Paris-2024: istismar olunan fəhlələr məhkəməyə müraciət ediblər
Dünya xəbərləri

Paris-2024: istismar olunan fəhlələr məhkəməyə müraciət ediblər

Paris-2024 Olimpiya şəhərciyinin tikintisində işləyən 10 sənədsiz işçi tikintiyə rəhbərlik edən şirkətdən Bobinyi sənaye məhkəməsinə şikayət edib.

Həmin işçilər Olimpiya şəhərciyində əmək müqaviləsi, ödənişli məzuniyyət olmadan və iş vaxtından artıq işlədiklərini deyərək, özlərini Qətərdə keçirilən futbol üzrə dünya çempionatının tikinti sahələrində çalışan işçilərlə müqayisə edir və istismarın qurbanı olduqlarını bildirirlər.

Bir neçə ildir Fransada yaşayan, əslən Mali və Konqo Demokratik Respublikasından olan bu işçilər səkkiz subpodratçı şirkətdən, eyni zamanda işlədikləri ərazilərin “Vinci”, “Eiffage”, “Spie Batignolles” və “GCC” kimi dörd tikinti nəhənginin rəhbərindən hesabat istəyirlər. Qeyd edirlər ki, hamı onların sənədsiz olmasından xəbərdardır. İşçilərdən biri dizi ağrıdığına görə icazə istədiyini, lakin müdirin ona “bazar ertəsi işə çıxmasan, əşyalarını götür get” deyə sərt şəkildə cavab verdiyini açıqlayıb. Ağrılarına baxmayaraq, işləməyə məcbur olmuş həmin fəhlə Fransanın tənqid etdiyi Qətərdən çox pis olduğunu deyib.

Olimpiya şəhərciyində işləyən fəhlələr tikintidə təhlükəsizlik vasitələrini belə özləri alırlar. Bu işçilərə məsul olan həmkarlar ittifaqı da etiraf edib ki, siyasi tələb var, Olimpiya şəhərciyi vaxtında və müəyyən edilmiş müddətdə təhvil verilməlidir. Buna görə də aidiyyəti şirkətlər bütün qanuni və qeyri-qanuni vasitələrdən istifadə edirlər. Haqqı tapdalanan belə fəhlələrin sayı yüzdən çoxdur.

Parisdəki Olimpiya şəhərciyinin tikintisində istismar olunan fəhlələr oktyabrda Bobinyi sənaye məhkəməsində dinləniləcək.

Qeyd edək ki, bir il əvvəl əmək müfəttişliyi tərəfindən aparılmış yoxlama zamanı Olimpiya kəndi ərazisində sənədsiz miqrantların olduğu üzə çıxıb. Bobinyi prokurorluğu “əcnəbilərin sənədsiz işə götürülməsi” və “gizli işlərlə məşğul olan mütəşəkkil dəstə tərəfindən idarə edilməsi” ilə bağlı istintaqa başlayıb.