Türk Dəniz Qüvvələrinin savaşa hazırlıq səviyyəsi daha da artacaq
İqtisadiyyat

Türk Dəniz Qüvvələrinin savaşa hazırlıq səviyyəsi daha da artacaq

Türkiyə Hərbi Dəniz Qüvvələrinin analiz, satınalma, sistem və taktiki inkişaf imkanlarını gücləndirəcək Gəmi Döyüş və Effektivlik Qiymətləndirmə Modeli (GEMED)  Layihəsinin qəbul sınaqları uğurla başa çatıb.

Türk müdafiə sənayesində qabaqcıl texnologiyaları inkişaf etdirən STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət (STM), Türkiyə Ordusunu proqram təminatı, eləcə də platforma tikintisi sahəsində milli və innovativ sistemlərlə təchiz etməyə davam edir.  ''TÜBİTAK SAVTAG 1007'' proqramı çərçivəsində STM və tərəfdaş qurumlar tərəfindən hazırlanmış Gəmi Döyüşü və Effektivliyin Qiymətləndirilməsi (GEMED) Model Layihəsinin qəbul sınaqları artıq tamamlanıb. Simulyasiya əsaslı olaraq inkişaf etdirilən GEMED, Türkiyə Hərbi Dəniz Qüvvələrinin döyüş platformalarının effektivliyini qiymətləndirə, eləcə də taktiki inkişaf, dizayn və satınalma qərarlarında dəstəyi təmin edə biləcək.

STM mühəndisləri tərəfindən hazırlanan GEMED döyüş effektivliyinin qiymətləndirilməsi, qərarların dəstəklənməsi və gəmi dizayn-modernləşdirmə təchizatı üçün istifadə olunur. Simulyasiya mühitində dəniz, hava və sualtı əməliyyatlar üçün 40-dan çox missiya tətbiqi həyata keçirilib. İstifadəçi yaratdığı ssenarilərdə fərqli platforma sistem konfiqurasiyaları, qərar mexanizmləri və davranışları üçün fərqli ətraf mühit şəraitində eksperimental dizaynla birdən çox qaçış həyata keçirə və çox kriteriyalı qərar vermə üsulları ilə simulyasiya nəticələrini təhlil edə bilir.

Bununla bağlı açıqlama verən STM baş direktoru Özgür Güleryüz, STM-in simulyasiya və qərar dəstəyi həllərində əhəmiyyətli təcrübəyə malik olduğuna diqqət çəkərək deyib: "Bir tərəfdən Dəniz Qüvvələrimizi müasir və milli platformalarla gücləndiririk, digər tərəfdən isə STM olaraq platformalarımıza və qərargahımıza zəka əlavə edəcək proqram təminatı inkişaf etdiririk. Simulyasiyaya əsaslanan qərar dəstəyi həlli olaraq inkişaf etdirdiyimiz GEMED ilə Dəniz Qüvvələrimizin döyüş platformalarının döyüş effektivliyi qiymətləndiriləcək və taktiki inkişaf, dizayn və satınalma qərarlarında qüvvələrimizə elmi qərar dəstəyi verəcək. GEMED Layihəsi çərçivəsində 100-ə yaxın döyüş elementi və alt sistemin modellərini hazırladıq. GEMED-in platforması, sensoru, silahı və qarşı tədbir modelləri sayəsində yerüstü, sualtı və hava əməliyyatları üçün effektivlik analizləri həyata keçirilə bilər. Beləliklə, döyüş ssenarilərinin təhlili meydandan əvvəl simulyasiya mühitində dəfələrlə təkrarlana bilər. GEMED sayəsində Dəniz Qüvvələrimiz döyüş hazırlığı səviyyəsini maksimuma çatdıracaq".

Onu da qeyd edək ki,  Türkiyənin LHD platformalarında uçuş və eniş üçün nəzərdə tutulmuş "Baykar"ın milli və yerli imkanlarla inkişaf etdirdiyi ilk silahlı pilotsuz uçuş aparatı (SİHA) olan "Bayraktar TB3",  bu günlərdə ilk uçuşunu uğurla həyata keçirib. İlk hərbi amfibiya gəmisi "TCG Anadolu", silahlı və silahsız uçuş aparatları, ilk hərbi təyyarə "Kızılelma", eləcə də "Bayraktar TB3" Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə hədiyyə kimi dəyərləndirilir.

Qatlana bilən qanad quruluşuna malik olan ''TB3 SİHA'', ''TCG Anadolu'' kimi qısa uçuş-enmə zolağına sahib gəmilərindən qalxıb-eniş etmə qabiliyyətinə sahib ilk dünyanın silahlı pilotsuz uçuş aparatıdır. O, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttindən aralıda olmasına baxmayaraq, əlaqə qura bilmə qabiliyyətinə sahib olacaq. SİHA qatlana bilən qanadlara, SATCOM faydalı yükünə, 1450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma vaxtına, altı ədəd silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.  Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin gücünə əhəmiyyətli təsir göstərəcək.

Xatırladaq ki, "Kızılelma" pilotsuz təyyarəsinin 2025-ci ildə, "Bayraktar TB-3" PUA-sının isə 2024-cü ildə istifadəyə veriləcəyi bildirilir.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.