“Maraqlı” Makron
Siyasət

“Maraqlı” Makron

Hər zaman sərsəm fikirləri, nizamsız hərəkətləri ilə gülünc vəziyyətlərə düşən Makron son günlər daha bir axmaq addım atması ilə dünya gündəminə gəldi. Belə ki, Fransa prezidenti ölkəsinin və digər Avropa ölkələrinin Ukraynaya qoşun hissələrini göndərə biləcəklərini söyləmişdi. Lakin çox keçmədi ki, o, fikrindən daşınaraq geri addım atdı. Yeni bəyanatında Fransanın Ukraynaya hərbi personal göndərməyi düşünmədiyini bildirdi: "Bu, yaxın vaxtlarda Ukraynaya fransız qoşunlarını göndərməyi düşündüyümüz mənasına gəlmir, amma bu o deməkdir ki, biz müzakirəyə başlamışıq və Ukrayna torpaqlarında Ukraynanı dəstəkləmək üçün edilə biləcək hər şeyi nəzərdən keçiririk".

Sözsüz ki, onun bu çıxışı birmənalı qarşılanmadı və Emmanuel Makron yenidən özünü gülüş obyektinə çevirdi. Onun belə çıxış və hərəkətləri ilk deyil. Məsələn, o, "şillələnmiş", "yumurta atəşi"nə tutulmuş, hətta döyülməkdən belə qaçaraq canını qurtarmışdı. Özünə siyasi arenada lider imici qazandırmağa çalışsa da, bütün hallarda əks həmlə ilə qarşılaşmışdı. Adətən o, hər hansı bir münaqişə zamanı vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır. Yəni hazırda Ukraynaya hərbi yardımların azalması fonunda önə çıxmaq fürsəti "yaxaladığını" düşünən Makron əksinə özünü biabır etdi. Fevralın 26-da onun təşkilatçılığı ilə çağırılan Ukrayna ilə bağlı təcili iclas gözlənilən nəticəni vermədi.

Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamaları vəziyyəti daha da gərginləşdirib. Hazırda Kiyev ciddi əks-hücum üçün kifayət qədər hərbi personala və sursat ehtiyatına malik deyil. Bu durumda yaranmış vəziyyəti sakitləşdirmək əvəzinə Fransa keçmiş ənənələrinə sadiq qalaraq yenidən münaqişənin alovlanmasına cəhd göstərib. Ölkə başçısı Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatından sonra Fransanın xarici işlər naziri Stefan Sejourne Parisin Ukraynaya qoşun yeritməyəcəyini növbəti dəfə bəyan edib. Bütün bunlar isə onu göstərir ki, Makron axmaq çıxış və bəyanatları ilə özünü də, dövləti də biabır edərək ölkəsini nüfuzdan salır. Onun düşünülməmiş atdığı addımlar ölkədə böyük narazılıqla qarşılanır. Fransa "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippot "X" sosial şəbəkəsindəki hesabında bildirib: "Fransa prezidenti Emmanuel Makron müharibə istəyir, buna görə də onu dayandırmaq lazımdır". Onun sözlərinə görə, NATO-ya tabe olan Fransa prezidenti açıq şəkildə müharibə istəyir, ona görə də o və alyans dayandırılmalıdır.

Əslində, Fransa prezidentinin kim olduğu və hansı mövqedən çıxış etdiyi Azərbaycana daha çox bəllidir. Çünki onun son davranışları, açıqlamaları, ermənipərəst mövqeyi əsl xislətini və mahiyyətini bir daha aydın şəkildə göstərir. Terrorçuya, təxribatçıya açıq dəstək verməsi, süni erməni məhəbbəti onun kim olduğunu izah edir. Dünyaya özünü demokratiyanın beşiyi kimi göstərmək istəyən bu dövlət əslində ən böyük işğalçı, terrorçudur. Müstəmləkəçilik siyasətində kifayət qədər təcrübəyə malik Makron hakimiyyəti 44 günlük Vətən müharibəsində və ondan sonra da bölgədə vəziyyəti yenidən gərginləşdirməyə çalışan ölkələr sırasında ön sırada dayanır. Bəlkə də birincidir. Çünki fasiləsiz olaraq Ermənistanı silahlandıran bu dövlət hər zaman Azərbaycana qarşı öz xain mövqeyi ilə seçilir. Məsələn, 2023-cü ildə də Makronun Azərbaycanla bağlı sərsəm fikirləri müzakirələrə səbəb olmuşdu. Belə ki, ötən il 19-20 sentyabr tarixində Azərbaycanın Qarabağda 24 saat davam edən antiterror tədbirləri və atəşkəs razılaşmasından sonra yuxusu qaçan Fransa prezidenti Emmanuel Makron demişdi: "Fransa Ermənistanın ərazi bütövlüyü ilə bağlı son dərəcə narahatdır, çünki bu, hazırda təhlükə altındadır. Bu gün Azərbaycanla şərik olan Rusiya, hər zaman Bakının manevrlərini dəstəkləyən Türkiyə və Ermənistan sərhədini təhdid edən Azərbaycan hökuməti var".

Cənubi Qafqazda "sülh yaratmaq" uydurmaları ilə öz mənfəəti üçün canfəşanlıq göstərən Makron bununla eyni vaxtda Ermənistanı silahlandırmağa qərar verir və Azərbaycana təzyiq göstərməyə çalışır. Ümumiyyətlə, Fransa hər zaman ermənilərə dəstək olub. İstər Birinci Qarabağ döyüşləri zamanı, istər ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində münaqişənin tənzimlənməsi prosesində, istər İkinci Qarabağ müharibəsində, istərsə də müharibə bitdikdən sonra. Azərbaycanın qələbəsinə qısqanclıqla yanaşan rəsmi Paris hər zaman özünün "kiçik bacısı"nın yanında olduğunu bu və ya digər şəkildə büruzə verir. Fransa Ermənistanın silahlandırılması öhdəliyini də öz üzərinə götürüb. Rəsmi Paris açıq-aşkar Paşinyan hakimiyyətini öz maraqları naminə Azərbaycanla savaşa və Rusiya ilə qarşıdurmaya sövq edir. Əslində Fransa üçün Ermənistanın gələcək taleyi maraqlı deyil. Sadəcə, qonşu dövləti "geopolitik məhvə" vadar etməklə, bu ölkədə hərbi kontingent yerləşdirmək naminə bütün qüvvələrini səfərbər edir. Bu isə sözsüz ki, Ermənistanı məhvə və fəlakətə sürükləməkdir.

Ramidə YAQUBQIZI,

"Respublika".