Neokolonialist Fransanın yeni müstəmləkəçilik xisləti
Dünya xəbərləri

Neokolonialist Fransanın yeni müstəmləkəçilik xisləti

Tarixən müstəmləkəçiliyi dövlət siyasətində ən sistemli və qəddar şəkildə tətbiq edən Fransanın beynəlxalq hüquqa zidd davranışları qəbuledilməz səviyyədədir. Adını tarixə yalnız qanla və qara hərflərlə yazdıran ölkə soyqırımları, milyonlarla insanın vəhşicəsinə qətlə yetirilməsi, kölələşdirilməsi kimi saysız-hesabsız çirkin əməllərin müəllifidir. Bu xislət rəsmi Parisin genetikasındadır və heç bir zaman dəyişməmişdir. Fransanın soyqırımlarıyla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlinin qətlə yetirilməsi azmış kimi, Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri də müharibə qənimətləri olaraq saxlanılır. Dövlətimizin başçısı bunun utancverici və iyrənc hərəkət olduğunu qeyd edib: "Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".

Vurğulamaq lazımdır ki, qlobal məkanda Fransanın cinayət aktları sükutla qarşılanırdı. Lakin 2022-ci il noyabrın 1-də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısının açılış mərasimində və Qoşulmama Hərəkatının Bakı Zirvəsində Prezident İlham Əliyevin Fransanın çirkin əməllərini dünya ictimaiyyətinin diqqət mərkəzinə gətirməsi kölgədə qalan həqiqətləri üzə çıxardı və ölkə başçımızın bu həqiqətləri yüksək tribunalardan bildirməsi dünyanın Fransaya baxışını dəyişdi. Bu gün Fransa Afrikada sülh və insanlıq əleyhinə cinayətləri, müstəmləkəçilik siyasətini davam etdirən son 100 ildə 20 milyondan artıq insanı fransız olmadığı üçün soyqırıma məruz qoyan, Avropada antisemitizm (yəhudi millətinə və ya mədəniyyətinə, iudaizm dininə qarşı nifrət bəsləməsi və onları təqib etməsidir), antiislam və antitürk çağırışlarının çıxış nöqtəsidir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü zamanı bildirdiyi: "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir", fikri bu gün ədalət tərəfdarı olan bütün ölkələr tərəfindən dəstəklənir.

1524-cü ildən başlanan Fransa müstəmləkəçiliyinin fəsadları, səbəb olduğu can itkiləri insanlığa sığmayan əməllərdir. Təkcə Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qalmışdır. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilmiş və bölgədəki bütün resurslar bu ölkə tərəfindən talanmışdır. Bununla yanaşı, tarixin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu var. Belə ki, 2008-ci ildə Ruanda hökuməti Fransanı soyqırımına hazırlığından xəbərdar olub hutu dəstələrinə kömək edərək onlara təlim keçməkdə günahlandırır. Digər tərəfdən, 1945-ci il mayın 8-i Fransanın mina tarlasına çevirdiyi Əlcəzairdə soyqırımının başladığı gün kimi tarixə düşmüşdür.

Fransanın Əlcəzairdə həyata keçirdiyi soyqırımı insanlıq əleyhinə törədilmiş ən qanlı aktlardan biridir. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Cənab Prezidentin də vurğuladığı kimi, məhz buna görə Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə, 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olmuşdur. Digər bir fakt, 1961-ci ilin oktyabr ayına təsadüf edir. O zaman on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxan zaman Fransa polisinin açdığı atəşə məruz qalmışlar. Nəticədə, 1500-ə yaxın əlcəzairlinin qətlə yetirilməsi və mindən çox şəxsin həbs olunması ilə başa çatan nümayiş Fransanın qanlı tarixində "Sena qətliamı" kimi yadda qaldı. Fransa hakimiyyəti bu faciə ilə bağlı da susqunluq nümayiş etdirir və törətdiyi cinayətlərə görə məsuliyyəti boynuna almaq niyyətində deyil.

Fransa müstəmləkəçilik strategiyasını dəyişir. Afrikaya hərbi müdaxilələrin təsirinin itdiyini görən Fransa qeyri-hökumət təşkilatları və gənclər vasitəsilə "yumşaq güc" siyasətini həyata keçirməyə çalışır. Makron yalnız Fransanın qitədə itirilmiş nüfuzunu geri qaytarmaq istəyir, istismar sisteminə son qoymağı isə heç düşünmür. Afrikalı ekspertlər və akademiklər Fransa prezidenti Emmanuel Makronun elan etdiyi birtərəfli "Yeni Afrika Strategiyası"nın qitədə həyata keçirilməsinin mümkün olmadığını bildiriblər. Qeyd edək ki, Makron Qabon, Anqola, və Konqo Demokratik respublikalarının Afrika turu öncəsi "Yeni Afrika Strategiyası"nı gündəmə gətirdikdən sonra bu ölkələr ilə Fransa arasındakı əlaqələr yenidən müzakirə olunmağa başladı. Afrika turunun ilk dayanacağı olan Qabonda Makron Fransanın müstəmləkəçilik dövründən sonra Afrika ilə qurduğu əlaqələri ifadə etmək üçün istifadə edilən "Françafrique" siyasətinin artıq sona çatdığını açıqladı. "Yeni Afrika Strategiyası" ilə Afrika ölkələrilə yeni səhifə açmaq istədiklərini bildirən Makron Fransanın qitədəki hərbi bazalarının sayını azaldacağını və afrikalılara məxsus mədəni sərvətlərin geri qaytarılması üçün işlərə başladıqlarını bildirdi. Lakin bu kimi ifadələr "gözdən pərdə asmaq"dan başqa bir şey deyil. Belə ki, Prezident Makron irqçi və ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkmək, səmimi şəkildə üzr istəmək yerinə hərbi bazaları "azaldır", yeni strategiyalar üzərində çalışır.

"Françafrique" termini ilk dəfə İkinci Dünya müharibəsindən sonra fransız ziyalıları tərəfindən Afrikada təsirini itirmiş fransız müstəmləkə sisteminin yenilənmiş versiyasına istinad etmək üçün istifadə edilmişdir. Heç şübhəsiz, "Françafrique" siyasəti Yelisey Sarayındakı Afrika bölməsinin xarici siyasət sistemini və gizli siyasətlərini özündə cəmləyir. Fransa "Françafrique" siyasəti ilə Afrika ölkələrinin daxili işlərinə hərbi, iqtisadi və ya başqa şəkildə müdaxilə edir və Afrikadakı rejim qüvvələri ilə fransız siyasətçiləri arasında gizli iqtisadi əlaqələrin qurulmasına şərait yaradır.

Fransanın Nanter şəhərində polis tərəfindən 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin qətlə yetirilməsi iqrçi meyillərdən əl çəkməyən bu ölkəni bir daha ifşa edir. Fransa polisinin sadəcə tabesizlik göstərən və heç bir əlavə təhdid yaratmayan yeniyetməni soyuqqanlılıqla qətlə yetirməsi, eyni zamanda ölən gəncin Əlcəzair əsilli olması faktı sadalanan cinayət əməllərini bir daha təsdiq edir. Lakin beynəlxalq insan haqları təsisatları, digər regionlarda uydurma hüquqların carçısına çevrilən ixtisaslaşmış təşkilatlar bu məsələni görməzdən gələrək bu cür bəşəri cinayətlərə ortaq olurlar.

Nurlan ABDALOV,

"Respublika".