Ombudsman Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirini qəbul edib
Digər xəbərlər

Ombudsman Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpı qəbul edib.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı Ombudsman qonağa fəaliyyəti haqqında geniş məlumat verib, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən mülki yaşayış yerlərinə edilən hücumlar zamanı baş verən dağıntılar və insan tələfatı ilə bağlı həyata keçirdiyi faktaraşdırıcı missiyalar  və onlar əsasında hazırlanan xüsusi hesabatlardan danışıb. Qeyd olunub ki, münaqişənin bitməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərə Ermənistan tərəfindən vaxtilə yüz minlərlə piyada və tank əleyhinə minaların basdırılması və onların xəritələrinin verilməsindən hələ də imtina edilməsi məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında ciddi çətinliklər törədir.      

Səfir Ceyms Şarp öz növbəsində səmimi qəbula və təsisatın fəaliyyəti, görülən işlərlə bağlı müfəssəl məlumata görə Ombudsmana öz təşəkkürünü bildirib. İnsan hüquqlarının səmərəli müdafiəsi, qanunun aliliyinin təbliği sahəsində Ombudsman təsisatı ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.