Müslüm sonu olmayan melodiyadır...
Tarixi şəxsiyyətlər

Müslüm sonu olmayan melodiyadır...

Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan,

Anamın anasısan, Azərbaycan!

Bakı ... Dahi bir sənətkarın doğulduğu və "Əlvida, Bakı..." deyərək vidalaşdığı şəhər... 1955-1956-cı illərdə filarmoniya binasının qərar tutduğu bağda təsviri sənət dərnəyi fəaliyyət göstərirdi. Burada məşğul olan məktəblilər arasında hündürboylu, arıq bir oğlan da var idi. Eyni zamanda Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyurdu bu oğlan. Müəllimləri onun yaxşı fırça ustası olacağını söyləyirdilər. Amma... Doğrudur, bir neçə il sonra o təkcə ölkəmizdə deyil, bütün dünyada məşhur sənətkar kimi tanındı, fəqət fırça ustası və ya heykəltaraş kimi yox, bənzərsiz vokalçı kimi... Sonralar Müslüm Maqomayev deyəcəkdi: "Mənim başqa sənətə keçməyim rəngkarlıq janrına "xəyanət" kimi düşünülməməlidir. Heykəltaraşlığı, təsviri sənəti əvvəlkitək sevirəm. Asudə vaxtlarımda müxtəlif lövhələr, portretlər, mənzərələr çəkirəm...".

Onun bütün həyatı belə keçirdi, bir tərəfdə piano, not vərəqləri, digər tərəfdə isə fırça, molbert, kətan, rənglər... Bura musiqiçinin iş otağımı, yaxud rəssamın emalatxanasımı, demək çətin idi. İki dünya qovuşurdu bir otaqda, musiqi və təsviri sənət dünyaları. Bəlkə də belə yaxşı idi, gözəl mənzərə təsviri yaradan musiqi yaxud musiqi ətirli mənzərələr...

O mənzərədə dəniz sanki öz sahilini qısqanırdı adamlara, səs-küylə hücuma keçir, bir qədər sonra boşalır, hirslə sahilə çırpılırdı... Haradansa bir nəğmə eşidilirdi. Müslüm oxuyurdu, oxuduqları sanki bir gül çələngi idi, bir-bir qoxla, ciyərlərinə çək: qızılgül, ətirşah, zanbaq... "Bakı, Bakı, mənim doğma şəhərim", - deyirdi. Bütün şəhər oxuyurdu... Müslüm sənətinin sehri, cazibəsi belə idi...

Özü haqqında danışan Müslüm deyirdi: "Mən də hamı kimi uşaq olmuşam... Azərbaycan mənim doğma yurdumdur. Burada təhsil aldım, seçdiyim sənət yolunda ilk uğurlu çıxışlarım oldu... sonra lap gənc yaşlarımda Moskvaya köçdüm və bundan üzü bəri şöhrət zirvəsinə qalxa bildim. Təbii ki, Bakıdakı evimiz, doğma həyətimiz, Dənizkənarı sahil, şıltaq Xəzərin coşqun ləpələri həmişə xatirimdədir. Mən dünyanın saysız-hesabsız şəhərlərində olmuşam. Amma Bakının hərarətini, gözəlliyini bunların heç birinə dəyişmərəm. Bakı - əvəzsiz bir yurd yeridir mənimçün. Bakı - uşaqlığımın və gəncliyimin şəhəridir".

Uşaq çağlarında müğənni olmağı heç ağlına da gətirmirdi, özü demişkən babasının yolunu tam mənası ilə davam etdirərək bəstəkar və dirijor kimi tanınmaq istəyirdi. Elə ilk melodiyasını da beş yaşında yaratmış və bunu ömrü boyu yaddaşında həkk etmişdi. Çox sonralar həmin melodiyanın əsasında "Bülbülün zamanı" mahnısı ərsəyə gəlmişdi.

1962-ci il... Bu ilin yayı Müslümün yaddaşında əbədi iz qoydu. Belə ki, Finlandiyanın paytaxtı Helsinkidə gənclərin və tələbələrin VIII Ümumdünya festivalına Tofiq Əhmədovun rəhbərliyilə Azərbaycan televiziyası və radiosunun estrada orkestri də dəvət almışdı. Müslüm yeganə solist kimi Azərbaycanı təmsil edirdi.

Bu festival gənc müğənni üçün bir sınaq idi və o, "Ruslar müharibə istəyirlərmi?", "Buhenvald harayı", habelə "Bax, ay necədir", "Əvvəlki kimi" italyan mahnıları ilə bu sınaqdan çox uğurla çıxdı, Bakıya qızıl medalla qayıtdı. Festivaldan bir neçə gün sonra SSRİ-nin ən nüfuzlu "Oqonyok" jurnalının təzə nömrəsi çapdan çıxdı. Jurnalın üz qabığını Müslümün portreti bəzəyirdi. Bütün ölkə ondan danışırdı...

Müslüm vətənpərvər ifaçı idi, doğma yurdunu, onun özəlliklərini vəsf edən gözəl, monumental, melodik mahnılar ifa etmək istəyirdi. O zaman Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısı üzərində dayansa da, onu öz tərzində oxudu, mahnının müəllifinin sürətli tempinin əksinə, onu aşağı tempdə ifa etdi:

Qoy mən yenə söhbət açım öz baharımdan,

Nəğməm ilə bir də keçim öz diyarımdan...

Bənzərsiz bir ifa alınmışdı, Müslüm sənətinin novatorluğunu, qüdrətini bir daha aydınlığı ilə nəzərə çarpdırırdı.

İllər sonra Müslüm oxumasının pərəstişkarları onun ifasında daha bir "Azərbaycan"la qarşılaşdı. Bu, Xalq şairi Nəbi Xəzrinin sözlərinə müğənninin özünün bəstələdiyi mahnı idi. Yurdumuzun romantik vəsfi, ecazkar ifaçılıq tərzi, əla harmonik bitkinlik, melodiya şirinliyi, ritm gözəlliyi "Azərbaycan"ı milyonlara sevdirdi:

Ömrümün mənasısan,

Qardaşlıq dünyasısan,

Anamın anasısan, Azərbaycan!

Ondan sonra elə bir təntənəli konsert gecəsi, elə bir qastrol səfəri olmadı ki, Müslüm orada "Azərbaycan"ı səsləndirməsin. O, sadəcə mahnı ifa etmir, bütünlükdə odlar yurdunu tamaşaçıya, dinləyiciyə sevdirə bilirdi. "Azərbaycan" onun ən möhtəşəm konsert proqramının vizit kartı idi.

Müğənni isə özünə çox tənqidi yanaşır və yazırdı: "Özünənəzarət, özünədəyərvermə - yaradıcı adamın ikinci naturası olmalıdır. İşıq üzü görmüş albomlarının sayı ilə öyünənləri anlaya bilmirəm. Axı, say və keyfiyyət ayrı-ayrı şeylərdir. Bəzən çoxdan lentə alınmış mahnıma qulaq asanda düşünürəm: "Kaş indiki müdrikliyim o zaman olaydı. Yəqin mahnı başqa tərzdə səslənərdi"... Qulağım eşidə-eşidə məni böyük müğənni adlandıranda düzü, sıxılır, özümü həm zahirən, həm də daxilən rahatsız hiss edirəm...".

Repertuarında saysız-hesabsız xalq nəğmələri, bəstəkarların vokal əsərləri, romansları mühüm yer tuturdu. Hətta Bülbül, Rəşid Behbudov, Firəngiz Əhmədova kimi müğənnilərin öz möhürlərini vurduqları vokal nümunələrini belə repertuarına daxil etməkdən çəkinmirdi, çünki onlara yeni nəfəs, ruh verəcəyinə, əmin idi: "Sənsiz", "Sevgili canan", "Arzu", "Zibeydə", "Sənə də qalmaz", "Laylay" və s. əsərlər bu taleyi yaşadı. Müslüm orijinal yanaşma bacarığı ilə o əsərlərin misilsiz bədii siqlətini daha qabarıq şəkildə önə çəkə bildi, onlara öz möhürünü vurdu.

Müslüm dünya səhnəsini fəth etməyi bacarırdı. 1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən estrada mahnılarının IX Beynəlxalq festivalında möhtəşəm uğur qazandı, elə oradaca Parisdə çıxış etməyə dəvət aldı. Bu, onun Fransaya dördüncü səfəri idi. O əvvəllər də olduğu kimi, bu dəfə də Parisi mat qoydu...

"La Skala"da təcrübə məşğələləri isə müğənniyə klassik operaların mükəmməl ifaçısı olmağa zəmin yaratmışdı. Onun Fiqarosu da, Skarpiası da dünya səhnələrində məhəbbətlə, ehtirasla qarşılanırdı. Çünki opera səhnələrində "Sevilya bərbəri", "Toska" operalarının tamaşaları ilə o, əsl möcüzə yaradırdı. Bu məktəbdə cilalanan onun məxməri baritonu eyni uğurla həm opera, həm estrada repertuarında kamilliyə çatmışdı.

Bu səsin gücü son illər daha bir möcüzə yaratdı. Sevil Əliyevanın "Ana" mahnısı onun ifasında dünyadan köçmüş "bütün analar haqqında elegiya" statusunu qazandı. Sözlə ifadə edilə bilməyəcək qədər ülvi duyğuları, anasızlığımızın acılarını pıçıldayırdı qulaqlarımıza sanki Müslüm. Bilmirəm niyə, amma mənə elə gəlirdi ki, bu böyük dünyada, milyonlarla adamın arasında, yüz minlərlə insanın sevgi selində gizlicə özünün tənhalığını, yalqızlığını da çatdırmaq istəyirdi:

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar

Gülərüzlü, qaragözlü, anam.

Hara getsəm gözün mənə baxar.

Uşaqlığında anasından ayrı yaşamağının ağırlığının, çətinliyinin ifadəsi idi bəlkə də...

Son illər səhnədən uzaqlaşmışdı. Şöhrətinin, demək olar ki, uca zirvəsində, güclü səsinin gənclik təravətini qoruyub saxladığı bir məqamda verilən bu qərar insanı düşünməyə vadar edirdi. Doğrudur, çox qürurlu idi. Səbəb yalnız qürurluluq deyildi, burada bir ağrı-acı da vardı. O dövrdə "Komsomolskaya pravda" qəzetinə müsahibəsində, səhnə ilə vidalaşmağının səbəbini belə izah etmişdi: "Səsimi, gücümü itirdiyimi görməmək istəyiylə. İndi mən çox da sağlam deyiləm. Bunun səbəbi də odur ki, səhnədən aralanandan sonra, çox şey dəyişdi. Belə təəssüratım var ki, dünya da dəyişib. Bəlkə də bu, bir az kədərli səslənir. Amma mənə elə gəlir ki, bu dünyada bir az yubanıb qalmışam".

Beləcə, Müslüm özünü səhnəsiz, səhnəmizi Müslümsüz qoydu. 2008-ci il oktyabrın 25-də Müslümün ölüm xəbəri dünyanın bir çox ölkəsində acı kədərlə qarşılandı. Yoxluğuna inanmasaq da bu acı gerçəklə barışmaq məcburiyyətindəyik. Barışdığımız daha bir gerçək var: böyük sənətləri böyük sənətkarlar yaradır. Elə Müslüm kimi...

İndi mavi Xəzərin sahilində ucaldılan heykəli sanki gecə-gündüz, Müslümün rus şairi Sergey Yeseninin Bakı haqqında şeirinə yazdığı son mahnısını oxuyur:

"Əlvida Bakı, daha səni görməyəcəyəm, Əlvida Bakı, türk mavisi əlvida, Xəzərin dalğalarını da, Balaxanı mayını da qəbir evimə qədər səadət kimi daşıyacağam...".

Zümrüd QURBANQIZI,

"Respublika".