Milli Məclisdə 49 məsələ müzakirə olunub
Siyasət

Milli Məclisdə 49 məsələ müzakirə olunub

İyulun 6-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib.

Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Milli Məclisin deputatları çıxışlarında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən görüşündə söylədiyi nitqini yüksək dəyərləndiriblər.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 49 məsələ müzakirəyə çıxarılıb.

Birinci məsələ - "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında" Protokolun təsdiq edilməsi barədə qanun layihəsi məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli verib.

Bildirilib ki, sənədin icrası qardaş ölkə ilə ticarət dövriyyəsinin artırılması istiqamətində hədəflərin gerçəkləşməsinə töhfə verəcək.

Layihə səsə qoyularaq qəbul edilib.

Sonra Sahibə Qafarova bildirib ki, gündəliyin ikinci məsələsindən başlayaraq növbəti 37 qanun layihəsi Prezidentin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır.

Diqqətə çatdırılıb ki, bu 37 məsələdən 26-sına İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb.

Layihələrlə bağlı danışan Əli Məsimli bildirib ki, qanun layihələrinin birinci və ikinci oxunuşlarında ətraflı məlumat verilib. Eyni zamanda, müzakirələrdə deputatların qaldırdıqları məsələlərə Mərkəzi Bank tərəfindən ətraflı aydınlıq gətirilib. Vurğulanıb ki, təklif olunan dəyişikliklərin qəbulu nəticəsində Mərkəzi Bankın funksiyalarının daha səmərəli həyata keçirilməsi üçün çox etibarlı hüquqi zəmin yaranacaq.

Komitədə baxılan və bir oxunuşdan keçən "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında", "Qiymətli metallar və qiymətli daşlar haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Reklam haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Büdcə sistemi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri isə "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov üçüncü oxunuşda olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Publik hüquqi şəxslər haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "İcra haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə əlaqədar bildirib ki, məsələlərə dair əvvəlki oxunuşlarda ətraflı məlumat verilib və sənədlərlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Gündəliyin 19-cu məsələsi - "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihənin ikinci oxunuşundan sonra komitəyə heç bir irad və təklif daxil olmadığını bildirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev 32-ci məsələ ilə bağlı bildirib ki, Aqrar sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə əsasən, "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz olunur.

Əli Məsimli təqdim edilən son 11 qanun layihəsi barədə komitənin müsbət rəyini diqqətə çatdırandan sonra müzakirəyə təqdim olunan 37 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Daha sonra ikinci oxunuşda olan 11 qanun layihəsinə baxılıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Dərman vasitələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.

Sonra Kamal Cəfərov İnzibati Xətalar Məcəlləsində və "Konstitusiya Məhkəməsi haqqında" Qanunda dəyişiklik edilməsi haqqında qanun layihələrini (ikinci oxunuş) diqqətə çatdırıb.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında" və "Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.

Hər dörd qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova növbəti 3 məsələnin də yeni medalların təsis edilməsi ilə bağlı olduğunu və ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsini təqdim edib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sahibə Qafarova gündəliyin son iki məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib.

Əli Məsimli "Dövlət satınalmaları haqqında" və Vergi Məcəlləsində, "Energetika haqqında", "Büdcə sistemi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və "İnzibati icraat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, 10 fəsil, 59 maddədən ibarət "Dövlət satınalmaları haqqında" qanun layihəsi həm yerli, həm də beynəlxalq təcrübəyə əsasən mükəmməl şəkildə hazırlanıb. Sənəd dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.

Deputat bildirib ki, adları çəkilən qanunlara "Dövlət satınalmaları haqqında" yeni qanun layihəsi ilə əlaqədar uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur.

Deputat Aydın Hüseynov məsələ ilə bağlı bəzi fikirlərini səsləndirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Mustafa KAMAL,

“Respublika”.