Hayastan mina basdırmaqda
Digər xəbərlər

Hayastan mina basdırmaqda "böyük bacısından" örnək alır

İkinci Qarabağ müharibəsinin başa çatmasından 3 ilə yaxın vaxt keçsə də, minalanmış ərazilər problemi aradan qaldırılmayıb, azad olunmuş torpaqlarımızda ölən və yaralananların sayı artmaqda davam edir.

Ermənistan 30 ilə yaxın bir dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda şəhər və rayonlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməmiş, insanların həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri kütləvi şəkildə minalamışdır. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yaratmış olduğu mina təhlükəsi ilə bağlı bu günədək heç bir əsaslı tədbir görməmişdir.

İşğaldan azad edilmiş ərazilərdə mina partlaması nəticəsində xeyli sayda insan zərər çəkir, evlər, ailələr, ocaqlar sönür. Mülki vətəndaşların tələfatı isə erməni terrorunun bir hissəsidir. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu istiqamətdə mühüm işlər aparır. Lakin hər qarışı mina olan Qarabağın dəqiq xəritə olmadan təmizlənməsi riskli və böyük vaxt tələb edən məsələdir. 3 ildir işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi intensiv surətdə həyata keçirilir. ANAMA Qarabağ ərazisində 1 milyona yaxın mina basdırıldığını və minaların tam təmizlənməsi üçün külli miqdarda vəsait tələb olunduğunu bildirib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi mütəmadi olaraq cəbhədə Ermənistan tərəfinin fortifikasiya qurğuları quraşdırmağa cəhd etdiyini və Ordumuz tərəfindən bu cəhdlərin qarşısının alındığını qeyd edir. Bəs keçən əsrin 90-cı illərindən bəri həyata keçirilən mina oyunu kimin maraqlarını müdafiə edir və beynəlxalq qurumlar niyə bu məsələdə Ermənistan tərəfinə nota vermir?

Aydındır ki, Ermənistanın bu fəaliyyətinin arxasında xaricdəki erməni lobbisi və bilavasitə ona dəstək olan ölkələr durur. Ermənilər təsir qüvvəsi güclü olan beynəlxalq dairələrdə Azərbaycana qarşı əsassız iddialar irəli sürür, xaricdə yaşayan azərbaycanlılara qarşı təzyiqlər göstərirlər. Öz gözündə çöpü görməyib başqasında tir axtaran bəzi dövlətlər isə bilərəkdən və ya bəzi maraqlar səbəbindən bu terrorçu lobbiyə dəstək verirlər. Ermənistanı "bacı" olaraq görən Fransa dövləti görünür, elə mina oyununu da "bacısına" özü öyrədib. Əlcəzairin işğalı dövründə Fransa bu torpaqlarda 5 milyon mina basdırıb.

Avqustun 4-də Azərbaycanda bir sıra QHT-lər Ermənistanın yaratdığı mina təhlükəsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər. Müraciətdə humanitar minatəmizləmənin sülh prosesində rolu ilə bağlı məsələlərə toxunulub.

Ümumiyyətlə, bu, ölkəmizdə hökumət və qeyri-hökumət təşkilatlarının mina təhlükəsi ilə bağlı xarici təşkilatlara beynəlxalq ictimaiyyətə ünvanladığı ilk müraciət deyil. Müharibədə məğlubiyyətə düçar olan səfil ermənilər hələ də öz mənfur xislətlərindən əl çəkmirlər. İşğal dövründə gecə-gündüz mina basdıran ermənilər 2021-ci il dekabrın 4-də 15 erməni əsirin qarşılığında Azərbaycana Qarabağda bəzi ərazilərin mina xəritələrini vermişdi. Sonradan məlum oldu ki, bu xəritələrin dəqiqliyi cəmi 25 faiz təşkil edir.

Riyakar Ermənistan mina xəritələrinin Azərbaycana verilməsi müqabilində bəzi şərtlər irəli sürüb. Halbuki, beynəlxalq Konvensiyaya görə, Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir. Hələ də bəzi qurumların bu ədalətsizlik qarşısında ermənilərə dəstək verməsi ikili standartları formalaşdıran ən mühüm amillərdəndir.

Bu gün qətiyyətlə demək lazımdır ki, Qarabağda baş verən bəşəri faciələrə, insanlıq dramına görə məsuliyyət Ermənistan hökumətinin üzərinə düşür. Daim sülh və təhlükəsizlikdən, haqq və ədalətdən dəm vuran bütün beynəlxalq təşkilatlar mina terrorunun qarşısının alınması üçün hiyləgər Hayastana ciddi təzyiqlər göstərməli, minalanmış ərazilərin xəritəsini Azərbaycana verilməlidir.

T.SADIQOV,

"Respublika".