Hüquqi dövlət ideologiyası
Siyasət

Hüquqi dövlət ideologiyası

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də asan olmamışdır. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Məhz belə ağır şəraitdə xalqın xahişi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başladı. Ulu öndər bu istiqamətdə ardıcıl siyasət yeridərək, ilk növbədə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradılmasını təmin etdi. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirildi, Konstitusiya Məhkəməsi fəaliyyətə başladı, Azərbaycanda ölüm cəzası ləğv olundu. 1998-ci il avqustun 6-da Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman imzaladı. Bu fərmanın bir bəndilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.

1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Hüquqi İslahatlar Komissiyası hüquqi islahatların prioritetlərini müəyyən etdi və Sovet İttifaqından qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında" və "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı. Bu islahatlar ölkəmizdə birinci, apellyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəlmişdir. Yeni məhkəmə quruluşu işlərə birinci instansiya məhkəmələrində baxılmasına, onların hüquqa və fakta görə apellyasiya qaydasında yenidən baxılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yoxlanılmasına imkan yaradır. Bu isə öz növbəsində birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə, süründürməçiliyin aradan qaldırılmasına, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə zəmin yaradır.

Məhkəmə qərarlarının qanuniliyi üzərində prokuror nəzarətinin aradan qaldırılması, prokurorun məhkəmədə yalnız tərəf kimi iştirak etməsi, ittiham tərəfi ilə müdafiə tərəfi arasındakı tarazlığın bərpa edilməsi və onların məhkəmə prosesində bərabər hüquqlara malik olması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, məhkəmə aidiyyətinin dəyişdirilməsinin qadağan edilməsi, məhkəmə icraatında qeyri-prosessual münasibətlərə yol verilməməsi və bu kimi yeni müddəalar məhkəmə-hüquq sistemində ilk dəfə tətbiq edilir.

1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib. Bu, ümummilli lider Heydər Əliyevin humanist ideyalara sadiqliyini bir daha təsdiq edir. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair" Dövlət Proqramı mühüm rol oynayıb.

Ulu öndər insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Onun rəhbərliyi ilə Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atılıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda insan hüquq və azadlıqlarının təmini və müdafiəsi istiqamətində gördüyü işlərin ən vaciblərindən biri də "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılmasıdır. Ölkədə Ombudsman Aparatı yaradıldıqdan sonra vətəndaşların hüquqlarının müdafiəsi sahəsində daha ciddi nailiyyətlər əldə edilməyə başlandı.

Azərbaycan 2001-ci ildən İnsan Haqları üzrə Konvensiyaya qoşulmuşdur. Bu isə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin ölkəmizdə tətbiqi üçün ardıcıl və keyfiyyətli aparılmasına geniş imkanlar açmışdır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində məqsədyönlü islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, eyni zamanda ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədilə müvafiq tədbirləri özündə ehtiva edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il il tarixli "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı məhkəmə hakimiyyəti sistemində yüksək səviyyədə ədalətliliyin bərqərar olmasına zəmin yaratmaqla məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin başlanğıcının əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin ilkin özüllərini sağlam prinsiplər əsasında qoyduğu dövlətin və cəmiyyətin ən böyük nailiyyəti Ali Baş Komandan Prezident İlham Əliyevin uzaqgörən və səriştəli komandanlığı ilə ordunun və xalqın birliyinə əsaslanan sarsılmaz "Dəmir yumruq" devizi altında 30 ildən artıq müddətdə işğal altında qalmış torpaqların 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilməsi olmuşdur. Hazırda həmin ərazilər böyük quruculuq və abadlıq məkanına çevrilmişdir. Azərbaycan Respublikasının beynəlxalq çərçivədə tanınmış ərazilərinin bütövlüyünün təmin edilməsinin şahidi olmaq hər bir Azərbaycan vətəndaşı üçün qürurlu və şərəfli bir məqamdır. Bütün bu mühüm nailiyyətlər ulu öndərin tariximizə yazdığı və əsrlər boyu yaşayacaq Azərbaycan Respublikası adı altında olan şərəfli dövlətçilik tarixi Salnaməsidir.

Mübariz HÜSEYNOV,

Şəki Kommersiya Məhkəməsinin sədri.