Müstəqilliyimizin müqəddəs rəmzi
Siyasət

Müstəqilliyimizin müqəddəs rəmzi

1993-cü il yanvarın 19-da Azərbaycan parlamenti "Dövlət gerbi haqqında" Konstitusiya Qanununu qəbul edib. Gerbimiz Azərbaycanın müstəqilliyinin müqəddəs atributudur. Dövlət gerbi üzərindəki təsvirlər azərbaycanlıların Şərq xalqlarından biri olmasını, bayrağımızın simvollarını, əbədiyaşarlıq rəmzi olan günəşi, odlar yurdu Azərbaycanı, milli-hərbi qüdrətimizi, sülhsevərliyimizi özündə ehtiva edir.

Ümummilli lider Heydər Əliyev söyləyirdi ki, "Azərbaycan gerbini təbliğ etmək lazımdır. Azərbaycanın gerbi, bayrağı ilə bərabər, bizim dövlət müstəqilliyimizi təmsil edən atributdur". Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət bayrağından başqa, digər rəmzlər rəsmi şəkildə qəbul olunmamışdı. 1920-ci il yanvar ayının 30-da hökumət tərəfindən müsabiqə elan olundu. Həmin dövrdə cərəyan edən hadisələr gerbin qəbul edilməsi prosesini ləngitdi. Eyni zamanda müsabiqəyə təqdim edilən gerb eskizləri Milli Məclis üzvlərini qane etməmişdi. Belə olduğu təqdirdə isə mövcud gerb layihəsinin bərpası məqsədəuyğun hesab edildi. Bu gerb Azərbaycan Xalq Cümhuriyyəti dövrünün 1921-ci ildə yaradılmış gerbinin təkrarıdır. Gerbin kompozisiyası orijinalda olduğu kimi saxlanılıb, yalnız bəzi detallar - alovun, palıd yarpaqlarının və sünbüllərin təsviri rəssam Rafiq Məmmədov tərəfindən təkmilləşdirilib. Dövlət gerbində öz əksini tapan rəmzi elementlər milli və bəşəri dəyərlərə əsaslanır. Gerbin üzərində əks olunan səkkizguşəli ulduz respublikamızın memarlıq, şəbəkə sənətində geniş istifadə olunan ornament növlərindən biridir. Məşhur memar Əcəminin yaratdığı abidələrdə, həmçinin Bakı Şirvanşahlar Sarayındakı divanxananın plan quruluşu və ornamentlərində, Pirsaat çayı üzərindəki Xanəgahın mayolika naxışlarında da ulduz təsvirlərinə rast gəlinir. Qalxan isə dünya heraldika sənətində ölkənin hərbi qüdrətinin, xalqın qəhrəmanlıq əzminin simvolu hesab olunur. Gerbin alt hissəsində palıd yarpaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu ifadə edir.

Yeri gəlmişkən, Azərbaycanın Dövlət Gerbinin hazırlanması və təsdiqi məsələsinə 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Heydər Əliyevin təşəbbüsü ilə yenidən baxıldı. Həmin dövrdə üçrəngli bayrağımızın bərpası və qəbulu ilə yanaşı, dövlət gerbi, himnimiz üçün müsabiqə elan olunması barədə qərar qəbul edildi. Bu məsələlərlə bağlı Azərbaycan Respublikasının Ali Sovetinə müraciət olundu. Ali Sovet 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli dövlət bayrağının bərpası və qəbulu ilə yanaşı, "Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında" qərarı təsdiqlədi. Həmin qərara müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edildi. Respublika Ali Soveti Rəyasət Heyətinə müsabiqəyə yekun vurmaqla bağlı tapşırıq verildi. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çox sayda yeni gerb layihələri çap olundu. 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələrlə birlikdə 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi də müzakirəyə çıxarıldı. Uzun müddət davam edən müzakirələrdən sonra Milli Məclis 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiqlədi. Beləliklə, bugünkü Dövlət gerbimizin rəngli və ağ-qara təsviri "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında" 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edildi. Dövlət Gerbindən istifadə qaydaları "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamə" ilə tənzimlənir. "Əsasnamə"də gerbin rəngli təsviri haqqında deyilir ki, Azərbaycan Respublikasının Dövlət Gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşərək qalxanın təsvirindən ibarətdir. Qalxanın üstündə dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsviri yer alıb. Azərbaycan Respublikası Dövlət Gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, eyni zamanda qalxanın düymələri və palıd qozaları qızılıdır.

Bir məsələni də qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə mexanizmi Azərbaycan Respublikasının Konstitusiyasındakı müvafiq qanunlar və Əsasnamə ilə tənzimlənir. "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında Əsasnamə"yə görə, gerbin rəngli və ağ-qara təsvirindən iki formada - gerbin qabarıq təsviri və gerbin adi təsviri istifadə edilməlidir.

Nəzrin ELDARQIZI,

"Respublika".