Milli qürur və şərəf tariximiz
Siyasət

Milli qürur və şərəf tariximiz

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasının 3-cü ili tamam olur. Qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günü bu il daha təntənəli şəkildə qeyd edilir.

Bu şanlı qələbə münasibətilə Bakı Apellyasiya Məhkəməsində tədbir keçirilmişdir.

Sədr Mübariz Əkbərov xalqımızı, eləcə də məhkəmənin kollektivini 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək bildirmişdir ki, budəfəki Zəfər bayramının əvvəlki iki ildə keçirdiyimiz bayramlardan böyük fərqi var. Belə ki, cari ilin sentyabr ayının 19-20-də Azərbaycan silahlı qüvvələrinin keçirdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində Qarabağda suverenliyimiz tam və qəti şəkildə təmin edilmiş, Azərbaycan bayrağı Xocalı, Xocavənd, Ağdərə və Xankəndi şəhərlərində dalğalanmaqdadır. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran günlər və anlardır. Torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq.

Vətən müharibəsi iştirakçısı Gümrah Məmmədov çıxışında Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək torpaqlarımızın azad olunmasında və möhtəşəm qələbədə onun da payının olmasına görə özünü xoşbəxt hiss etdiyini qeyd etmişdir.

Məhkəmənin hakimləri tədbirdə çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqı bu gün sözün əsl mənasında qürurludur. Azərbaycanı hər kəs qalib ölkə, müzəffər xalq kimi tanıdı. Bu böyük Zəfər milli mənsubiyyətindən asılı olmayaraq xalqımızın "Dəmir yumruq" ətrafında sıx birləşməsi, iqtidar-xalq birliyi sayəsində əldə edilmişdir. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə hərb tariximizin qızıl səhifəsinə çevrilmişdir.

Çıxış edən digər iştirakçılar da milli qürurumuzun təntənəsi hesab olunan bu günü Vətəninə bəxş etmiş oğullarımızın Azərbaycan xalqının baş tacı olduqlarını bildirmişlər.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

"Respublika".