Paşinyanın iki stulda oturmaq cəhdi
Siyasət

Paşinyanın iki stulda oturmaq cəhdi

Taleyi xarici qüvvələrin əlində olan, müstəqil siyasət apara bilməyən Ermənistanın bugünkü vəziyyəti çox acınacaqlıdır. Ölkəmizin uğurlu qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın hələ də sülh müqaviləsini imzalamaması onları daha da uçuruma aparır. Qeyd edək ki, Vətən müharibəsi başa çatdıqdan sonra sülh təşəbbüsləri məhz Azərbaycan tərəfindən başlanılıb və ölkəmiz həmişə Qafqazda sülh, sabitlik və əməkdaşlıq perspektivlərinə sadiq qalıb. Ötən 3 il ərzində, əvvəlki 30 illik dövrdə olduğu kimi, Ermənistan davamlı olaraq özünün havadarlarına və onların şirin vədlərinə güvənərək sülh prosesindən davamlı şəkildə yayınıb. Azərbaycan üçüncü tərəflər olmadan Ermənistanla ikitərəfli razılaşmalar əldə etməyə çalışır. Zaman isə özünə ziyan vurduğunu hələ dərk etməyən Hayastanın əleyhinə işləyir.

Ermənistan öz gələcəyini milli maraqlarına əsasən deyil, Qərbin ambisiyaları üzərində planlaşdırır. O ölkələr ki, qanlı müstəmləkə keçmişinə malikdir və onların siyasəti yalnız müsəlman əhalisinə qarşı yönəlib. Bəli, hazırda söhbət Fransadan gedir. Avropada ən çox müsəlmanın yaşadığı Fransada hər zaman İslam dininə qarşı təhqirlərin, etirazların şahidi olmuşuq. Rəsmi Paris Qarabağ münaqişəsi tarixə qovuşduqdan sonra regionda vəziyyəti gərginləşdirmək yolunu tutaraq gah münaqişənin həll edilmədiyini bildirir, gah da utanmadan Azərbaycanı işğalçılıq siyasəti yürütməkdə ittiham edir. Əslində keçmişi ləkəli olan Fransadan başqa mövqe gözləməyə də dəyməz. Bununla yanaşı, Fransa və Ermənistan arasında hərbi əməkdaşlıq imzalanıb və Fransa istehsalı olan Bastion çoxfunksiyalı zirehli avtomobillər artıq Ermənistana çatdırılıb. Rəsmi Paris Qərb qonşumuzu silahlandıraraq bölgədə yeni münaqişələr yaratmaq istəyir. Fransanın bu niyyətinə zəmin yaradan Ermənistan isə görünür ki, öz halından məmnundur. Əks təqdirdə, heç bir ölkə yüzlərlə kilometr uzaqlıqdakı dövlətin forpostu olmaq istəməz. Ermənistanın Qərb sevdası onun iqtisadiyyatında süni artım yarada bilər. Lakin unutmamaq lazımdır ki, ən yaxşı illüziyalar məhz Qərbdən çıxır. Ermənistanı məğrur, haqqı tapdanmış, həmçinin iqtisadiyyatını öz gücünə gücləndirmiş dövlət kimi qələmə verən Qərb özü də fərqindədir ki, həqiqət heç də belə deyil. Bunun nəticəsidir ki, ABŞ rəsmisi ötən günlərdə Prezident İlham Əliyevə telefon edib, ölkəsinin "xoş" niyyətlərindən söz açmışdı.

Qeyd edək ki, Fransa kimi, ABŞ da erməni lobbisinin ən fəal olduğu ölkələrdən biridir. ABŞ-ın dəstəyinə ümid etmək, güvənmək yox, onlardan bu dəstəyi tələb etmək həyasızlığı haylar üçün adi hal sayılır. Sanki Ağ Evin onlara heç bir faydası olmayan bir ölkəyə yardım etmək, dəstək vermək kimi bir borcları var. Əslində bunu belə anlamaq olar ki, ABŞ həmin lobbilərə bel bağlayıb. Bəlkə də Ağ Ev seçkilərdə lobbinin səsini qazanmaq üçün Ermənistana dəstəyini nümayiş etdirir. Digər tərəfdən, ABŞ-ın qərəzli bəyanatları sadəcə növbəti seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün qısamüddətli hədəflər olaraq dəyərləndirilə bilər. Bütün bunlarla yanaşı, konqresdə dəfələrlə ölkəmizə qarşı əsassız və qərəzli dinləmələrin keçirilməsi Qərbin anti-Azərbaycan siyasətinin bariz nümunəsidir.

İndi Ermənistanın hansısa ölkəyə güvənərək, arxalanaraq, Qərbin siyasətinə alət olub Rusiyaya qarşı çıxması çox böyük, geosiyasi səhv ola bilər. Maraqlıdır, Qərbə söykənən Ermənistan düşünmədən atdığı bu addımlarla yavaş-yavaş öz sonunu yaxınlaşdırır. Çünki illərdir Rusiyanın himayəsində olan Qərb qonşumuz indi rəsmi Moskvanı saymazdan gəlir. Lakin tamamilə Rusiyadan üz çevirmir. İki stulda eyni anda oturmaq istəyən İrəvanın hansı tərəfə yönələcəyi hələ ki, məchuldur. Amma haylar hansısa bir yolu tutmalı, həmin yolla getməlidirlər. Bunu artıq Qərb də, Rusiya da kəskin şəkildə tələb edir.

Röya RÜSTƏMLİ,

"Respublika".