NATO ilə əməkdaşlıq uğurla davam etdirilir
Siyasət

NATO ilə əməkdaşlıq uğurla davam etdirilir

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb və həmin ilin mart ayından əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub. Azərbaycan 1994-cü ildən NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının Çərçivə sənədini imzaladığı gündən Atlantik alyansla genişmiqyaslı əməkdaşlıq edir və üçüncü tərəfin əleyhinə yönəlməyən bu münasibətlər Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən ən perspektivli və effektiv əməkdaşlıq kimi dəyərləndirilir.

Qeyd etmək lazımdır ki, NATO üzv dövlətlərin dövlət və hökumət başçılarının Zirvə toplantılarında ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ilə bağlı hər zaman birmənalı və beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirilib. 2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Sammitlərinin yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə həmişə davamlı olaraq öz dəstəklərini ifadə ediblər. Bu yanaşma NATO-ya üzv dövlətlərin 2018-ci ilin iyulunda keçirilən Zirvə toplantısının yekun kommunikesində də bir daha qeyd olunub, Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, Ermənistan-Azərbaycan münaqişəsinin yalnız bu prinsip əsasında həllinin vacibliyi vurğulanıb. Bu gün ölkəmizin NATO ilə əlaqələri genişlənir və əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi bu gün həm regionda, həm də bütün Avrasiyada reallıqları dəyişib, əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi hərbi bilik, tətbiq etdiyi strategiya dünya hərb sisteminə yeniliklər gətirib, müdafiə sənayesinin prioritetlərini dəyişib və şübhəsiz ki, belə bir orduya malik olan Azərbaycanla əməkdaşlığın inkişafı NATO üçün də mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, 2010-cu ilin noyabr ayının 19-20-də Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Lissabon zirvə toplantısında diqqət yetirilən məsələlər ölkəmizi yaxından maraqlandırırdı. Təşkilat üzvləri qarşılaşdıqları və mübarizə aparacaqları yeni təhlükə mənbələri haqqında ortaq qərara gəlmişlər. İki gün davam edən görüşmələrdə tərəflər təhlükə mənbələrinə qarşı kollektiv təhlükəsizlik prinsipi çərçivəsində mübarizə aparmağın mühüm olduğu qərarına gəlmişlər. İlk növbədə, Lissabon zirvə toplantısında Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsini də ehtiva edən qərarın qəbulu, digər tərəfdən ölkəmizin təhlükəsizliyi baxımından maraq dairəsi ola biləcək məsələlər bunu şərtləndirirdi. Lissabon Zirvə toplantısında qəbul edilən yekun sənəddə Cənubi Qafqaz ölkələrinin suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin təşkilat üzvləri tərəfindən dəstəkləndiyi bildirildi. “Biz (NATO üzv dövlətləri) Ermənistan, Azərbaycan, Gürcüstan və Moldova respublikalarının suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyirik” maddəsini Azərbaycan tərəfi çox böyük məmnuniyyətlə qarşıladı. Lakin Ermənistanın bu maddəyə qarşı etirazları heç bir nəticə vermədi və yekun sənəd heç bir dəyişiklik edilmədən qəbul edildi. Və bununla da yekun sənəddə NATO-nun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəklədiyi ifadə olundu. Qəbul olunan bu yekun sənədi Minsk qrupunun həmsədr ölkələri olan Fransa və ABŞ da dəstəklədilər.

2012-ci ilin 20-21 mayında ABŞ-ın Çikaqo şəhərində keçirilmiş növbəti Lissabon Sammitində qeyd edilən sənədlərin necə tətbiq olunduğu və digər məsələlər müzakirə edilmişdir. Bunlardan NATO-nun Əfqanıstandakı vəziyyəti; 2008-ci ildə yaşanan dünya iqtisadi böhranından sonrakı vəziyyət; qısa, yaxın və uzun zamanda ortaq fəaliyyət strategiyasının planlaşdırılması; “ağıllı müdafiə” proqramının həyata keçirilməsi; NATO-nun hərbi gücünün qorunması və davam etdirilməsi və Rusiya ilə münasibətlər.

Sammitdə əhəmiyyətli olan digər məsələ də Orta Asiya və Cənubi Qafqaz dövlətlərinin prezidentlərinin dəvət olunması olmuşdur. Sammitdə Azərbaycan və digər Müstəqil Dövlətlər Birliyi üzvlərinin ərazi bütövlüyünün tanınması Sammitin yekun bəyannaməsində yenidən təsdiq olunması öz əksini tapmışdır.

NATO üzv ölkələrinin növbəti Sammiti 4 sentyabr 2014-cü ildə Uelsin Nyoport şəhərində baş tutmuşdur. Tədbirdə Alyansa üzv olan tərəfdaş ölkələrin, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. Bu sammitin gündəliyində Ukraynada baş verən hadisələr, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraq və Suriya böhranı ilə bağlı məsələlər daxil edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxışında bildirmişdir ki, Azərbaycan və NATO arasında tərəfdaşlığın iyirmi ili ərzində ölkəmiz Alyansın bir çox fəaliyyət sahəsinə töhfə verən etibarlı tərəfdaşa çevrilib. Bu gün Azərbaycan regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm rol oynayan ölkədir. Cənab Prezident vurğulayıb ki, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan onlara məhəl qoymur və münaqişə həll olunmamış qalır. Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk.

8 iyul 2016-cı ildə Polşanın paytaxtı Varşava şəhərində NATO-nun növbəti sammiti keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. NATO-nun Varşava Sammitində Alyansa üzv olan və İSAF proqramına qoşulsan tərəfdaş ölkələrdən, BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak etmişlər. Sammitdə bildirildi ki, hazırda demokratik dəyərlər təhlükə altındadır və münaqişələr dünyada qeyri-sabitliyin yaranmasına, terrorizm kimi çağırışların üzə çıxmasına xidmət edir. Vurğulandı ki, Varşava Sammiti ilə NATO adaptasiya prosesinin yeni mərhələsinə qədəm qoyur. NATO Estoniya, Latviya, Litva və Polşada öz qüvvələrini yerləşdirməklə Alyansın Şərq hissəsində NATO qüvvələrinin mövcudluğunu daha da gücləndirib.

Belçikanın paytaxtı Brüsseldə 2018-ci il 11-12 iyulda keçirilən NATO-nun 29-cu Zirvə toplantısında Alyansa üzv olan 54 ölkə, o cümlədən Azərbaycan və Ermənistan rəsmi nümayəndə heyətləri iştirak ediblər. Brüssel Sammitində NATO Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə də rəsmi şəkildə dəstəkləmişdir. NATO üzv dövlətlərinin Brüsseldə keçirilən Zirvə toplantısı Azərbaycan üçün xüsusilə böyük önəm daşımışdır. Belə ki, zirvə toplantısının yekununda qəbul edilən kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə edib. Azərbaycan Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədi və NATO-nun Brüssel Sammitinin kommunikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir. NATO-nun Brüssel Zirvə toplantısında səsləndirilən fikirlər də bu arqumentin təsdiqidir: “Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən əsas amildir”. Yekun Sənəddə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək fonunda Ermənistanın NATO-nun yekun sənədinə “xalqların öz müqəddəratını təyinetmə prinsipi”ni də daxil etmək istəyi iflasa uğradı.

Əli SADIQOV,

“Respublika”.