Gələcək uğurlara, firavan həyata səs verəcəyik
Siyasət

Gələcək uğurlara, firavan həyata səs verəcəyik

İşğal altında qalan torpaqlarımızı öz həyatı bahasına və qanı ilə azad edən qəhrəman oğullar Vətən adını, Vətən andını daha da müqəddəs etdilər. Qarabağın və Şərqi Zəngəzurun hər qarış torpağına igid oğulların, nəfəsi, qanı hopub. Düşmənin uzun illər ərzində hər tərəfə basdırdığı minaların arasından dar bir cığır açaraq irəliləyən igidlərin qələbə izləri əzəli və əbədi yurd yerlərimizə şərəf, qəhrəmanlıq möhürü vurdu. Düşməni diz çökdürən oğullar öz qanı bahasına xalqımıza Zəfər bayramı yaşatdılar.

Xalq və ordu birliyi çox qısa bir vaxtda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Bu tarixi qələbə sözsüz ki, ən çox keçmiş məcburi köçkünləri sevindirir, onların dözülməz yurd həsrətinə son qoyub. Taleyinə və həyatına yenidən gün doğan insanlardan biri də Ağdam rayonu Novruzlu kənd sakini Sabit Əzimovdur. Sabit müəllim gənc yaşlarından rayonda nüfuz qazanan ziyalı, vətənpərvər, doğma el-obasına bağlı bir insan kimi tanınıb. Həmyerliləri kimi Sabit Əzimov da Ağdama, qoynunda boy atdığı kəndinə qayıdacağı günü səbirsizliklə gözləyir. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərindən qürur duyan, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına ürəkdən sevinən Sabit müəllim düşüncələrini və duyğularını bölüşərək deyir:

- Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub və biz yeni tarixi bir dövrün başlandığını açıq-aydın görürük. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı uğurla davam edir. Bu günədək 1300-dən çox ailənin bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülməsi təmin edilib. İşğaldan azad edilmiş ərazilərdəki hər cür zəruri sosial-texniki infrastrukturla təchiz olunan yeni və bərpa edilən yaşayış məntəqələrində sakinlərin təhlükəsizliyi və rahatlığı üçün şərait yaradılıb. Yüz minlərlə məcburi köçkün səbirsizliklə doğma yurdlarına qayıdışa hazırlaşır. Bu, əlbəttə, çox böyük tarixi bir hadisədir. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi də onu göstərir ki, bu seçki Azərbaycanın bütün ərazisində səs vermək üçün imkanlar yaradır. Vaxtilə məcburi köçkünə çevrilmiş vətəndaşlarımız doğma torpaqlarına qayıdaraq həyatlarını davam etdirir, eyni zamanda öz yurdlarında səsvermədə iştirak edəcəkləri üçün qürurludurlar. İndi Qarabağımız, Şərqi Zəngəzurumuz tam azaddır, ləyaqətli qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər göz önündədir, bərpaolunan ərazilərdə Dövlət Proqramına uyğun olaraq yeni yaşayış binalarının, digər infrastrukturun tikintisi sürətlə davam etdirilir. Bu da bir həqiqətdir ki, 2023-cü il 19 sentyabr tarixində keçirilmiş antiterror əməliyyatı separatçı rejimin mövcudluğuna son qoydu, erməni terror birləşmələrinin torpaqlarımızdan çıxarılması azad olunmuş torpaqlara qayıdış üçün təhlükəsizlik baxımından möhkəm təməl yaratdı. Laçına, Zəngilana, Füzuliyə və Suqovuşana keçmiş köçkünlərin öz doğma ocaqlarına qayıtması haqqın və ədalətin, qanuni hüququmuzun bərpasıdır. Hələ də bəzi beynəlxalq qurumların, adını korrupsiya çirkabına bulaşdıran Avropa Şurası Parlament Assambleyasının öz maraqları naminə anti-Azərbaycan mövqeyini yaxşı görürük, birliyimizlə, dövlətçilik ruhumuzla onların məkrli siyasətinin qarşısına sipər çəkməliyik.

Həqiqət bundan ibarətdir ki, dünyada baş verən proseslərə vaxtında reaksiya verərək yaranmış vəziyyəti qiymətləndirə bilmək indi əvvəlki illərdə olduğundan çox çətindir, xüsusilə qlobal qütbləşmə, yeni müharibə ocaqlarının yaradılması, ikili standartlar əsasında həyata keçirilən məkrli planlar dövlət marağının qorunması, əlavə tədbirlər görülməsi üçün böyük nüfuz, təcrübə, yorulmaz fəaliyyət və hadisələrdən baş çıxarmaq qabiliyyətini ortaya qoyur. Bəxtimiz onda gətirib ki, dünyada qalib xalq kimi tanınırıq. Doğulub boya-başa çatdığım Ağdam rayonu böyük potensiala malik bir bölgədir. Bu torpağın övladları vətənpərvər ruhda tərbiyə olunmuş, əmək-zəhmətlə yoğrulmuş, quruculuq, elm, təhsil və idarəetmədə dövlətə sadiqliyini bütün dövrlərdə təsdiq etmişlər. Yaşlı nəslin təcrübələrinə arxalanan, mütərəqqi texnologiyaları mənimsəyən ağdamlı gənclər bütün sferalarda özlərini doğrulda bilir, azad olunmuş yurd yerlərimizdə aparılan quruculuq işlərinin həyata keçirilməsində ruh yüksəkliyi ilə çalışırlar. Dövlətimizi hamı istəyir, milli birliyimizi qidalandıran amillər bizdən elə bir dürüstlük tələb edir ki, bununla gələcəyimizə, uğurlu sabahımıza daha möhkəm bünövrə yaradaq. Ona görə də fevralın 7-də ailə üzvlərimlə birlikdə seçki məntəqəsinə gedəcək və ən layiqli namizədə səs verəcəyik. Yaxşı bilirik ki, biz prezident seçkilərində iştirak etməklə xalqımızın işıqlı gələcəyinə, qüdrətli Azərbaycanın əbədi müstəqilliyinə, daha böyük nailiyyətlərin qazanılmasına səs verəcəyik.

Salman ALIOĞLU,

"Respublika".