MÜSTƏQİL AZƏRBAYCANIN DİRÇƏLİŞ GÜNÜNÜN BAŞLANĞICI
Digər xəbərlər

MÜSTƏQİL AZƏRBAYCANIN DİRÇƏLİŞ GÜNÜNÜN BAŞLANĞICI

XX əsr Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişdi. Qətiyyətlə deyə bilərəm ki, xalqın içərisindən çıxan, xalqdan güc alan, xalqa arxalanan sərkərdələr yenilməzdir. "Mən bütün qalan ömrümü də xalqıma həsr edəcəyəm!". 1993-cü ilin ağır iyun günlərində Heydər Əliyev tərəfindən deyilmiş bu sözlər onun dəyanətini və yenilməzliyini göstərir.

Heydər Əliyevin siyasi fəaliyyəti, dövlətçilik yolu 1969-cu ilin 14 iyulundan əvvəl başlamışdır. O, təhlükəsizlik orqanlarının sıravi əməkdaşından Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinədək şərəfli yol keçmiş, azərbaycanlılar üçün bu mühüm dövlət orqanı sahəsində nəzərdə tutulmuş qeyri-rəsmi baryeri aşıb keçməyə müvəffəq olmuşdur. Heydər Əliyev sovetlər ittifaqının tarixində ilk azərbaycanlı idi ki, belə mühüm vəzifəyə təyin olunmuşdur. Hətta, möhtəşəm SSRİ DTK-sı Sov. İKP MK Siyasi Bürosu və Sov. İKP MK baş katibi də onun istedadı, məntiqi, dəyanəti qarşısında sədd çəkə bilməmişdi, məlum olduğu kimi, bu vəzifə yalnız onların səlahiyyətlərinə daxil idi və bu sahədə azərbaycanlılara yüksək vəzifə tutmaq imkanı verilmirdi. Heydər Əliyev isə xalqın iradəsi ilə bütün nomenklatur maneələri aşmaqda, yüksəlməkdə idi.

Tarixi gün olan 1969-cu ilin 14 iyulunda indiki "Şəhriyar" klubunda plenuma toplaşmış Azərbaycan Kommunist Partiyası MK-nın üzvləri heç fikirlərinə belə gətirməzdilər ki, Azərbaycan Respublikası DTK-nın sədri Heydər Əliyevi Azərbaycan KP MK rəhbərliyinə gətirmək üçün toplaşıblar. O zaman bəziləri bu ağırlığı çiyinlərinə götürmək istəmir, bir çoxları isə özlərini kənara çəkməyə çalışırdılar. Lakin Heydər Əliyev Azərbaycanın belə ağır günlərində bütün məsuliyyəti öz üzərinə götürmək əzmi ilə plenuma gəlmişdi. Azərbaycan öz tarixinin ən ağır dövrlərindən birini yaşayırdı: respublikadakı sosial-iqtisadi vəziyyətin ağırlığına Ermənistan SSR-dəki azərbaycanlılara qarşı növbəti anti-Azərbaycan kampaniyası da əlavə olunmuşdu.

Plenumda iştirak edən Sov. İKP MK-nın partiya təşkilatı məsələləri üzrə katibi V.Kapitonov Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevə müraciət edərək onu çıxış etməyə dəvət etsə də, Heydər Əliyevin cavabı qəti oldu: "Əgər çıxış etmək lazımdırsa, onda proqram çıxışı etmək lazımdır, bunu isə mən indi yox, bir qədər sonra edərəm". Doğrudan da, belə bir çıxışı Heydər Əliyev 1969-cu ilin məşhur avqust plenumunda etdi.

Plenumdan bir gün sonra, iyulun 15-də Sov. İKP MK-nın mərkəzi orqanı olan "Pravda" qəzetinin ikinci səhifəsində heç bir şərh olmadan aşağıdakı mətn verilmişdi: "Dünən Azərbaycan KP MK-nın plenumu oldu. Plenum təşkilatı məsələləri müzakirə etdi. H.Ə.Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Azərbaycan KP MK-nın plenumunda Sov. İKP MK-nın katibi V.Kapitonov iştirak etmişdir".

14 iyul plenumundan sonra bütün iştirakçılar narahatlıqla Heydər Əliyevin nə deyəcəyini gözləyirdilər. Heydər Əliyev isə həm plenum iştirakçılarına, həm də Azərbaycan xalqına acı həqiqəti söylədi. Bunu heç kəs gözləmirdi, çünki SSRİ tarixində heç kəs xalqa belə açıq müraciət edərək əsl həqiqəti deməmişdi. Heydər Əliyev isə xalqa hansı vəziyyətdə olduğunu və yaranmış vəziyyətdən çıxış yollarını açıb göstərdi. Heydər Əliyevin gücü onda idi ki, o, insanların gözünü açaraq həqiqəti deyirdi: heç nəyi gizlətmədən, heç kəsdən və heç nədən qorxmadan və nəyə doğru getdiyini bilə-bilə... Heydər Əliyev Azərbaycan DTK-sının sədri kimi necə ağır risk etdiyini aydın şəkildə dərk edirdi. Əgər bu risk olmasaydı, hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq olduqca çətin olardı. Biz indi, iftixarla "Dirçəliş", "Qayıdış", "Qurtuluş" anlayışları işlədiriksə, dərk etməliyik ki, bütün bunların kökündə 1969-cu ilin 14 iyulu dayanır. Biz bu həqiqəti gələcək nəsillərə çatdırmalıyıq.

Həmin illər, xüsusilə 1969-cu ilin avqustundan sonra Qərb qəzetləri baş vermiş hadisələri təsvir edərək yazırdılar ki, "DTK-nın generalı SSRİ daxilində bomba partlatmışdır. Bu partlayışın nəticələrini qiymətləndirmək bizim üçün olduqca çətindir". Aradan otuz il keçdikdən sonra həmin qəzetlər artıq DTK generalından yox, XX əsrin görkəmli azərbaycanlısından bəhs edərək yazırdılar: "Orada, uzaq Qafqazda Heydər Əliyev kimi nüfuzlu şəxsiyyət vardır". Belə bir etirafa nail olmaq üçün Heydər Əliyev 30 ildən çox mübarizə aparmışdı, həm də necə...

Heydər Əliyev şəxsiyyəti haqqında çox deyilib, çox yazılıb, lakin bunlar deyərdim ki, onun şəxsiyyəti ilə müqayisədə olduqca azdır. Belə ki, Heydər Əliyev titanik keyfiyyətlərə və iş qabiliyyətinə malik hərtərəfli şəxsiyyətdir. O, sanki siyasət üçün yaranmışdır, mən bunu həm adi halda, həm də çətin, fövqəladə şəraitdə müşahidə etmişəm. Yaranmış ən çətin situasiyalar belə onun müvazinətini pozmağa qadir deyildi. Heydər Əliyev hadisə və proseslərin ağırlığını öz daxilində çəkir, özünə hesabat verir, lakin bunu heç zaman təzahür etdirmir və öz təmkinini, sakitliyini qoruyub saxlayırdı.

Dünyanın fövqəldövlətlərindən olan SSRİ-nin rəhbərlərindən biri kimi Moskvada olduğu vaxtlarda belə o, bütün məzuniyyətlərini doğma Azərbaycanda keçirirdi. Lakin adı məzuniyyət olsa da, qızğın iş günlərindən seçilmirdi. Belə ki, həmin günlərdə də iş səhər tezdən başlayır və axşamdan xeyli keçənədək davam edirdi. Heydər Əliyev bizim hər birimizdən görülmüş işlərin hesabatını tələb edir, bütün yeni tikinti obyektlərinə baş çəkir, küçələrdə, meydanlarda, mağazalarda insanlarla görüşüb söhbət edir, baş verənlərə onların münasibətini öyrənirdi.

Heydər Əliyevin Azərbaycana səfəri zamanı biz görürdük ki, respublikamızda, doğma Bakıda baş vermiş yeniliklər onu necə sevindirir. Hər yeni tikilmiş uşaq bağçası, məktəb, salınmış bağ, açılmış muzey onun böyük marağına səbəb olur, görülmüş işi detallarına qədər öyrənirdi.

Yadımdadır, isti yay günlərindən birində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev vəfat etmişdi. Onun cənazəsini aparmaq üçün hazırlanmış katafalka Heydər Əliyevin çıxışından sonra gərəksiz oldu: "Ü.Hacıbəyovdan sonra Qara Qarayev dövrümüzün ən böyük musiqiçilərindən biridir. O zaman xalq Ü.Hacıbəyovun tabutunu əllərində aparmışdı. Q.Qarayevi də eləcə dəfn edəcəyik". Havanın temperaturu 40 dərəcəyə çatan isti yay günlərində dəfn mərasimi üç saatdan çox çəkdi, Q.Qarayevin tabutu Filarmoniyadan Fəxri Xiyabanadək əllərdə aparıldı.

Müasir dövrdə Heydər Əliyevin Azərbaycan dilinin inkişafındakı rolundan çox danışılır. Lakin bu mübarizənin hələ 25-30 il əvvəl, olduqca çətin şəraitdə başlandığını çoxları bilmir. Totalitar rejimin olduqca güclü dövründə ana dilində danışmağa respublika, ölkə və vilayət rəhbərlərindən çox az adam cəsarət edə bilərdi ki, Heydər Əliyev həmin cəsarət sahiblərindən biri idi. 70-ci illərin əvvəllərində Bakı Dövlət Universitetinin hesabat seçki yığıncağında iştirak edən Heydər Əliyev Universitetin tarixində ilk dəfə olaraq dinləyicilərə ana dilində müraciət etməklə, şok vəziyyəti yaratmışdı. Bu hadisədən bir neçə il əvvəl Heydər Əliyevin Azərbaycan Yazıçılar İttifaqı üzvlərinin bir qrupu ilə görüşü yadımdadır. Söhbət Azərbaycan dilindən gedirdi. Deyəsən, yazıçılardan Mirzə İbrahimov problemlərdən bəhs edərək sözarası "Kirovabad"ın tarixi adının özünə qaytarılması məsələsinə toxundu. Totalitar şovinizmin tüğyan etdiyi SSRİ-də xalqın milli duyğularını müzakirəyə çıxarmaq görünməmiş hadisə idi, lakin Heydər Əliyev belə riskdən çəkinən deyildi. M.İbrahimova cavabında: "hələ tələsməyin, vaxt gələr, biz bu məsələni müzakirə və həll edərik", - dedi. SSRİ dağılandan sonra Gəncənin tarixi adı bərpa edildi, problemin təməl daşı isə Heydər Əliyev tərəfindən qoyulmuşdu.

Heydər Əliyev təmsil etdiyi xalqın müdrikliyini, böyüklüyünü və mədəniyyətini dünyaya tanıtmaq üçün böyük işlər görürdü. İşimizin xarakteri elə idi ki, müxtəlif nümayəndə heyətinin tərkibində xarici ölkələrə, SSRİ respublikalarına, müxtəlif vilayətlərə tez-tez işgüzar səfərlərə çıxırdıq. Azərbaycanda da, Moskvada da işlədiyi vaxtlarda Heydər Əliyev dönə-dönə deyirdi ki, təmsil etdiyiniz xalqı yaddan çıxarmayın, çünki sizin hərəkətlərinizə, mədəniyyətinizə və işinizə görə, Azərbaycan xalqı haqqında mühakimə yürüdürlər. Heydər Əliyevin Sambekov yüksəkliyində Böyük Vətən müharibəsi illərində Rostovun və Taqanroqun azadlığı uğrunda canından keçmiş Azərbaycan oğullarının şərəfinə ucaldılan abidənin açılması üçün göstərdiyi işgüzarlıq heç zaman yadımdan çıxmaz. Azərbaycana qayıtdıqdan sonra qarşımıza qoyduğu başlıca vəzifə həmin şəhərlərlə əlaqələri genişləndirmək oldu. Tezliklə şəhərlər arasında müvafiq müqavilələr imzalandı, Bakı və Taqanroq qardaşlaşmış şəhərlər sırasına daxil edildi. Bizə elə gəlirdi ki, bununla hər şey başa çatdı, lakin növbəti görüşlərdən birində Heydər Əliyev təklif etdi ki, "olduğunuz yerlərin hamısında Azərbaycandan dərin izlər qoymağa çalışın. Küçə, bağ adları, abidələr Azərbaycan xalqı haqqında xatirələrin uzunömürlü olmasını şərtləndirən amillərdəndir. Yalnız bundan sonra biz rostovlulardan Taqanroq şəhərində "Azərbaycan" meydanının, "Abşeron" qastronomunun, Azərbaycan xalqının hərbi və əmək qəhrəmanları muzeyinin açılışına razılıq aldıq və bunlar tezliklə reallaşdırıldı.

Sonralar Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu zaman Vyetnamda Mekonq çayı üzərində körpünün açılışında iştirak etdi və vyetnamlılara azərbaycanlılarla əlaqə qurmağı tövsiyə etdi. Məhz onun məsləhəti ilə biz Cənubi Vyetnama rəsmi səfər etdik və xalqımızı xatırladan "Azərbaycan" küçəsi və "Bakı" mehmanxanasının açılışında iştirak etdik. Bunlar Cənub - Şərqi Asiya torpağında xalqımıza dair yeganə xatirələr idi ki, bu haqda Hind - Çin və Cənub - Şərqi Asiyanın kütləvi informasiya vasitələri geniş məlumat vermişdilər.

Məhz Heydər Əliyevin məsləhəti ilə Sovet hakimiyyəti illərində Azərbaycan haqqında həqiqətləri dünyaya çatdırmaq üçün qardaşlaşmış şəhərlərə dair müqavilələrdən geniş istifadə olunmağa başlandı ki, nəticədə Fransanın Bordo, AFR-in Maynts, İtaliyanın Neapol, keçmiş Yuqoslaviyanın Sarayevo, ABŞ-ın Hyuston, Seneqalın Dakar, Betnamin Vunk-Tab və başqa şəhərləri Azərbaycan şəhərləri ilə qardaşlaşdılar. Bu şəhərlərin hər birində Azərbaycanı xatırladan meydanlar, küçələr, bağlar, muzeylər, mehmanxanalar, kitabxanalar və s. yaradıldı. Bu ölkələr Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən olan Nizaminin, Füzulinin, Nəsiminin, Vazehin, Səməd Vurğunun, Hüseyn Cavidin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Arif Məlikovun və başqalarının yaradıcılığı ilə tanış oldular. Heydər Əliyev hələ 70-80-ci illərdə Azərbaycanı dünyaya tanıtmışdı.

Xatırladığım hadisələrdən biri də A.Myasnikovun (Myasnikyanın - A.A.) yubileyi ilə bağlıdır. Həmin yubileyə Azərbaycandan Ermənistana gedəcək nümayəndə heyətinə mən başçılıq edirdim. Səfərdən əvvəl Heydər Əliyev dedi ki, fikir ver, əgər bütün çıxışlar erməni dilində olarsa, onda sən də Azərbaycan dilində çıxış edərsən. A.Myasnikovun yubileyi Yerevanda Sundükyan adına Opera və Balet teatrında keçirildi. SSRİ-nin hər yerindən nümayəndələrin gəlməsinə baxmayaraq, Ermənistan kommunist partiyasının birinci katibi K.Dəmirçyan məruzəni erməni dilində etdi. Bütün çıxışlar əvvəlcə erməni dilində edilir, bəzi çıxışlar isə rus dilinə tərcümə olunurdu. Heydər Əliyevin məsləhətinə uyğun olaraq mən əvvəlcə Azərbaycan və sonra rus dilində çıxış etdim. Çıxışın sonunda alqışlar əvəzinə zalda çaşqınlıq müşahidə etdim. Bundan sonra naməlum səbəbdən təyin olunmuş bayram qəbulu təxirə salındı. Bir qədər sonra isə bizi yubileyin təntənəli hissəsinə dəvət etdilər. Bu zaman nümayəndə heyətinin üzvü olan mərhum akademik Püstə Əzizbəyova nümayəndə heyətinə müraciətlə: "Ağalar Nəriman oğlunun Azərbaycan dilində çıxışı ev sahiblərini elə çaş-baş saldı ki, onlar ssenarini dəyisməli oldular", - dedi. Amma mən tamamilə razı qalmışdım, çünki bizim nümayəndə heyətinin mənəvi qələbəsi təmin edilmişdi. Bu qələbənin müəllifi Heydər Əliyev idi.

(davamı növbəti saylarımızda)

Ağalar ABBASBƏYLİ,

Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər

kafedrasının müdiri, professor.