsi təzad doğurur. Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. Onlar yerli sakinləri ərəb kimliyindən və İslamdan imtina edərək Fransa təbəəliyini qəbul etməyə məcbur edirdilər. Bu şərti qəbul etməyənlər qətlə yetirilirdi. Xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənələrini təbliğ etmək qadağan olunmuşdu. Silah gəzdirən, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi. Beynəlxalq münaqişələrin həllində başlıca hakim rolunu oynamaq istəyən Fransa ölkə tarixində törədilən silsilə cinayətlərdən nəticə çıxarmayıb. Bu gün isə Fransa haqqa-ədalətə qarşı davranış və çıxışları ilə ölkənin müasir tarixində yeni cinayətlərin müəllifinə çevrilir.

Fransa hakim dairələri 200 illik qanlı siyasətini Qafqaz boyunca da reallaşdırmağa çalışır. Terror qüvvələrinə açıq şəkildə dəstək verən Fransa regiondakı bölücü qüvvələrin başlıca maliyyələşdiricisidir. Bu siyasi gediş isə onun türk dünyasına qarşı nifrətinin təzahürüdür. Fransa Türkiyə və Azərbaycana qarşı həmişə erməni etnik qrupunun nümayəndələrindən istifadə edib. Son yüz ildə bu dövlətin törətdiyi bəzi cinayətləri yada salmaqla onun heç bir zaman ədalətli olmadığını göstərmək olar. Fransa ilə erməniləri, erməniliyi və Ermənistanı birləşdirən başlıca amil türk millətinə düşmənçilikdir.

Azərbaycanın beynəlxalq arenada, eləcə də regionda nüfuzunu azaltmaq üçün Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə bir maddədən ibarət bədnam qətnamə qəbul etmişdilər. Qətnamədə Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsinin zəruri olduğu vurğulanır. Fransa hökumətindən Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün səyləri artırmaq tələb olunur. Layihə müəllifləri Fransa hökumətini Ermənistana humanitar yardımı artırmağa, həmçinin erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə çağırıblar. Qətnamə layihəsi müzakirəyə çıxarılıb və yekdilliklə qəbul edilib. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib. Qeyd edək ki, Fransa Senatı da eyni addımı ataraq Azərbaycana qarşı bədnam qətnamə layihəsi qəbul edib.

Fransa siyasi elitası ilə Ermənistan arasındakı yaxınlıq təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə də qarşıdır. Bu qətnamələr Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla yanaşı, həm də  hörmətsizlikdir. Təəssüf ki, Ermənistan regiondakı sabitliyi Cənubi Qafqaz ölkələri ilə birgə qurmağa cəhd etmir. Əksinə, bölgəyə əlavə oyunçuların qoşulmasına şərait yaradır. Ermənistan ciddi böhran içərisindədir, bu böhrandan çıxış isə onun Azərbaycan və Türkiyə ilə iqtisadi-siyasi  münasibətlər qurmasındadır. Bu qətnamələr həm də onu göstərir ki, Fransa bizim bölgəmizdə sülh olmasını istəmir.

Fransa 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək  Ermənistanın təcavüzünə və işğalçı siyasətinə göz yumur. Bu da öz növbəsində münaqişənin həllinə birmənalı yanaşılmamasının göstəricisidir. Əlavə olaraq, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı anti-Azərbaycan siyasəti aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür.

                                      Nurlan ABDALOV,

                                           “Respublika”.