Fransanın irqçilik siyasətinin Mayotta səhifəsi
Siyasət

Fransanın irqçilik siyasətinin Mayotta səhifəsi

Fransa daxili işlər naziri Cerald Dermanen deyib ki, Mayotta adasında doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq: "Biz Mayottada miqrantlara qarşı radikal bir qərar qəbul etmək niyyətindəyik. Fransız valideynlərin övladı olmasanız, fransız olmaq mümkün olmayacaq", - deyə o bildirib. Onun sözlərinə əsasən, yaxın vaxtlarda konstitusiyaya müvafiq dəyişiklik edilə bilər. Qeyd edək ki, əcnəbilərin Fransa ərazisində doğulan uşaqlarına ölkə vətəndaşlığı verilir, lakin bu qərar yalnız Mayotta adasına qarşı tətbiq ediləcək. Bu, bir daha Fransanın ayrı-seçkilik siyasəti yürütdüyünü təsdiqləyir. Adada Afrika qitəsindən gələn şəxslər üstünlük təşkil edir. Həmçinin əhalinin 90 faizindən çoxu müsəlmanlardır.

Miqrantların və yerli sakinlərin hüquqlarını pozan Fransanın Əlcəzair, Ruanda, Mali, Afrikanın və Asiyanın başqa ölkələrindəki vəhşi, irqçi, müstəmləkəçi, quldar siyasəti indi də Mayotta adasında özünü göstərir. Yelisey sarayının irqi və dini ayrı-seçkilik siyasəti təəccüb doğurmasa da, Mayottada doğulan miqrantların vətəndaşlıq hüquqlarının ləğvi ilə bağlı qərar mübahisə yaradıb. Fransanın daxili işlər naziri Cerald Dermanenin adada doğulan miqrantların Fransa vətəndaşlığını əldə etmək hüququnun milli qanunvericilikdən çıxarılacağını elan etməsindən sonra Mayottada etiraz dalğası baş qaldırıb. Dermanen tərəfindən radikal olaraq xarakterizə edilən bu qərar bölgədə vətəndaşlıq hüququ, immiqrasiya siyasəti və miqrantlarla rəftarla bağlı müzakirələrə səbəb olub. Tezliklə həyata keçirilməsi gözlənilən təklif miqrant icmaları və insan haqları müdafiəçiləri arasında narahatlıq yaradıb. Fransanın materik hissəsində doğulan əcnəbilərə vətəndaşlıq verildiyi halda, Mayottanın bu müddəadan kənarda qalması ada üçün ayrıca qanunvericilik bazası yaradır və Fransa ərazisində vətəndaşlıq hüququnun bərabərsizliyini üzə çıxarır.

1841-ci ildən Fransa əsarətində olan Mayotta adası Şərqi Afrika ölkəsi olan Qəmər adalarının bir parçasıdır və 2011-ci ildə Fransanın Dənizaşırı departamenti statusu qazanıb. 2014-cü ildə ən uzaq üzv, həmçinin müsəlman əhalisi olan ilk ada kimi Avropa İttifaqına qatılıb.  Burada doğulanlar Fransa vətəndaşı hesab olunduğundan, hər il başqa ölkələrdən və xüsusilə ətraf adalardan qeyri-qanuni yollarla Mayottaya gələnlərin sayı artmaqda idi. Kiçik qayıqlarla adanı keçməyə çalışan miqrantlar bəzən Aralıq dənizində batırdılar da. Bu baxımdan, hətta  adaya "mühacir qəbiristanlığı" da deyirlər. 1994-cü ilə qədər istədikləri zaman Mayotta adasındakı qohumlarını ziyarət edə bilən Qəmər adalarının sakinləri Fransanın tətbiq etdiyi viza rejimindən sonra çətinliklər yaşayıblar. Qəmər adasından olan keçmiş nazir deyib: "Bu qərardan sonra qeyri-qanuni yollarla Mayottaya girməyə cəhd edən 10 mindən çox Qəmər müsəlmanının fransız əsgərləri tərəfindən öldürüldüyü məlumdur. Lakin bu insanların yeganə istəyi ailələrini və yaxınlarını görmək idi. Anjuan ilə 70 kilometrlik dəniz sahəsi olan Mayotta qəbiristanlığa bənzəyir".

Fransa Mayotta adasını bir hissəsi olduğu Qəmər adalarından ayrı tutaraq iqtisadi, sosial, siyasi və hüquqi baxımdan öz müstəmləkəsi kimi istifadə etməyə başlayıb. Qeyd edək ki, bu, BMT-nin müstəmləkə ölkələrinin və xalqlarının müstəqilliyinin təmin edilməsi haqqında Bəyannaməsinə daxil edilmiş öz müqəddəratını təyinetmə hüququna ziddir.

Paris hakimiyyətinin müstəmləkə bölgələrdə insan hüquqlarını pozması haqqında onlarla fakt söyləmək  olar. Buna baxmayaraq, onlar Cənubi Qafqazda insan hüquqlarının pozulduğunu iddia edirlər. Təbii ki, Yelisey sarayının əsl niyyəti dövlətlərin daxili işinə müdaxilə etməkdir.  Fransa hələ keçən il mayın 22-də Mayotta adasında "Wuambushu" ("Dirçəliş") adlı əməliyyat həyata keçirib. Bu tədbir zamanı sakinlərin evləri "anti-sanitariya" adı ilə sökülüb. Adadakı əmək miqrantları bölgədən zorla qovulub. Onlarla bərabər bir sıra hallarda yerli sakinlər də adadan çıxarılıblar. Özünü insan hüquq müdafiəçisi, "zavallı ermənilərin" dəstəkçisi kimi göstərən Paris ölkəsindən minlərlə kilometr uzaqlarda yerləşən işğal altında saxladığı torpaqlarda irqçilik edir.

Mayotta adasında doğulmuş miqrantların uşaqlarına Fransa vətəndaşlığı almaq imkanı haqqında qərar ölkə daxilində qarışıqlıq yaradıb. Bəziləri sərt immiqrasiya siyasətini dəstəkləsə də, digərləri vətəndaşlığa daha əhatəli yanaşmanı müdafiə edib. Təbii ki, siyasi liderlər ilkin olaraq, bərabərlik və ədalət prinsiplərini qorumalı və miqrasiyaya səbəb olan əsas sosial-iqtisadi problemləri həll etməyə çalışmalıdır. Mayottada vətəndaşlıq hüquqları ilə bağlı müzakirələr getdikcə, bölgədəki immiqrasiya siyasəti, insan hüquqları və sosial ədalətlə bağlı müəyyən suallar yaradır. Mayottada doğulan miqrantların vətəndaşlıq hüquqlarını ləğv etmək qərarı müstəmləkə tarixinin, miqrasiya siyasətinin və müasir siyasi reallıqların mürəkkəb kəsişmələrini özündə əks etdirir. Qəbul ediləcək qərar isə doğulduğu yerdən asılı olmayaraq bütün şəxslərin ləyaqətini və hüquqlarını müdafiə edən hüquqi sənəd olmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".