Paşinyanın sensasion açıqlamaları: Reallıqların qəbulu, yoxsa gözdən pərdə asmaq?
Siyasət

Paşinyanın sensasion açıqlamaları: Reallıqların qəbulu, yoxsa gözdən pərdə asmaq?

Bu gün rəsmi İrəvanın nə zaman hansı addımı atacağı sual altındadır. Sözdə sülh tərəfdarı olduğunu deyən Paşinyan gah prosesə əngəl olur, gah da sensasion açıqlamaları ilə beynəlxalq ictimaiyyətin fikrini qarışdırır.

Belə ki, Ermənistanın baş naziri noyabrın 16-da parlamentdə dövlət büdcəsinin müzakirələri zamanı deputatlara Qarabağla bağlı bir sıra həqiqətləri etiraf edib. Təəccüblü görünsə də, Paşinyanın söylədikləri Ermənistanın özündən əvvəlki dövlət başçılarının indiyə qədər cürət edib deyə bilmədikləridir. Baş nazir qeyd edib ki, 1996-cı ildə ATƏT-in  Lissabon sammitində əslində Qarabağ məsələsi bağlanmışdı. Çünki Ermənistan hakimiyyəti sözügedən sammitə qədər işğal altında saxladığı Azərbaycan torpaqlarında qanunsuz hərbi birləşmələrə qanuni don geyindirə biləcəyini ümid edirdi. Lakin rəsmi Bakı ermənilərin bu planını fiaskoya uğratdı.

Əslində Paşinyanın bu çıxışı onun saxta iddialardan bezdiyinin göstəricisi kimi də qəbul oluna bilər. Paşinyan deyib ki, Qarabağ məsələsi erməni dövlətçiliyinin möhkəmlənməsinə qarşı alət kimi istifadə olunurdu. Hətta Ermənistan baş naziri sonrakı illərdə yaşanan hadisələrə də bu rakursdan yanaşıb.

Paşinyan etiraf xarakterli bu nitqində xaricdəki erməni lobbisi ilə yanaşı, Qərbə də ismarıc verib. Bildirib ki, Lissabon sammitindən sonra Qarabağ məsələsində istədiyimizə nail olmaq qeyri-mümkün idi. Amma qapalı görüşlər zamanı bir sıra güclər Ermənistanı Qarabağ məsələsi ilə bağlı istəklərinin mümkün olduğuna inandırır və ruhlandırdı. Nikol Paşinyan 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsi, 2020 və 2023-cü il hadisələrini də Lissabon sammiti ilə əlaqələndirib. Ehtimal olunur ki, Emənistan baş nazirinin bu etirafları bir növ "xəyanət" kimi qiymətləndiriləcək.

Paşinyanın parlament iclasında 1996-cı ildən sonra ikinci erməni dövlətinin yaradılmasının arzu olaraq qalacağını bildirməsi isə növbəti sensasion açıqlama kimi yadda qalıb. Xatırladaq ki, hələ Paşinyandan əvvəl Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da bunu qeyd etmişdi. Petrosyanın taleyi isə hər kəsə bəllidir. Petrosyan Qarabağdan imtina edilib, Azərbaycanla danışıqlara gedilməlidir dediyi üçün zorla istefaya göndərilmişdi.

Bundan başqa, Paşinyan parlamentdə Ermənistanın hərbi xərclərinin iki dəfə artmasının müharibəyə deyil, sülhə hazırlıq olduğunu bəyan edib. Maraqlıdır ki, Paşinyan Azərbaycanın bu ilin sentyabr ayında Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra ilk dəfə Ermənistanın hər hansı bir aqressiv məqsədləri olmadığını diqqətə çatdırıb.

Yaxın zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanması da baş nazirin toxunduğu məsələlər arasında yer alıb. Şübhəsiz, Paşinyanın bu fikirləri də adi bəyanatdan başqa bir şey deyil. Çünki bundan əvvəl də Paşinyan sülh müqaviləsinin imzalanmasına maraqlı olduğunu bildirmişdi. Ermənistan baş nazirinin sözlərinə görə, Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Yeri gəlmişkən, bu prinsiplərə ərazi bütövlüyünün qarşılıqlı tanınması, bir-birinə qarşı ərazi iddiasının olmaması, suverenliyin və yurisdiksiya əsasında regional kommunikasiyaların açılması məsələləri aiddir.

Paşinyan, həmçinin separatçıların hərəkətlərinin bundan sonra məhdudlaşdırılacağını da bildirib. Alen Simonyanın sözlərinə görə, İrəvan separatçıların təşkilatını maliyyələşdirməyi düşünmür. Bütün bunlar Ermənistan rəhbərliyinin uzun illər Azərbaycan tərəfinin söylədiyi həqiqətləri nəhayət ki, qəbul etməyə başladığını deməyə əsas verir.

Nəzrin ELDARQIZI,

"Respublika".