Neftçala su stansiyası ilə tanışlıq
Region

Neftçala su stansiyası ilə tanışlıq

“Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Neftçala rayonuna mediatur təşkil edib. Mediatur çərçivəsində mətbuat nümayəndələri ilk öncə Neftçala Magistral Kanalı və nasos stansiyası ilə tanış olub. Neftçala Magistral Kanalının nasos stansiyası 8 aqreqatlı 2 ədəd üzən nasos stansiyasından ibarətdir. Məhsuldarlığı saniyədə 14,4 kubmetr təşkil edən nasos stansiyası və beton üzlüklü 24,9 km uzunluğunda kanal 20205 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir.

 “Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev bildirib ki, 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq 2020-ci ildə Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər çəkilib və Salyan şəhərinin yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı inşa edilib. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında 38 km uzunluğunda ikinci magistral su kəməri isə 2023-cü ilin may ayında istismara verilib. İndiyədək layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb. Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib və hazırda işlər davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.

        Ərəstun ABDULOV,     

           “Respublika”.