Ölkəmizi dünyaya birləşdirən strateji əhəmiyyətə malik BTC
İqtisadiyyat

Ölkəmizi dünyaya birləşdirən strateji əhəmiyyətə malik BTC

1999-cu il noyabrın 18-də xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalanıb

1994-cü ildə imzalanan "Əsrin müqaviləsi"ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə görə müqavilənin imzalanması ulu öndər Heydər Əliyevin neft strategiyasının, ümumilikdə isə Azərbaycanın qələbəsi idi. Məhz buna görə, Azərbaycan dünya birliyində siyasi və iqtisadi cəhətdən müstəqil ölkə kimi tanınır və qəbul olunur.

Neft kimi strateji xarakter daşıyan sərvətə malik ölkələrin əhalisi heç də həmişə xoşbəxt tale yaşamır. Dünyada neftlə zəngin ölkələr yetərincə olsa da, bu dövlətlərin heç də hamısı təbii ehtiyatlarını öz məqsədləri üçün istifadə edə bilmirlər. Çünki neft yataqlarına sahib olan bir sıra dövlətlər böyük güclərin təsir dairəsinə düşərək vətəndaş müharibəsi meydanına çevrilir. Xüsusilə, Yaxın Şərq ölkələrində belə hallar olduqca çoxluq təşkil edir. Amma Heydər Əliyevin siyasi səriştəsi hesabına respublikamız və xalqımız özünün təbii sərvətlərinin sahibi ola bildi. Həmin ölkələrdən fərqli olaraq bu gün Azərbaycanın karbohidrogen ehtiyatları vətəndaşların sosial rifahının yüksəldilməsinə, iqtisadiyyatın inkişafına, Ordumuzun güclənməsinə xidmət edir.

Bu mərhələnin başlanğıcı yeni neft strategiyasının əsasını təşkil edən "Əsrin müqaviləsi"nin imzalanması ilə həyata keçmişdir. Məhz "Əsrin müqaviləsi" reallaşdıqdan sonra Azərbaycan beynəlxalq əlaqələrini genişləndirərək dünyaya açıla bildi.

"Gülüstan" sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü"nə dair müqavilə imzalandıqdan sonra qarşıda daha bir çətin hədəf dururdu. Neftini hasil edən respublikamız vacib bir işi də yoluna qoymalı, hasil olunan neftin xaricə daşınması üçün boru kəmərlərinin çəkilməsini təmin etməli idi.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan qısa müddətdə Avropaya neft ixrac edən ölkəyə çevrildi. Öncə 1997-ci ildə Xəzər sahillərindən neftin Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixracına başlanıldı. Lakin bu kəmər neftin daşınmasında yetərli olmadığından 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkildi. 1999-cu ilin sonlarında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker bu xətt vasitəsilə dünya bazarlarına çıxarıldı.

Lakin Azərbaycan neftinin iki xətt - Bakı-Novorossiysk, Bakı-Supsa ilə daşınması istənilən nəticəni vermirdi və əsas ixrac boru kəmərinə ehtiyac yaranırdı. Beləliklə, ümummilli lider Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutunun yaradılması ideyasını irəli sürdü. Layihənin zəruriliyi tərəfdaş ölkələr tərəfindən də dəstəkləndi. Bu məqsədlə 1998-ci ildə Trabzonda toplanan Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan olacağı ilə bağlı razılığa gəldilər. Nəticədə 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalandı.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan BTC kəmərinin tikintisinə 2003-cü ilin aprelində başlanılıb və 2005-ci ilin aprelində inşaat işləri başa çatıb. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə BTC boru kəmərinin Azərbaycan hissəsinin açılış mərasimi olub. Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istismara verilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan terminalına çatdırılıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker Ceyhandan yola düşüb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində BTC Əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi olub.

2007-ci il iyunun 16-da Qazaxıstan da rəsmən BTC layihəsinə qoşulub. Həmin gün Qazaxıstan və Azərbaycan prezidentləri Almatıda Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisi üzərindən BTC sistemi vasitəsilə beynəlxalq bazarlara daşınmasına dəstək və yardım haqqında Müqavilə imzalayıblar. Bu sənəd Qazaxıstan neftinin nəqlinin BTC vasitəsilə davam etməsi üçün onun daşınması üzrə Aktau-Bakı sisteminin yaradılmasını nəzərdə tuturdu.

Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, eləcə də region və Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bu layihə həm də ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasında, bölgənin lider dövlətinə çevrilməsində əhəmiyyətli rol oynayır.

Musa BAĞIRLI,

"Respublika".