Molla rejimi əhalini çörəklə sınağa çəkir
Dünya xəbərləri

Molla rejimi əhalini çörəklə sınağa çəkir

İranın Saravan şəhərində Yasin Zəngşahi adlı gənc çörək növbəsi gözləyərkən Əfqanıstan vətəndaşı olan şəxsin hücumuna məruz qalıb. Bu hadisə son bir neçə ayda cənub qonşumuzun ərazisində ərzaq qıtlığının pik həddə çatdığını göstərir. Belə ki, molla rejiminin yanlış idarəçiliyi nəticəsində ölkədə ərzaq məhsulları kəskin şəkildə bahalaşıb və qıtlıq yaranıb.

Tehranda bir ailə həftədə sadəcə 5 kq toyuq əti ala bilər. Üstəlik, alış-veriş zamanı onlardan şəxsiyyət vəsiqəsi, habelə digər sənədlər tələb edilir, növbələrin isə sonu görünmür. Hətta, ötən aylarda Mazandaran əyalətində dövlət tərəfindən verilən ucuz toyuğun satışı zamanı növbədə dayanan bir insan digərini öldürmüşdü. Problemlər uzun müddətdir mövcud olsa da hökumət həll yolları təklif etmək əvəzinə boş vədlər verir. Amma indiki reallıq onu göstərir ki, verilən sözlər də yalan imiş. Çünki əvvəllər talonla ailə başına 5 çörək verilirdisə, indi bu, 2-yə endirilib. Qərar isə ölkədə xaosa səbəb olub. Xaotik vəziyyət Qərbi Azərbaycan və Kürdüstan mahalında daha çox hiss olunur. Sözügedən bölgələrdə yaşayan insanlar deyirlər ki, sexlərdə çörək tapa bilmədikləri üçün bazara üz tuturlar, orada isə qiymət 5 dəfə bahadır. 10 min tümənə olan çörəyi alverçilər 40-50 minə satır. Çünki İranda 2 növ çörək satılır. Bunlardan biri azad çörək adlanır. Bu növün qiyməti dünya bazarına uyğun tənzimlənir, yəni qlobal bazarlarda çörək neçəyə hasil olursa, İran əhalisinə də o qiymətə satılır. İkinci növ isə subsid verilən çörək adlanır. Əhalinin yoxsul hissəsi, yəni İran vətəndaşlarının çoxu bu növə üstünlük verirlər. Bu plana əsasən, çörəyi hökumət unu daha ucuz qiymətə çörək sexlərinə verir, onlar da qaydaya uyğun olaraq çörəyi ucuz qiymətə hazırlayıb xalqa satmalıdırlar. Amma bu prosesdə oğurluq halları üzə çıxır. Buğdanı təmin edən yüksək vəzifəli şəxsdən tutmuş çörəkçiyə qədər hər kəs öz gəlirini düşünür. Onlar çalışırlar ki, subsid verilən çörəyi azad bazarda satıb daha çox mənfəət əldə etsinlər. Bu isə millətin onsuz da ağır olan sosial durumunu daha da pisləşdirir.

İnsanlar çörək qıtlığına un və buğda çatışmazlığının səbəb olduğuna inanmırlar. Yerli xalq düşünür ki, bu, hakimiyyət qüvvələri və məmurlar tərəfindən planlaşdırılmış məsələdir və qıtlıq digər sosial problemlər kimi qəsdən yaradılıb. Molla rejimi süni yolla yaratdığı qıtlıqdan insanların başını qatmaq üçün istifadə edir. Eyni zamanda, SEPAH insanları çətin vəziyyətdə yaşamağa məcbur etməklə onlara mesaj verir ki, rejim olmasa, ölkədə aclıq başlayar və stabillik olmaz.

İran rəsmiləri bu iddiaları qəbul etməsə də, ölkədə vəziyyətin daha da acınacaqlı hal alacağı proqnozlaşdırılır. Belə ki, ekspertlər taxıl biçini qurtarandan sonra qiymətin qalxması ilə vəziyyətin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edirlər. Sözsüz ki, əgər rejim bazarlara müdaxilə edə bilməsə bahalaşma və qıtlıq səbəbindən nümayişlər başlayacaq, etiraz dalğası ölkənin bütün əyalətlərinə yayılacaq. Yəni yaxın dövrdə İranda kütləvi etiraz aksiyaları, qarətlər, polislə xalq qarşıdurmasının yaşanması istisna edilmir.

Jalə QASIMZADƏ,

"Respublika".