Qarabağ separatçılarının başqa yolu yoxdur
MÜSAHİBƏLƏR

Qarabağ separatçılarının başqa yolu yoxdur

İyunun 1-də qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ümumiyyətlə, son dövrlərdə Ermənistan tərəfinin hərbi fəaliyyətində aktivlik müşahidə olunur. Belə ki, rəsmi İrəvan Kəlbəcər istiqamətində Azərbaycanla şərti sərhədə zirehli texnikalar və əlavə qüvvələr yerləşdirir. Bu isə növbəti təxribatlara hazırlıq kimi başa düşülə bilər. Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, ermənilərin son günlərdə atəşkəsi pozması, eləcə də həyata keçirdiyi digər təxribatlar regiondakı gərginliyi artırmağa hesablanıb: "Düşünürəm ki, son günlər atəşkəs rejimini bir neçə istiqamətdə pozmaqla, o cümlədən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi bölgədə həyata keçirdikləri təxribatlarla onlar görüşlər öncəsi yenə də vəziyyəti gərginləşdirməyə, həm də müəyyən tapşırıqları yerinə yetirməyə çalışırlar. Bütün bunların qarşısını almaq üçün Azərbaycan ordusu qabaqlayıcı tədbirlər görür.

Digər tərəfdən, separatçı rejim daxilində də vəziyyət sabit deyil. Separatçıların hazırkı rəhbərliyi ilə qondarma qurumun sabiq müdafiə naziri Samvel Babayan arasında qarşıdurma olduğu açıq-aşkar görünür. Qondarma rejimdə baş verənlərdən belə nəticəyə gəlmək olar ki, separatçılar arasındakı hakimiyyət davasını həll edəcək yeganə qüvvə Azərbaycan Ordusudur. Artıq ermənilər tərəfindən sözügedən rejimin təslim olması ilə bağlı müxtəlif ssenarilər səsləndirilir. Xüsusilə Azərbaycan Prezindetinin Laçındakı çıxışdan sonra Qarabağ erməniləri təslim olmaqdan başqa çıxış yollarının qalmadığının fərqindədirlər".

Jalə QASIMZADƏ,

"Respublika".