Kiçik ianələr qarşılığında böyük itkilərə gedən Ermənistan
Siyasət

Kiçik ianələr qarşılığında böyük itkilərə gedən Ermənistan

Brüssel görüşü aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistanın iştirakı ilə baş tutdu. Görüşdən əvvəl bir çox proqnozlar verilib, müzakirələr aparılsa da, nəticəsi heç də gözlənilən kimi olmadı. Lakin bütün hallarda, ABŞ-Aİ-Ermənistan arasında keçirilən görüş Cənubi Qafqazda sülhə, əmin-amanlığa qarşıdır. Yəni Qərb Ermənistan vasitəsilə regionda yeni bir Ukrayna, Suriya formalaşdırmağa çalışır. Bu mənada bölgədə gərginliyin yaranması, atəşkəsin pozulması və baş verə biləcək digər təxribatların məsuliyyəti birbaşa Ermənistanın və havadarlarının üzərinə düşür.

ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri hələ uzun müddət müzakirə olunacaq. Görüşlə bağlı yayılan xəbərlər deməyə əsas verir ki, Ermənistanın qazancı elə ona ayrılan sədəqə olub. Sözsüz ki, Qərbin bu addımı da əvəzsiz qalmayacaq. Çünki Ermənistan çox ciddi və nəticələri fəlakətə gətirib çıxara biləcək bir oyunun iştirakçısıdır. Bu ölkə anlamalıdır ki, Qərbin ikili standartları dünyanın hələ heç bir ölkəsinə sülh, firavanlıq gətirməyib. Regionu risk altında qoymağa çalışan bəzi dövlətlərin təhlükəli oyunlarında itirən tərəf yalnız Ermənistan olacaq. Davamlı sülhə nail olunması, kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası əvəzinə Qərbin oyununa getmək ölkəni sonu görünməyən uçuruma aparacaq. Aydın məsələdir ki, haylar bu görüşə çox böyük ümid bəsləyirdilər. Gözləntilərinə görə ölkə üzləşdiyi böhrandan xilas olacaq və Qərbin qanadı altında “parlaq” gələcəyə qovuşacaqdı. Lakin zaman göstərdi ki, illüziyalara qapılan Paşinyan hakimiyyətinin Brüssel görüşündən qazandığı yalnız 357 milyon dollar oldu. Yəni Qərb işini bir miqdar ianə ilə yekunlaşdırdı.

Qərbdəki bəzi güclər Cənubi Qafqazı müharibə zonasına çevirmək üçün böyük səy göstərirlər. Ekspertlərin gəldiyi qənaətə görə, Paşinyanın Blinken və Avropa Komissiyasının Prezidenti ilə görüşü regionda Rusiya-Qərb qarşıdurmasına çevriləcək və bundan ən çox Ermənistan əziyyət çəkəcək.

Azərbaycan isə bu addımların regiona təhlükə törətdiyini bəyan edib və öz qətiyyətli mövqeyini ortaya qoyub. Elə bunun nəticəsidir ki, ABŞ və Aİ rəsmiləri görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək görüşün məqsədini bildirib və əmin ediblər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib.

Rəsmi Bakı bəyan edib ki, Avropa İttifaqı və ABŞ-ın bu fəaliyyəti açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.

Ramidə YAQUBQIZI,

“Respublika”.