Muhammad Laval Sulaiman: Gəncəyə raket hücumu bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Diaspora

Muhammad Laval Sulaiman: Gəncəyə raket hücumu bəşəriyyətə qarşı törədilmiş cinayətdir

Nümayəndə heyətimiz faktaraşdırıcı missiyanı həyata keçirmək üçün Azərbaycana səfər edib. Səfərimizin əsas məqsədi baş verənləri gözlərimizlə görmək və nəticələrə əsasən hesabat hazırlamaqdır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gəncə şəhərinə səfər edən İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Muhammad Laval Sulaiman söyləyib.

"Biz Gəncəyə edilən amansız raket hücumunun fəsadlarının şahidi olduq. Bu dağıntıların bir sübut kimi saxlanılmasını məsləhət görürəm. Biz bu raket hücumları nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləyirik. Bu, bəşəriyyətə qarşı törədilmiş cinayətdir", - deyə o əlavə edib.

Qan yaddaşı: 2020-ci il. 44 günlük müharibə dövründə Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt Ermənistan silahlı qüvvələrinin xaincəsinə təşkil etdiyi hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib. Xəsarət alanlardan 86-sı kişi, 57-si qadın, 32-si uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub.